"Bəxtigətirən" xoruzu tanıyın

Masahiro Fotonun müəllifi City of Osaka
Image caption Zooparkda başqa nadir heyvanlar da var, amma heç biri bu xoruz qədər tanınmayıb

Yaponiyada zooparkda yaşayan bir xoruz ölümdən üç dəfə qurtulduqdan sonra "xoşbəxt quş" adını alaraq ziyarətçilərin marağına səbəb olub.

Masahiro adlı erkək xoruz Yaponiyanın Osaka əyalətində yerli məşhura çevrilib, keçən ay hətta yerli yol polisinin "fəxri rəisi" olub, Kyodo agentliyi yazıb.

O əslində yenotun naharı olmalı idi, amma Tennoji zooparkında yetim ördəyi böyütməyə yardım etməsi üçün onu müvəqqəti nahar siyahısından çıxarmışdılar.

Bir neçə ay sonra isə zooparka hücum edən vəhşi mişovulu tutmaq üçün onu tələnin içinə qoymuşdular, amma mışovul tələyə yaxın gəlməyib.

Növbəti dəfə o şirlərin və pələnglərin yeməyi olmalı idi, amma onlar da bu xoruza yaxın durmayıblar.

Xoruz üç dəfə dəhşətli ölümdən geri qayıtdıqdan sonra zoopark əməkdaşları onu xüsusi bir məxluq kimi qəbul etməyə başlayıb və onu ərzaq şəbəkəsindən uzaqlaşdırıblar.

O vaxtdan bəri Masahiro onun uğurundan faydalanmaq istəyən ziyarətçiləri cəlb edir.

Şəhər hökuməti də bu həftə 2017-ci ilin Çin zodiakında Xoruz İli qeyd edərək insanlara Masahiro ilə foto çəkdirmək üçün qeydiyyatdan keçmək təklifini verib.

Zooparkın baytarı Şin Nişioka heç vaxt hansısa cücənin "diqqət cəlb edəcəyini" təsəvvür etmədiyini deyir.

"Şans sayəsində həyatda qalan Masahiro-nun hekayəsi həyatın mənası barəsə düşünmək üçün yaxşı imkandır", o Kyodo agentliyinə deyib.