Taylandda pop mahnısı qəzəbə səbəb olub

Puan Hai Pror Kai Trong - Guioui featuring Protozua Fotonun müəllifi Alamy
Image caption Mahnının əvvəlində mahnının qəhrəmanı yeni peşəsini sevir

Taylandlı pop ulduzunun mahnısı marketinq sahəsində çalışanların etirazına səbəb olub.

Onlar mahnının onlar haqqında mənfi rəy yaratdığını deyiblər.

Pop ulduzu etiraza cavab olaraq mahnının adını dəyişməyə razılıq verib.

Hiphop müğənnisi Natee "Oui" Eakwichitin "Birbaşa satışlara görə itirilmiş dostlar" adlı mahnısında pərakəndə satıcı kimi işə düzəlmiş bir nəfərdən söz açılır.

Mahnının qəhrəmanı adamları o qədər israrla piramida satış sxeminə qoşulmağa dəvət edir ki, bütün dostlarını itirir.

"Mən onlara zəng vurdum, cavab vermədilər. Görüşəndə danışmaq istəmədilər", deyə o şikayətlənir.

Cəmi bir həftə bundan əvvəl işıq üzü görmüş mahnının klipinə YouTube-da artıq bir milyona qədər adam baxıb.

Mahnını tənqid edənlər arasında Taylandın Xalq Şəbəkə Gücü Partiyasının sədri Kritanong Suwannawong da var.

O deyir ki, mahnıda şəbəkə satışı ilə məşğul olanlar qanunsuz piramida sxemlərinin təbliğatçıları kimi qələmə verilir.

"Hər bir peşədə yaxşılar və pislər var. Ancaq [bu mahnının] sözləri bu sahədə çalışan hər kəsi pis və arzuolunmaz şəxs kimi göstərir", deyə o bildirib.

Bu sahədə çalışan insanlar sosial şəbəkələrdə mahnını tənqid ediblər. Onlar mahnının qadağan olunmasını, yaxud da müğənni Oui-nin bu peşənin yaxşı tərəflərini göstərən yeni bir mahnı yazmasını tələb ediblər.

Nəticədə Oui mahnının adını dəyişməyə razılıq verib. İndi mahnı "Dolayı satışlara görə itirilmiş dostlar" adlanır.

Oui şikayətçilərin "könlünü almaq" üçün satış şirkətlərinin bu mahnıdan pulsuz yararlanmasına icazə verib.

Fotonun müəllifi YouTube/Buddha Bless
Image caption Mahnının qəhrəmanı adamları o qədər israrla piramida satış sxeminə qoşulmağa dəvət edir ki, bütün dostlarını itirir

Əlaqəli mövzular