Yoldaşına xəyanət edən fransız kişi Uber-i məhkəməyə verir

Uber Fotonun müəllifi AFP

Fransanın cənubunda yaşayan iş adamı Uber taksi şirkətini məhkəməyə verir. Səbəb - həmin kişinin həyat yoldaşına xəyanət etməsinin üstünün açılmasıdır.

Uber aplikasiyasındakı qüsura görə kişinin həyat yoldaşı görüb ki, o, tez-tez başqasının yanına gedir, sözügedən kişinin vəkili deyir.

O deyir ki, bir dəfə həyat yoldaşının mobil telefonu ilə Uber çağırmışdı. Bundan sonra aplikasiyadan və hesabından çıxsa da, Uber yenə də növbəti səfərləri barədə həyat yoldaşının telefonuna bildirişlər göndərib.

Beləliklə həyat yoldaşı şübhələnməyə başlayıb.

Cütlük artıq boşanıb.

Məlumata görə, kişi Uber-dən €45m (83.54 AZN) tələb edir.

"Mənim müştərim tətbiqdəki nöqsanın qurbanı olub", onun vəkili David-Andre Darmon AFP agentliyinə deyib.

"Nöqsana görə onun şəxsi həyatında problemlər yaranıb", cənab Darmon əlavə edib.

Vəkil məhkəmə prosesinin €45m dəyərində olduğu barədə məlumatlara münasibət bildirməsə də Le Figaro qəzetinə deyib ki, onun müdafiə etdiyi şəxs anonim qalmaq niyyətindədir.

Le Figaro qeyd edir ki, bu nöqsanla digər istifadəçilər də rastlaşıb.

Görünür ki, nöqsan Android deyil, iPhone istifadəçilərində müşahidə olunub. Dekabr ayında sistemin yenilənməsindən sonra problem aradan qalıdırılıb.

Uber məsələ ilə bağlı şərh bildirməyəcəyini deyib, lakin əlavə edib ki, istifadəçilərin şəxsi detallarının qorunması "prioritetdir".

Əlaqəli mövzular