Məhkəmə qərarı: Johnson & Johnson xərçəng xəstəsinə 110 milyon dollar təzminat ödəməlidir

Johnson & Johnson Fotonun müəllifi Getty Images
Image caption Johnson & Johnson şirkəti alıcıları məhsulunun xərçəng xəstəliyi yaratması barədə xəbərdarlıq etməməkdə ittiham olunur

ABŞ-ın Missuri ştat məhkəməsi Johnson & Johnson şirkətini Virginia ştatından olan qadına 110 milyon dollar təzminat ödəməsi barədə qərar qəbul edib.

Qadın şirkəti uzun illərdir bu şirkətə məxsus tərkibində talk tozu (kristal mineral) olan gigiyenik məhsuldan istifadə etdiyinə görə yumurtalıqlarında xərçəng xəstəliyinin yaranmasında ittiham edib, Reuters agentliyi yazıb.

Şirkət bu məhsulun hazırlanması üçün lazım olan talk tozunu Imerys Talc America şirkətindən alıb.

Məhkəmə təchizat şirkətinin də qadına 100 min dollar təzminat ödəməsi barədə qərar çıxarıb.

2012-ci ildə 62 yaşlı Lois Slempə yumurtalıqlarında xərçəng diaqonuz qoyulub.

O gündən bu yana xəstəlik bütün qara ciyərində yayılmağa başlayıb.

40 il ərzində Johnson & Johnson-un uşaq tozundan istifadə etdiyini söyləyən xanım həmçinin Shower to Shower məhsullar seriyasından istifadə etdiyini qeyd edib.

Slemp, həmçinin şirkəti məhsullarında asbestdən istifadə etməkdə ittiham edib.

Xanım ağır xəstəlik ucbatından məhkəmədə iştirak edə bilməyib.

Şirkətin vəkili məhkəmə zamanı Johnson & Johnson məhsulunun xərçəng yaratmadığını və məhsulun tərkibində asbestin olmadığını bəyan edib.

Reuters agentliyinin məlumatına görə, ümumilikdə şirkətə qarşı 2.4 min belə iddia qaldırılıb.

Şirkət bu talk tozu əsasında hazırlanan məhsuldan istifadə zamanı xərçəng xəstəlyinin yaranma ehtimalı barədə alıcılara xəbərdarlıq etməməkdə ittiham olunur.

Bu məhsullara şirkətin məhşur Baby Powder uşaq tozu da daxildir.

Şirkət məhsulları ilə xərçəng xəstəliyi arasında əlaqəni rədd edir. Ötən il şirkət buna bənzər iddialara görə 10 milyon dollarla təzminat ödəyib.

Əlaqəli mövzular