Məhəmməd və Əfra Bilanın oğlu, Justin Trudeau

Əfra Bilan körpə Justin Trudeau ilə - 6 may 2017 Fotonun müəllifi Afraa Bilan
Image caption Əfra Bilan və yuxulu Justin Trudeau evdə dincələrkən

Məhəmməd və Əfra Bilan ötən ilin fevral ayında Kanadaya gələndə onlar tamamilə yeni bir ölkədə həyat qurmağa hazırlaşırdılar.

Suriya paytaxtı Dəməşqdən olan cütlük uşaqları Naya və Nael ilə qışın ortasında Montreala məcburi köçkün kimi gəlmişdilər.

Baş nazir Justin Trudeau başqaları ilə etdiyi kimi onları aeroportda qarşılamadı.

Amma Məhəmməd və Əfra ona "təşəkkürlərini bildirmək" üçün təzə doğulmuş körpələrinə bu adı veriblər.

Justin Trudeau Adam Bilan cümə axşamı günü, valideynlərinin yeni məmləkəti olan Calgary şəhərində doğulub.

29 yaşlı Məhəmməd Dəməşqdə bərbər idi. Amma Suriya ordusu onu hədəfə almış və həbs etmişdi.

Azadlığa buraxılandan sonra onun ailəsi öyrənmişdi ki, hakimiyyət onu yenə də axtarır və o, yenə həbs edilə bilərdi.

Justin Trudeau hakimiyyətə gəlib Suriya qaçqınlarını ölkəyə buraxacağını bildirəndə onlar bu şansı buraxmaq istəmədilər. Suriya müharibəsinin başlamasından beş il keçmiş onlar Kanadaya üz tutdular.

Fotonun müəllifi Facebook/Muhammad Bilan
Image caption Məhəmməd Bilan körpə Justin Trudeau ilə
Fotonun müəllifi Facebook/Sam Nammoura
Image caption Justin Trudeau Adam Bilan cümə axşamı günü Calgary şəhərində doğulub

Bir müddət Montreal-da yaşayandan sonra ailə Calgary şəhərinə köçürüldü.

"Kanada çox təhlükəsizdir - müharibə yox, heç nə yox", Əfra Bilan telefonla BBC-ə deyib. "Hər şey fərqlidir, hər şey yaxşıdır - Suriyaya heç oxşamır".

Əfra Kanadaya təzə gələndə "bir az narahat" olduğunu qeyd edir: yeni həyat tərzinə, xüsusilə soyuq havaya alışmaq çətin idi.

Amma indi o, ingilis dilində təmiz danışır, Məhəmməd isə dükanda işləyir.

Fotonun müəllifi Reuters
Image caption Kanadada daha bir Justin Trudeau var

Onlar ümid edirlər ki, bir gün balaca Justin Trudeau daha məşhur adaşı ilə tanış olacaq.

"O, çox yaxşı kişidir", Əfra deyir. "O bizə çox kömək etdi. Bu, bizi Kanadaya gətirdiyinə görə kiçik bir təşəkkür kimidir. Biz ona və bütün Kanada xalqına təşəkkürlərimizi bildirmək istəyirik".

Justin Trudeay 2015-ci ilin noyabr ayında Baş nazir seçilib. O vaxtdan bu ilin yanvar ayına qədər Kanadaya Suriyadan 40 000 məcburi köçkün daxil olub. Təxminən 1000 nəfər Calgary şəhərində yaşayır.