Yaxın Şərqdə sünni müsəlmanlar Aşura gününü qeyd edirlər

Aşura Fotonun müəllifi ATTA KENARE/ Getty
Image caption İraq və İranda Aşura günü matəm və yas günü kimi keçirirlər

Bu gün şiə müsəlmanlar Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin "şəhadətini" qeyd edirlər.

Bu gün müsəlman hicri təqviminin ilk ayı olan məhərrəm ayının 10-na düşdüyünə görə "Aşura" adlanır (ərəbcə "aşura" "onuncu" deməkdir). Bu il bu tarix oktyabrın 12-nə düşür.

Aşura günü əsasən şiə müsəlmanlarla əlaqələndirilsə də, Yaxın Şərqin hər yerində sünnilər də uzun zamandan bəri bu tarixi qeyd edirlər. Ancaq tamam başqa səbəblərə görə.

Şiələrə görə, Aşura mühüm dini hadisədir. Bu gün İmam Hüseynin Kərbəladakı "şəhadəti" günüdür. İraq və İranda bu günü matəm və yas günü kimi keçirirlər.

Ancaq, bu günü əsasən sünnilərin yaşadığı Misir və Liviyada da qeyd edirlər. Burada insanlar könüllü oruc tuturlar. Çünki bu gün Allahın Musanı Firondan xilas etdiyinə inanırlar.

Aşura gününün əhəmiyyəti də, qeyd edilmə tərzi də yerdən-yerə dəyişir.

Liviya

Sünni islamın yeganə dini təriqət olduğu Liviyada sosial media istifadəçiləri deyirlər ki, Aşura "dini ayindən daha vacib ənənədir". Liviyanın özəl "Al-Wasat" xəbər saytı belə yazır.

Liviyalı sosial media istifadəçiləri bu gün humus və lobya kimi ənənəvi təamların şəkillərini paylaşırlar. Bu gün bu yeməklər məhəllədə qonşulara paylanılır.

Bu gün həm də uşaqlar məhəllədə dövrə vuraraq qonşulardan şokolad və şirniyyat yığırlar. Palma lifindən paltar geymiş yeniyetmələr toplaşaraq bu gün münasibətilə rəqs edirlər.

Misir

Misirdə Aşura həm də bu gün münasibətilə hazırlanan şirin yeməyin adıdır. Əsas komponenti buğda olan bu təam xüsusi olaraq bu gün üçün bişirilir və qohum-qonşu arasında paylaşılır.

Misirlilər üçün Aşura Musanın xilas edildiyi gün olmaqdan başqa, həm də tarixi hadisələr günüdür. Misirin bəzi ənənələrinə görə, Aşura Adəmlə Həvvanın yerdə ilk dəfə görüşdüyü gündür.

Bundan başqa, bu gün Nuhun gəmisini tərk etdiyi gün kimi qeyd edilir. Buna görə də misirlilər həmişə bu günü möcüzələr günü hesab ediblər.

Facebookda 90 mindən artıq izləyicisi olan misirli tədqiqatçı Məhəmməd İlhami ərəbcə belə bir post paylaşıb: "Aşuranın unudulmuş dərslərindən biri onun möcüzələrin sonu, ağır zəhmətin başlanğıcı olmasıdır.

"Allahın Fironu suda batıraraq möminləri xilas etməsi səmanın möminlərə göndərdiyi sonuncu möcüzə idi".

Sünni icmaları

Yaxın Şərqin digər yerlərində sünni müsəlmanlar Aşuranı müqəddəs gün kimi qeyd edirlər.

Sünni islamın mərkəzi olan Səudiyyə Ərəbistanında Aşura günü insanlar oruc tutur. Bəziləri bu günü Allahın kömək etdiyi gün hesab edirlər.

Səudiyyəli Twitter istifadəçisi, 27 min izləyicisi olan Obeyd əl-Barğaş (Oab-111) yazır: "Həmin gün Fironun ən güclü vaxtı idi, Musa isə qorxurdu və zəif idi. Ona görə də Allaha inanın, onun köməyinə inanın və təslim olmayın".

Şiələrin cüzi çoxluq təşkil etdiyi Livanda da sünnilər könüllü oruc tuturlar. Oruclarını açandan sonra Livan sünniləri Aşura üçün xüsusi hazırlanmış qurabiyələri paylaşırlar.

Əlaqəli mövzular

Bu barədə daha geniş