Siciliya mafiyası fotoqrafın hədəfində

Fotonun müəllifi GIULIA MARIANI

"Mənə hələ də bu şəkillərə baxmaq çətindir", 1970-90-cı illərdə Siciliya mafiyasını lentə köçürmüş fotoqraf Letizia Battaglia deyir. BBC müxbiri Julian Miglierini çəkdiyi şəkillər barədə fotoqrafla söhbət edib.

Xəbərdarlıq: fotolardan bəziləri sarsıdıcı ola bilər.

Bu, Battaglia-nın ən məşhur fotolarından biridir. Burada vaxtilə Siciliyanın qubernatoru olmuş Piersanti Mattarellanın mafiya tərəfindən qətli ardınca baş verənlər əks olunur. Onun cəsədini qardaşı, İtaliyanın hazırki prezidenti Sergio Mattarella saxlayır.

Letizia Battaglia Fotonun müəllifi Letizia Battaglia

"Vaxt keçdikcə fotonun mənasının dəyişməsi heyrətamizdir: indi bu şəkil təkcə qətlə yetirilənin deyil, həm də onun qardaşınındır", fotoqraf deyir. "Mənim üçün bu kadr ümidin rəmzinə çevrilib. Mafiya ilə mübarizə hazırkı prezidentin ürəyində əbədi qalıb".

Letizia Battaglia Fotonun müəllifi Letizia Battaglia

"Mən həmişə geniş bucaqlı obyektivdən istifadə etmişəm - bu isə o deməkdir ki, yaxşı şəkil çəkmək üçün hadisə yerinə çox yaxın olmaq lazımdır", Battaglia izah edir.

Bəzən isə həddindən çox yaxın. Bu fotodakı kişi, Leoluca Bagarella mafiya cinayətləri və uşaq ölümünə görə məhkum edilib. Onun 1980-ci ildə həbsi zamanı Letizia Battaglia yaxında olmağı bacarıb.

"O çox qəzəbli idi və yanımdan keçəndə ayağımdan möhkəm zərbə endirdi. Bu kadrı çəkəndən dərhal sonra arxası üstə yerə uzandım", fotoqraf deyir.

Letizia Battaglia Fotonun müəllifi Letizia Battaglia

Battaglia, həmçinin Palermodakı gündəlik həyatla bağlı fotolarına görə tanınır.

"Bu Palermonun ən kasıb rayonlarından birində qatilə bənzəməyə çalışan və oyuncaq tapanca ilə oynayan adi bir uşağın fotosudur. Ölülər günü azyaşlı oğlanlar valideynlərindən bu cür hədiyyələr alırlar", Battaglia deyir.

"Lakin silah dəhşətlidir. Mən Siciliya hökumətində işləyərkən uşaqlara oyuncaq silahların hədiyyə edilməsini dayandırmaq barədə müraciət etmişdim", fotoqraf davam edir.

Letizia Battaglia Fotonun müəllifi Letizia Battaglia

Bu şəkildə isə mafiya tərəfindən qətlə yetirilmiş kişi təsvir olunur.

"Mən burdan bir neçə foto çəkdim, lakin onların aralarında ən "sakit" olanı bu idi", fotoqraf deyir.

"Burada Palermo nömrəli avtomobil, tipik Siciliya plitələri, örtük görünür... Hər gün kişi, qadın və uşaqların cansız cəsədlərini görməyə vərdiş etmək mümkün deyil. Palermo həmin vaxtlar eynən belə görünürdü. Sanki şəhərdə vətəndaş müharibəsi gedir".

"Mənim arxivim ölü insanların şəkilləri ilə doludur", o deyir.

Letizia Battaglia Fotonun müəllifi Letizia Battaglia

Letizia Battaglia qətl hadisəsinin baş verdiyi yerdən çoxlu şəkillər çəkib. Onların arasında öz yaxınlarını ölü görən insanlar və hadisə yerinə toplaşan izdiham da var.

Bu fotoda qurbanlardan birinin oğlu hadisə yerinə yaxınlaşmağa çalışır, lakin polislər onu saxlayırlar.

Letizia Battaglia Fotonun müəllifi Letizia Battaglia

Fotoqraf xatırlayır ki, öldürülmüş şəxsin cəsədini onlarla insan əhatəyə alırdı. Bu normal sayılırdı. "Hərdən cəsədin yanında əlində dondurma olan uşaqlar yığışardı", o xatırlayır.

Letizia Battaglia Fotonun müəllifi Letizia Battaglia

1979-cu ildə fotoqraf hakim Cesare Terranova-nın qətlə yetirildiyi yerdə bu şəkli çəkib. Bu görüntüdə hakimin sinəsini örtən qan qara rənqdədir.

"Mən həmişə ağ-qara şəkillər çəkmişəm - şəkillərimdə qırmızı qan rənginə dözə bilməzdim. Mən sensasiyalı şəkillər çəkmək istəmirdim, bu şəxsə hörmətlə yanaşmaq istəyirdim", Battaglia deyir.

"Mənə qırılmış şüşənin yanında oturmuş bu şəxsin əli sarsıdıb. Onu kimi adamlar öz işlərinin öhdəsindən yaxşı gəlir və buna görə də qətlə yetirilirdilər".

Letizia Battaglia Fotonun müəllifi Letizia Battaglia

Bu şəkil 1978-ci ildə mafiyanın 114 üzvünün məhkum edilməsi zaman çəkilib.

Arxadakı oturacaqda əyləşən kişilər fotoqrafın onları çəkdiyini görüb üzlərini bağlayırlar. "Bəlkə də onlar ümid edirdilər ki, yenidən kriminal aləmə geri qayıda biləcəklər", o deyir.

Lakin ön cərgədə oturan Gaetano Fidanzata obyektivə baxır. "O, nüfuzlu mafiya başçısı idi və üzünü gizlətməyə ehtiyacı yox idi".

Letizia Battaglia Fotonun müəllifi Letizia Battaglia

Hakim, mafiyaya qarşı apardığı mübarizəsilə tanınan Giovanni Falcone 1982-ci ildə qətlə yetirilmiş Palermo prefekti Carlo Alberto dalla Keiza-nın dəfni mərasimində.

10 il sonra Falcone xanımı və üç mühafizəçisi ilə birgə partlayış nəticəsində həlak olacaq. Bu mafiyaya qarşı cəmiyyətdə dönüş nöqtəsi olacaq.

"Mən Giovanni Falcone-ni sevirdim, - deyir Battaglia - O, bizi xilas etmək istəyən bir şəxs idi. Bu şəkil çəkiləndə onun bir gün qətlə yetiriləcəyi ağlıma da gələ bilməzdi. Biz indiyədək bilmirik ki, bunu kim (qətli) törətdi və günahkarların cəzalandırımasını istəyirik".

Mafiya əlyehinə etiraz. Fotonun müəllifi Letizia Battaglia

1990-cı illərin əvvəlində zorakılıq dalğası Sicilya cəmiyyətində mafiyaya qarşı hərəkat yaratdı. Palermoda cinayətkar qruplar əleyhinə nümayişlər keçirildi. Bu şəkil məhz belə mitinqlərin birində çəkilib.

"Məndə mafiya əleyhinə olan insanların hiddət və acısını əks etdirmək adətən yaxşı alınmır, - fotoqrafçı deyir.

Onun sözlərinə görə şəkildəki qız "gələcəyin və mütəşəkkil cinayətkarlığa müqavimətin rəmzidir".

Letizia Battaglia-nın 82 yaşı var. O, bu yaxınlarda öz işlərinin toplusunu çap edib. Gələn ay isə onun fotoşəkilləri Romanın Milli İncəsənət Muzeyində (MAXXI) sərgilənəcək.

Letizia hələ də Palermoda yaşayır və burada baş verən hadisələri diqqətlə izləyir.

"Mafiya ilə mübarizə davam edir. Bəzən ağlımdan belə bir fikir keçir: "Biz heç vaxt qalib gəlməyəcəyik". Bəzən isə tam əksini düşünürəm: "Yox biz tam qələbə çalanadək davam etdirməliyik".

"Mənə qələbəni görmək nəsib olmaycaq. Lakin ümid edirəm ki, nəvə və nəticələrim bu mübarizəni davam etdirəcəklər."

Fotoşəkillərin müəllifi: Letizia Battaglia. Görüntülər Drago nəşriyyatı tərəfindən çap edilən "Аntologiya" ( Anthology) kitabından götürlüb.