“500 kiloluq” misirli qadının əməliyyatı üçün yeni xəstəxana korpusu tikilir

Eman Ahmed Abd El Aty Fotonun müəllifi Courtesy: Dr Muffazal Lakdawala
Image caption Emanın ailəsi deyir ki, o son 25 ildə evdən çıxmayıb

Hindistanda bir xəstəxana dünyanın ən ağır insanı olduğu düşünlən misirli qadının çəki reduksiyası əməliyyatı üçün ayrıca xüsusi korpus tikir.

Mumbaydakı Seyfi xəstəxanasının yeni korpusunda cərrahiyyə və reanimasiya otaqları olacaq.

36 yaşlı pasient Eman Əhməd Əbd El Atinin Mumbaya yanvarın axırlarında xüsusi təyyarə reysi ilə gətirləcəyi gözlənilir.

Ailəsi bildirir ki, qadın son 25 ildə evdən heç yerə çıxa bilməyib.

Onun təxmini çəkisini qohumları bildiriblər.

Rəsmən təsdiq edilərsə, xanım El Ati dünyanın hazırda yaşayan ən ağır qadını sayılacaq. İndilik Guinness kitabındakı rekord Birləşmiş Ştatlardan olan 292 kiloluq Pauline Potter-ə məxsusdur.

Xanım Əbd El Atini tanınmış bariatr cərrah doktor Müfəzzəl Lakdavalanın başçılığı altında cərrahlar komandası əməliyyat edəcək.

Pasientin adi sərnişin təyyarəsinə minməsi mümkün olmadığından onu Mumbaya çarter yük təyyarəsində gətirəcəklər. Xanım Əbd El Atini onun əsas baxıcısı olan bacısı müşayiət edəcək.

Pasientin əməliyyatdan əvvəl müəyyən çəki atması lazım gələcək.

Xanım Əbd El Ati zobdan və ürək xəstəliyindən əzab çəkir və xəstəxanada azı 6 ay qalmalı olacaq.

Xəbərlərdə deyilir ki, xəstəxananın 278 kvadrat metrlik sahəsi olan yeni korpusunun tikintisinə 20 milyon rupi (293 min dollar) xərc tələb olunacaq.

Yeni korpus yanvarın axırında təhvil veriləcək.

Fotonun müəllifi Courtesy: Dr Muffazal Lakdawala
Image caption 36 yaşlı Eman Əhməd Əbd El Atiyə onun anası və bacısı baxırlar

Xanım Əbd El Ati-nin ailəsi bildirir ki, o, doğulanda 5 kiloqram idi və ona elefantizm və ya "fil xəstəliyi" diaqnozu qoyulmuşdu. Bu xəstəlik zamanı infeksiya nəticəsində bədənin müxtəlif hissələri şişməyə başlayır.

Qohumları deyirlər ki, qızın çəkisi o 11 yaşına çatanda sürətlə artmağa başlayıb. Bundan sonra o iflic keçirərək yatağa düşüb.

Lakin doktor Lakdavala deyib ki, o xanım Əbd El Atinin elefantizmdən yox, piylənmə ilə bağlı limfostazdan əzab çəkdiyinə inanır. Bu xəstəlik ayaqlarda nəhəng şişlər yaradır.

Doktor Lakdavalanın bundan əvvəlki pasientləri arasında Hindistan nazirləri Nitin Qadkari və Venkaya Naydu da olub. Onların üzərində də çəkinin reduksiyası əməliyyatı aparılıb.

Qahirədəki Hindistan səfirliyi əvvəlcə xanım Əbd El Atiyə viza verməkdən imtina edib, çünki o səfirliyə şəxsən gedə bilmirdi.

Lakin doktor Lakdavala Hindistanın xarici işlər naziri Suşma Svaraja tvit yazdıqdan sonra viza məsələsi həll edilib.

Bariatrik cərrahiyyə nədir?

Bariatrik və ya çəkinin azaldılması əməliyyatı təhlükəli piylənməyə məruz qalmış insanların müalicəsində son addım kimi aparılır.

Britaniyada bu tipdə cərrahiyyə əməliyyatları dövlət səhiyyəsi tərəfindən yalnız həyati təhlükə yaradan piylənməyə məruz pasientlərə, başqa müalicə üsulları boşa çıxdıqdan sonra tətbiq edilir.

Birləşmiş Krallıqda hər il 8 min belə əməliyyat keçirilir.

Çəkinin azaldılması əməliyyatının iki əsas növü var:

  • Mədə bandajı əməliyyatı zamanı mədənin həcminin azaldılması üçün həlqədən (bandajdan) istifadə olunur. Mədəsinə belə məhdudiyyət qoyulanlar daha az yedikdə də doyurlar.
  • Mədə şuntlaması əməliyyatı zamanı mədənin üst tərəfində yalnız az miqdarda qida yerləşəcək kamera saxlanır və xəstənin qəbul etdiyi qida mədənin əksər hissəsindən və nazik bağırsağın bir hissəsindən yan keçir. Belə əməliyyatadan sonra pasient az yeməklə də doyur.