Putin aktyor Steven Seagal-a Rusiya vətəndaşlığı verib

Steven Seagal Fotonun müəllifi Getty Images

Rusiya prezidenti Vladimir Putin məşhur amerikalı aktyor Steven Seagal-a Rusiya vətəndaşlığının verilməsi barədə sərəncam imzalayıb, Kreml xəbər verir.

"1952-ci ilin 10 aprel tarixində Amerika Birləşmiş Ştatlarının vətəndaşı Steven Frederic Seagal-a Rusiya Federasiyasının vətəndaşlığı verilsin", prezidentin sərəncamında deyilir.

Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə Seagal vətəndaşlıq almaq üçün israrla çalışıb.

"O, israrla müraciət edib və davamlı olaraq ona vətəndaşlığın verilməsini istəyib", TASS cənab Peskova istinadən xəbər verir.

Seagal "bizim ölkəmizə olan yetərincə isti münasibətinə görə tanınır, heç vaxt bunu gizlətməyib", prezidentin sözçüsü bildirib.

Vladimir Putin keçən ilin sentyabr ayında aktyorla Şərq İqtisadi Forumunda görüşüb. Bir il sonra o, kinofestivalda iştirak etmək üçün Cənubi Saxalinə gəlib.

"Mənə elə gəlir ki, Rusiya vətəndaşlığı üfüqdə görünür. Mən ilin bir neçə ayını Rusiyadakı dostlarımla keçirmək istərdim, burada məni sevən və gözləyən insanlarla", həmin vaxt o, jurnalistlərə bildirmşdi.

Bundan əvvəl daha üç şəxs - aktyor Gérard Depardieu, boksçu Roy Jones və döyüşçü Jeff Monson da Rusiya vətəndaşlığı alıb.