Amber Heard ilə Johnny Depp-in boşanması yekunlaşıb

Johnny Depp və Amber Heard, 3 noyabr 2011 Fotonun müəllifi AP
Image caption Johnny Depp və Amber Heard təxminən bir il yarım evli olublar

Kino ulduzları Amber Heard və Johnny Depp-in aylar çəkən boşanması tamamlanıb.

53 yaşlı Depp keçmiş yoldaşına $7 milyon (12,8 milyon AZN) ödəməyə razılaşıb. Amber Heard deyir ki, bu pulu iki xeyriyyəçi təşkilat arasında böləcək.

Cütlüyün aldığı itlər, Pistol və Boo, 30 yaşlı Heard ilə yaşayacaq.

Məhkəmə sənədlərinə əsasən xanım Heard deyib ki, cənab Depp onunla kobud davranıb və fevralda baş verən dava zamanı mobil telefonunu üzünə atıb.

Cənab Depp-in vəkili iddiaları rədd edərək deyib ki, xanım Heard "döyülmə iddiaları ilə erkən maddi qərar əldə etməyə çalışır". Hadisə yerinə gələn polislər deyiblər ki, cinayətin baş verməsinə işarə edən heç bir dəlil aşkar etməyiblər.

Boşanmanın əsas şərtləri barədə razılaşma avqust ayında əldə olunmuşdu, lakin vəkillər Depp-in $7 milyonu birbaşa xeyriyyəçi təşkilatlara yoxsa Heard-a ödəyəcəyi barədə yalnız indi razılaşıb.


Boşanmanın şərtləri

  • Depp, Heard-a $7m ödəyəcək
  • Pistol və Boo adlı itlər və Arrow adlı at Heard ilə qalacaq
  • Depp daşınmaz əmlakın sahibi olaraq qalır (o cümlədən Los Angeles və Parisdəki evlər və Baham adalarındakı şəxsi ada)
  • 40-dan çox avtomobil və gəmi Depp ilə qalacaq
  • Heard Depp-ə qarşı tələb etdiyi uzaqlaşdırma qərarını ləğv edəcək
  • Hər ikisi münasibətləri barədə açıqlama verə bilməz

Bu barədə daha geniş