Dünya boyunca “Gülen məktəbləri” üzərinə hücum

Qırğızıstanda Fethullah Gülenə bağlı məktəblərdə qırğızca, ingiliscə və türkcə dərslər keçirilir
Image caption Qırğızıstanda Fethullah Gülenə bağlı məktəblərdə qırğızca, ingiliscə və türkcə dərslər keçirilir

"Bu həqıqətən də kədərlidir və yanlışdır ki, onlar bizim terrorçu olduğumuzu düşünürlər. Biz terrorçu deyilik" - deyir İndoneziya paytaxtı Cakartadakı elit Xarisma Banqsa məktəbinin zəkalı və savadlı 6-cı sinif şagirdi Çilla.

Ötən iyulun ortalarınadək onun yeganə qayğısı tibb məktəbinə daxil olmaq üçün kifayət qədər bal toplamaq idi.

Amma indi Çilla və onun şagird yoldaşları onların məktəbini terrorçu təşkilatla bağlayan Türkiyənin ittihamlarını başa düşmək istəyirlər.

Xarizma Banqsa Ankaranın Fethullah Gülenlə bağlı olduğunu iddia edərək bağlanmasını istədiyi 9 İndoneziya məktəbindən biridir.

Türkiyə iyulun 15-də 270 nəfərin ölümü ilə nəticələnmiş çevriliş cəhdinin arxasında məhz Amerikada yaşayan müsəlman vaiz Ferthullah Gülenin durduğunu bildirir.

Hökumət iddia edir ki, Gülen məktəbləri geniş və xəlvəti Gülen hərəkatı şəbəkəsinin bir hissədir. İddialara görə bu hərəkat öz davamçılarını dövlət təsisatlarında yerləşdirməyə çalışıb.

İttihamlar Almaniyadan tutmuş Əfqanıstana qədər onlarca ölkədə Türkiyə ilə əlaqəsi olan məktəblərə qarşı yönəlib və minlərlə uşağın təhsil gələcəyini qeyri-müəyyənlik qarşısında qoyub.

Məktəbləri müdafiə edənlər deyirlər ki, bunlar öz aralarında zəif bağlara malik olan, lakin eyni dəyərləri bölüşən və elmi kamilliyə can atan məktəblərdir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Keniyada fəaliyyət göstərən "Gülen məktəbi"

BBC dünya Xidmətinin 10 ölkədə şagirdlər, valideynlər, müəllimlər və rəsmilərlə apardığı müsaibələrdən aydın olub ki, məktəbləri ümumi cəhətlər birləşdirsə də, onlar xeyli müstəqil fəaliyyət göstərirlər. Onların hamısı təzyiq altında olduqlarını hiss edirlər.

Gülen məktəbi nə deməkdir?

Bu məktəblərin ümumi bir brend adı yoxdur.

Pakistanda onlara PakTürk liseyləri, Qırğızıstanda Sebat və ya Mətanət, Keniyada isə İşıq akademiyaları deyirlər.

Məktəblərin əksəriyyəti Türkiyə və yerli biznes və təşkilatların müştərək təşəbbüsü kimi yaradılıb, lakin İndoneziya və Qırğızıstan kimi ölkələrdə bu məktəblərin işində Türkiyə tərəfi birbaşa iştirak etmir.

Fotonun müəllifi AP
Image caption Türkiyədə 15 iyul çevrilişə cəhdin ardından hökumət Gülen məktəblərini qapatmaq üçün cəhdlərini artırıb

Yerli və türkiyəli tərəfdaşlar Fethullah Gülenin heyranları olsalar da, rəsmən ona bağlı olmadıqlarını deyirlər.

"Gülen məktəblərini, bizneslərini və ya qəzetlərini ümumən belə adlandırırlar… çünki onların sahibləri və ya rəhbərləri Fethullah Güleni özlərinin ruhani lideri və ilham mənbəyi hesab edirlər - deyir Türkiyə alimi Bayram Balcı, - Burada birbaşa və açıq əlaqə və ya sahiblik yoxdur. Buna görə də hər hansı qurumun hərəkata bağlı olub-olmadığını və ya nə dərəcədə bağlı olduğunu demək çətindir".

Birləşmiş Ştatlarda Gülenlə bağlı məktəblərin adından danışan Alp Aslandoğan deyir ki, hərəkatın daxilində bir neçə sosial şəbəkə mövcuddur: "Hərəkata bağlı olduqları söylənən bu məktəblərin təməli bu şəbəkələrə mənsub insanlar tərəfindən qoyulub".

Məktəblərin etik məramı

Fethullah Gülenin davamçıları hərəkatı "Hizmet" adlandırırlar və bura daxil bütün məktəbləri ortaq etik normalar birləşdirir.

"Müəllimlər xüsusi diqqəti uşaqlarda xarakterin yetişdirilməsinə, mənəviyyata və intizama yönəldirlər" - deyir Xarizma Banqsa məktəbindəki şagirdlərdən birinin anası Rozi.

Fotonun müəllifi AP
Image caption Türkiyə ABŞ-dan Fethullah Gülenin ekstradisiyasını tələb edir

Burada həm də elmin təhsilinə güclü diqqət var.

Nayrobidən Qəndəharadək məktəblərin internet saytlarında şıq uniformalarda olan şagirdlər, yaxşı təchiz olunmuş elmi laboratoriyalar, kompüter otaqları görünür.

"Uşaqlar hər gün gündüz 3-dək oxuyurlar. Bundan sonra onların əlavə dərsləri, dərnəkləri və ev tapşırıqları var, - deyir Qırğızıstandakı türk məktəbi şagirdinin anası Baktigül, - Axşam saat 9-da onlar çay süfrəsinə əyləşir, düz saat 10-da isə yatmağa gedirlər".

2009-cu ildə Ruysiyanın Kazan şəhərindəki türk liseyindən məzun olmuş Maksim Urazayevə görə "orada intizam ordudakından daha sərtdir".

Məktəblər Gülenə nə qədər yaxındır?

Məktəb direktorları BBC Dünya Xidmətinə bildiriblər ki, məktəblər hərəkatın struktutruna daxil deyil.

Qırğızıstanda 21 Sebat məktəbinə başçılıq edən Nurlan Kudaberdiyev deyir ki, məktəblər qeyri-rəsmi Gülenə bağlıdır, çünki bu, onun ideyası olub.

"Lakin artıq onun tərəfindən heç bir birbaşa təsir və ya sponsorluq yoxdur" - deyə israr edir Kudaberdiyev.

Image caption İndoneziyanın paytaxtı Cakartada oxuyan Çilla tibb təhsili almaq istəyir

Hələ Türkiyə hökumətinin bu məktəbləri bağlamağa çalışmasından əvvəl başqa ölkələr məktəblərin xarici əlaqələrinə görə yaranmış şübhələrlə əlaqədar öz tədbirlərini görüblər.

2000-ci ildə Özbəkistan orada fəaliyyət göstərən Gülenlə bağlı bütün məktəbləri bağlayıb. Rusiyada da 2008-ci ilədək 50 məktəblə bağlı eyni addımlar atılıb. İndi türkdilli Tatarıstan Respublikasında 7 məktəb qalır və onlar da tam olaraq Təhsil Nazirliyinin tabeçiliyindədir.

Dünyəvi, yoxsa din əsaslı?

Məktəblər özlərini dünyəvi, dözümlülüyü və dinlərarası dialoqu təbliğ edən qurumlar kimi təqdim edir.

"Bu məktəbdə olduğum 5 il ərzində mən bircə dəfə də olsun, nə Quran gördüm, nə də İncil" - deyir Kazan şəhərindən Maksim Urazayev.

Lakin Rusiyada və başqa yerlərdə bu məktəbləri tədrisdən kənarda məxfi dini qruplar yaratmaqda ittiham ediblər.

Bir çox keçmiş sovet ölkələrində bu məktəblərin dini fəaliyyətlərindən dərin şübhələr olub.

Image caption Kazandakı Gülenə bağlı məktəblərdən məzun Maksim Urazayev təhsilin çox qatı olduğunu deyir

Tatarıstandan olan keçmiş müəllim "məxfi toplanışlar" barədə söz-söhbətləri təkzib etsə də, BBC Dünya Xidmətinə deyib ki, uşaqlar istəsələr namaz qıla və müəllimləri ilə din barədə söhbətlər edə bilirdilər.

Keniyada keçmiş şagirdlər bizə Fethullah Gülenin onlara verilmiş kitablarını göstərdilər.

Qırğızıstanda 15 yaşlı Zeynal deyir ki, uşaqlara bəzən İslama aid videolar göstərilib.

Lakin onun anası Baktigül deyir ki, bundan narahat deyil. "Mən hətta onların kitabxabxanasındakı kitabları yoxladım ki, Gülenə bağlı və ya şübhə doğuran ədəbiyyatın olub-olmadığına əmin olum, amma heç nə tapmadım" - deyir valideyn.

Image caption Nurlan Kudaberdiyev Qırğızıstandakı məktəblərin artıq Fethullah Gülenə bağlı olmadığını deyir

Gülen məktəbləri necə yayılıb?

Gülenlə bağlı məktəblər Türkiyədə 1970-ci illərdən fəaliyyət göstərsə də, onlar qlobal fenomenə yalnız son 20 ildə çevriliblər.

Onların genişlənməsində Fethullah Gülenlə 2002-ci ildə hakimiyyətə gəlmiş AKP-nin lideri Recep Tayyip Erdoğanın yaxınlığı əsas rol oynayıb.

Türk dilini öyrədən və Türkiyə mədəniyyətini yayan məktəblər Türkiyənin keçmiş Sovet İttifaqı, Uzaq Şərq və Afrika boyunca mövqe və təsirini bərqərar edib. Türkiyə ötən il təkcə Afrika qitəsinə 6,2 milyard dollarlıq investisiya yatırıb.

Türkiyə yardımının və investisiyalarının əsas hədəflərindən olan Somalidə Gülenə bağlı üç məktəbdə 1000-dək uşaq təhsil alır.

İmkanlar və əlaqələr

Məktəblər əsasən elit ailələrin uşaqlaırnı cəlb etsə də, onlar həm də yoxsul ailələrin uşaqlarına təhsil verir.

Image caption Bişkekdə Zeynal məktəbdən məzun olduqdan sonra tibb təhsili almaq istəyir

Pakistanda uşaqların 25 faizi təqaüd alır, Əfqanıstanda isə az qala 30 faizi.

Yaxşı təhsildən başqa bu məktəblər olimpiadalarda iştirak etmək üçün səyahətə çıxmaq imkanı da verir.

Kabuldan olan əlaçı şagirdlər Uqandada keçirilən riyaziyyat və türk dili yarışlarında, Moqadişodan olan şagirdlər isə Qazaxıstanda keçirlən olimpiadalarda iştirak ediblər.

Məktəblərə görə bu, dostların qlobal şəbəkəsinin yaradılmasına yardım edir.

Ankara isə israr edir ki, Türkiyədə ölümcül hərbi çevriliş cəhdində iştirak etmiş hərəkat bütün dünya boyunca yeni səfərbərləri bax elə bu yollarla cəlb edir.

Təzyiq

Türkiyənin Gülen məktəblərinin bağlanması barədə tələbinə reaksiya müxtəlif olub:

  • Somalidəki üç məktəbin hamısı araşdırılmadan bağlanıb və türkiyəli müəllim heyəti vətəninə qaytarılıb. İndi bu məktəblər yeni müdiriyyərin rəhbərliyi ilə yenidən açılıb. İşə Somali müəllimləri cəlb edilib və maliyyə Tükiyə səfirliyindən gəlir
  • Azərbaycanda Gülenlə bağlı prestijli Qafqaz Universitetinə hökumətin nəzarətində olan yeni menecment rəhbərlik edir
  • Lakin İndoneziyada təhsil naziri Xarizma Banqsa məktəbinə baş çəkəndən sonra buradakı menecmentdən razı qalıb və terrorla əlaqə söhbətinin həqiqət olmadığı qərarına gəlib
  • Qırğızıstanda isə prezident Almazbek Atambayev israr edir ki, "məktəblərdə təhsilin keyfiyyəti yüksəkdir və ölkənin onlara ehtiyacı var"
  • Keniya və Nigeriya da Türkiyənin tələblərini rədd edib
  • Pakistanda 23 türk müəllim işdən qovulub

Pakistanın təhsil naziri Məhəmməd Baliğ ür-Rəhman BBC-nin Urdu xidmətinə bildirib ki, əgər Türkiyə müəllimlərdən əmin deyilsə, Pakistan onların işini davanm etdirməsinə yol verə bilməz.

Image caption Türkiyənin keçmiş prezidenti Abdullah Gül 2009-cu ildə Nayrobidəki İşıq Akademiyasının rəsmi açılışında iştirak edib

Bu mövqe şagird və müəllimləri çətin vəziyyətdə qoyur.

"Bu ağlabatan deyildir ki, müəllimlər vətənlərinə qaytarılsalar təhsilin yüksək standartlarını qoruyub saxlamaq mümkün olacaq" - 28 məktəbə rəhbərlik edən PakTürk fondunun rəhbəri Aləmgir Xan deyib.

Ziddiyyətlər artıq Avropaya da gəlib çatıb.

Hollandiya millət vəkilləri Türkiyənin Anadolu xəbər agentliyinin onların ölkəsindəki 8 ibtidai məktəbin "terrorçu təşkilatla" bağlı olması barədə məlumat yaymasından qəzəbləniblər.

Almaniya rəsmiləri Türkiyə hökumətinin Berlin və Ştutqartdakı məktəblərin təhqiq edilməsi barədə ricasından narahatlıq ifadə ediblər.

Uzaq perspektivdə gələcəklərinin necə olacağından asılı olmayaraq Əfqanıstan kimi ölkələrdə keçmiş şagirdlər artıq ali təhsil səviyyəsinə və təbabət, jurnalistika və biznes kimi sahələrdə peşəkar fəaliyyətə yetişiblər.

Türkiyə isə narahatdır ki, nüfuzlu beşinci dəstə bir gün hakimiyyətin üzərinə qalxa bilər.

Bu arada isə minlərlə uşaq və onların valideynləri ortalıqda qalıblar.

"Bizə hər gün narahat müəllimlərdən zənglər gəlir" - deyir Əfqanıstanda məktəblər şəbəkəsinə rəhbərlik edən Əhməd Fəvvad.

"Mən burada 11 il olmuşam, - deyə bildirir İslamabaddakı PakTürk məktəbinin 6-cı sinfində oxuyan Musuqan, - Bu mənim həyatımın ən gözəl illəri olub. Biz bu məktəbi çox sevirik".

"Əgər Türkiyənin doğrudan da problemi varsa, bizi bura qatmasın, - deyib indoneziyalı şagird Salva, - Biz bura yalnız təhsil almaq və arzularımıza çatmaq üçün gəlmişik".

BBC-nin müəyyən etdiyi Fethullah Gülene bağlı məktəblərin son vəziyyəti:

Hollandiya

Gülenə bağlı məktəblərin sayı: 11

Son vəziyyət: Məktəblər hələ də fəaliyyət göstərir, lakin Anadolu xəbər agentliyi Hollandiyada Gülenə bağlı olduqlarını bildirən şəxs və qurumların adlarını açıqlayıb.

Almaniya

Gülenə bağlı məktəblərin sayı: 14

Son vəziyyət: Məktəblərin hamısı açıqdır, lakin Türkiyə rəsmiləri məktəblərin araşdırılmasını istəyiblər.

Türkiyə

Gülenə bağlı məktəblərin sayı: 1,032, əlavə 15 universitet

Tələbələrin sayı: 135 min, ilk orta, litsey səviyyəsində; 65 min tələbə də 15 universitetdə.

Son vəziyyət: Gülenlə bağlı bütün məktəb və universitetlər bağlanıb. Tələbələr başqa universitet və məktəblərə istiqamətləndirilirlər.

Nigeriya

Gülenə bağlı məktəblərin sayı: 17 və 1 universitet.

Tələbə sayı: 4,700.

Son vəziyyət: Türkiyənin tələblərinə baxmayaraq məktəblər hələ də fəaliyyət göstərir.

Tanzaniya

Gülenə bağlı məktəblərin sayı: 10

Son vəziyyət: Məktəblərin bağlanmasına dair məlumat yoxdur. Türkiyənin bu ölkədəki səfirliyi Facebook vasitəsilə məktəblərin bağlanmasına çağırış edib.

Keniya

Gülenə bağlı məktəblərin sayı: 7

Tələbələrin sayı: 2,000

Son vəziyyət: Bütün məktəblər açıqdır, Türkiyə onların bağlanmasına çağırır.

Somali

Gülenə bağlı məktəblərin sayı: 3

Tələbələrin sayı: 1,000

Son vəziyyət: Çevrilişə cəhddən sonra bütün məktəblər bağlanıb və türk müəllimlər geri göndərilib. İndi məktəblərin somalili müəllimlərlə fəaliyyətini davam etdirdiyi deyilir.

Iraq

Gülenə bağlı məktəblərin sayı: İraqın Kürdüstan bölgəsində ilk və orta təhsil verən məktəblərlə yanaşı bir universitet də daxil olmaqla 37 təhsil müəssisəsi var.

Tələbələrin sayı: 40 min

Son vəziyyət: Türkiyənin tələbiylə məktəblərin rəhbərliyi tamamən dəyişilib.

Azərbaycan

Gülenə bağlı məktəblərin sayı: 11, əlavə olaraq bir universitet.

Son vəziyyət: Məktəblər 2014-cü ildə Təhsil Nazirliyinin nəzarətinə keçib. Bağlanan universitet də avqust ayından etibarən yeni rəhbərlik altında fəaliyyətini davam etdirir.

Qırğızıstan

Gülenə bağlı məktəblərin sayı: 21

Tələbələrin sayı: 12,500

Son vəziyyət: Qırğızıstan hökuməti Türkiyənin məktəblərin qapadılması tələblərini rədd edib.

Tacikistan

Gülenə bağlı məktəblərin sayı: 6

Son vəziyyət: Hökumət məktəblərə nəzarəti ələ keçirib, adlarını da dəyişdirib.

Əfqanıstan

Gülenə bağlı məktəblərin sayı: 20

Tələbələrin sayı: 8000

Son vəziyyət: Məktəblər hələ də fəaliyyət göstərir. Türkiyədən rəsmən bağlanma tələbinə dair məlumat yoxdur, lakin ailələr narahatdır.

Pakistan

Gülenə bağlı məktəblərin sayı: 28

Tələbələrin sayı: 11000

Son vəziyyət: Türkiyənin məktəbləri bağlamaq çağırışından sonra 23 türk müəllim vəzifədən kənarlaşdırılıb.

Kamboca

Gülenə bağlı məktəblərin sayı: 3 və 1 universitet

Son vəziyyət: Türkiyənin tələblərinə baxmayaraq məktəblər açıqdır.

Tailand

Gülenə bağlı məktəblərin sayı: 4

Tələbələrin sayı: 2000

Son vəziyyət: Məktəblər açıqdır, ancaq Türkiyə səfirliyi onların bağlanmasına çağırır.

İndoneziya

Gülenə bağlı məktəblərin sayı: 9

Tələbələrin sayı: 2000

Son vəziyyət: Məktəblər hələ də açıqdır, Türkiyə bağlanmasına çağırır.

Rusiya

Gülenə bağlı məktəblərin sayı: 7

Son vəziyyət: Tatarıstandakı məktəblər Təhsil Nazirliyinə bağlı məktəblər olaraq fəaliyyət göstərir. Ölkə boyunca 43 məktəb 2008-ci ildə bağlanıb.

Bu xəbər Jerome Wirawan, Olga Ivshina vəIram Abbasi-nin köməyi ilə hazırlanıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş