Yaşlı yaponları sürücülük vəsiqələrini şorba ilə dəyişməyə çağırırlar

Ramen Fotonun müəllifi Alamy/George Martinus
Image caption Ramen - ət və ya balıq bulyonunda hazırlanan buğda əriştəsi

Yapon polisləri yaşlı sürücülərə sürücülük vəsiqəsindən imtina müqabilində endirimli nahar yeməyi təklif edirlər. Bu yolla polislər, yaşlı sürücülər ucbatından baş verən yol qəzalarının sayını azalmağa çalışırlar.

Dzidzi Press xəbər agentliyinə əsasən, vəsiqənin qarşılığında sürücülər, ramen (ət və ya balıq bulyonunda hazırlanan buğda əriştəsi), düyü və salatdan ibarət nahar yeməyinə 15% endirim əldə edə bilərlər.

Aksiyada iştirak etmək istəyən təqaüdçülərə polis xüsusi endirim sertifikatı təqdim edir. Sertifikat, Hönsü adasının Ayti prefekturasında yerləşən 176 restoranın daxil olduğu Sugakiya restoranlar şəbəkəsində keçərlidir.

Son illərdə Yaponiyada yaşlı sürücülər ucbatından baş verən və bəzən də ölümlə nəticələnən yol qəza hadisələrinin sayı artıb.

Problem bütün ölkədə rezonansa səbəb olub. Ayti prefekturası polisinin bu təşəbbüsü yollarda təhlükəsizliyi artırmaq məqsədi daşıyır.

"Qürura qapılıb"

Analoji təklif daha əvvəllər də edilmişdi. O zaman yaşlı yaponlara sürücülük vəsiqəsi müqabilində taksi və ictimai hamamlarda endirim təklif olunmuşdu.

Rocket News 24 bildirdiyi kimi, bu sxem Tokioda da tətbiq olunur. Orada yaşlı vətəndaşlara "sürücülüyü bitirdiyi münasibətilə sertifikat" təqdim edilir.

Ötən həftə Yaponiyanın 97 yaşlı buddist rahibi öz sürücülük vəsiqəsindən imtina edib və müasirlərini də ondan nümunə götürməyə səsləyib.

Taa Sienin-in sözlərinə görə yaşlı sürücülərin yol qəzası törətmək riski hər nə qədər diqqətli olursa olsun, digərlərindən daha çoxdur.

"Müəyyən yaşdan sonra, qürura qapılıb avtomobil idarə etməyə çalışmaq sadəcə olaraq, axmaqlıqdır," rahib söyləyib.