Müharibə veteranlarının xatirələri: "Hücuma içkili çıxırdıq, cəsarət yaranırdı"

Hər il Qələbə Günü Tacikistanda hərbi paradlar keçirilir Fotonun müəllifi ТАСС
Image caption Hər il Qələbə Günü Tacikistanda hərbi paradlar keçirilir

Tacikistanda Böyük Vətən Müharibəsinin 72-ci ildönümünü 443 veteran qeyd edir. Yarım milyon əhalisi olan ölkədən, 270 mindən çox insan faşizm ilə mübarizə üçün cəbhəyə yollanmışdı.

100 mindən çox insan isə geri qayıtmamışdı. Müharibədə iştirak edən taciklərdən 54-ü yüksək dərəcə ilə təltif olunublar - Sovet İttifaqı Qəhrəmanı.

Hər il Qələbə Günü Tacikistanda hərbi paradlar, gənclərin nümayişləri, çıxışlar, çələng və çiçəklər və hakimiyyətin Böyük Vətən Müharibəsi iştirakçılarını yada salması ilə müşayiət olunur.

Veteranlara hədiyyələr və birdəfəlik müavinət təqdim olunur və sonra, gələn bayrama qədər onlar yenidən unudulur.

Müharibə haqqında xatirələr fərqlidir. İcbari rəsmi tədbirlər qaçılmaz olsa da, bunlar artıq veteranlara gərək deyil.

Onlar üçün vacib olan dinclik və yardımdır ki, bu da yalnız əlamətdar günlərdə olunmamalıdır.

Böyük Vətən Müharibəsinin iştirakçılarından biri olan Leakadiya Koftun danışır ki, son dörd il ərzində ailəsi ilə kirayə mənzillər dolaşır. O, Tacikistan hakimiyyətindən evlə təmin olunmasını xahiş edir.

Böyük Vətən Müharibəsi ilə bağlı xatirələrini, veteranlar özləri nəql edirlər.

Leokadoya Koftun

Image caption Leokadoya Koftun döyüşə atası və qardaşları ilə gedib

Belarusun Moqilevski rayonunda doğulmuşam və müharibə başlayanda mənim 14 yaşım var idi.

Almanlar, müharibə başladıqdan iki həftə sonra, bizə qarşı hücuma keçdilər. Sovet hakimiyyəti insanları qabaqcadan hazırlamışdı. Tapşırığa yerli əhalidən ibarət partizan dəstələri yaratmaq daxil idi.

Mən, atam və iki qardaşım, partizanlara qoşulduq. Könüllülərə çoxlu uşaq və yeniyetmə daxil idi.

Anam qərarımızdan razı qalmışdı. O düşünürdü ki, alman zavodlarına düşməkdənsə, övladlarının partizanlara qoşulmağı yaxşıdır.

Almanlar tutduqları ərazilərin əhalisi ilə çox pis davranırdılar. Buna görə də insanlar, partizanlara qoşulurdular. Əvvəlcə alman əsgərləri, sonra isə muzdlular gəlirdilər.

Bax elə onlar, oğurluq və qarət ilə məşğul olurdular. Almanlar mal-qara götürürdülərsə, muzdlular hər şeyi talan edirdilər.

Partizan dəstələrində uşaqlar, vağzallara göndərilirdi. Biz, gələn və gedən qatarlar haqqında məlumat toplamalı, onların məqsədləri və göndərilmə məntəqələrini öyrənməliydik.

Almanlar vağzalda oynayan uşaqların "kəşfiyyatçı" olduğundan şübhələnmirdilər. Sözün düzü, heç biz özümüz də bunun nə dərəcədə təhlükəli olduğunu anlamırdıq.

Faşistlərlə əməkdaşlıq edən yerlilər də az deyildi. İnsanlar inanırdılar ki, almanlar uzun müddət burada qalacaqlar. Yaşamaq və necəsə ailəni yeməklə təmin etmək lazım idi.

Amma, bir çoxları əməkdaşlıqdan imtina edirdilər. Pis və kasıb yaşasalar da, almanlara işləmək istəmirdilər.

İlk dövrlərdə əksəriyyət inanmırdı ki, SSRİ qarşı dura biləcək. Lakin, müharibənin ilk qışında almanların rezin çəkmə geyindiyini görən anam qulağıma pıçıldamışdı: "Onlar Rusiyaya qalib gələ bilməyəcəklər. Almanları qış dəf edəcək."

Mən atamla birgə mübarizə aparırdım. Qardaşlarım başqa partizan dəstələrinə qoşulmuşdular.

Mən onları bir daha görə bilmədim. Hər ikisi həlak oldu. Atamın dəfnini isə hələ də aydın xatırlayıram. O zaman ölümə fəlsəfi yanaşılırdı.

Ətrafdakı insanlar düşünürdülər ki, ölənlər bəxtəvərdirlər və canları əziyyətdən qurtuldu. Bu münasibət hamıda var idi - istər böyük olsun, istərsə də uşaq.

Lakin, ölümlə əhatələnməmizə və onun varlığımızın ayrılmaz hissəsi olmasına baxmayaraq, atamın itkisi mənə çox pis təsir etmişdi.

Amma, müharibədə xoşbəxtliyə də yer var idi. İnsanlar aşiq olur, ailə qurur və toy edirdilər.

Müharibə - həyatın dəyərini ciddi qiymətləndirə bilmək üçün əla məqamdır. Müharibədə hər dəqiqənin qədrini bilirsən.

Məhz buna görə də toylar, ani də olsa insana ölüm, əzab və gərginliyin içində olduğunu unutdura bilirdi.

O zaman ZAQS şöbələri yox idi deyə, hər kəs kilsədə evlənirdi. Stollara kimin nəyi varsa yığırdılar.

Kəndlərdə geyimi qida ilə dəyişirdilər. Toy menyusu çörək, kartof və sıyıqdan ibarət olurdu. Müharibədən sonra, belə dadlı heç nə yeməmişəm.

Partizan dəstələri minlərlə insan üçün qurtuluş yeri idi. Stalinə qarşı müxtəlif münasibət mövcud idi.

Atam zəngin mülkədar ailəsinə mənsub olsa da, ailəm Sovet hakimiyyətinin tərəfdarı idi. Lakin, müharibə başlayan zaman bizim kimin tərəfində olduğumuza şəkk etmək olmazdı.

Anam nə qardaşlarım, nə da atamı sağ görə bildi. O, bu itkilərlə çətinliklə barışsa da, anlayırdı ki, qələbə qurban tələb edir.

Tapşırıqlar arasındakı fasilələrdə uşaqlar, meşədə oyunlar oynayırdılar. Uşaqlığımız belə keçib.

Əlbəttə ki, bizim də arzularımız, istəklərimiz var idi. Hər kəsin öz arzusu var idi. Mən duz arzulayırdım. Belarusda duz çatışmırdı.

Pilotlar yaralıların arxasınca gələndə məndən soruşurdular: "Cavan oğlan, sənin üçün nə gətirək?". Onlar məni zarafatla belə adlandırırdılar. Qadın geyimi olmadığından, əlimizə keçən nə olsa geyinirdik.

Mən duz gətirmələrini xahiş edirdim. Başqaları konfet istədiyi halda mən, duz istəyirdim.

Yəqin ki, o zaman duzu istədiyim qədər həyatımda heç nə istəməmişəm. Yeməklər duzsuz idi. Duz gətirə bildikləri gün isə, mənim üçün bayrama çevrilirdi.

Mən qələbəni Ukraynada qarşıladım. Gecə səs-küy, qışqırtı eşitdim. Fikirləşdim ki, yəqin yenə nə isə baş verib. Niyə insanlar qışqırırlar? Sən demə, müharibə bitmişdi.

Dövlətşah Qədimov

Image caption Dövlətşah Qədimov bütün Ukrayna, Çexoslovakiya, Rumıniya, Polşa və Avstriyadan keçərək qələbəni Almaniyada qeyd edib

1944-cü ildə mənim 18 yaşım tamam oldu və orduya qoşuldum. Uzaq dağ kəndindən məni əvvəlcə Dağlıq Badaxşan muxtar vilayətinə, sonra isə Səmərqəndə və daha sonra, orduya yolladılar.

Səmərqənddə sürətləndirilmiş hərbi təlimlər keçdik. Bizə atəş açmaq və qumbara atmaq öyrədilirdi. Kəndlərdən olan cavan oğlanların hərbi xidmət haqqında ümumiyyətlə anlayışı yox idi.

Mən ilk olaraq Ukrayna cəbhəsinə təyin olundum. Bütün Ukrayna, Çexoslovakiya, Rumıniya, Polşa və Avstriyadan keçmişdim.

Məndən qabaq əmim və əmim oğlanları müharibəyə getmişdi. Onların hamısı həlak olmuşdu.

Əlbəttə ki qorxulu idi. Heç kim ölmək istəmirdi. Gəldiyim kənddən müharibəyə, 15 cavan oğlan getmişdi və hamısı ölmüşdü.

Mənim valideynlərim yox idi. Yetim idim və iki kiçik qardaşıma nənəm baxırdı.

Müharibəyə qədər az da olsa, rusca danışa bilirdim. Bizim kəndimiz düz beynəlxalq sərhəd üzərində yerləşirdi və sərhədləri, sərhəd dəstəsi qoruyurdu.

Sərhəd dəstələrində çoxlu ruslar var idi. Mən onlara odun daşıyırdım, onlar da mənə yemək verirdilər. Beləcə, rus dilini bir az öyrənmişdim.

Taciklər və özbəklərin əksəriyyəti rus dilini bilmirdi. Əlbəttə ki, onlar özlərini çox narahat hiss edirdilər. Lakin, biz onlara kömək edirdik.

Sovet və alman əsgərləri arasındakı bərabərsizlik güclü hiss olunurdu.

Biz çiyinlərimizdə 22 kiloluq əşya daşıyırdıq - yarım metr uzunluğunda tüfəng, əleyhqaz, kürək, quru yemək.

Bundan başqa, şineli də çiyinlərimizə atırdıq. Çox ağır idi. Qida da çox pis idi. Almanlarda isə belə şey yox idi. Onlar yalnız, avtomat daşıyırdılar. Yeməyi isə arxalarınca gətirirdilər.

Mən millətçilik problemini heç vaxt hiss etmirdim. Əsgərlər çox mehriban idilər. Hər bir millətin nümayəndəsi var idi aramızda, amma, ayrı seçkilik yox idi. Hamımız eyni müharibənin iştirakçısı - qardaş idik.

Şəxsən xatırlamıram ki, partiya rəhbərləri uşaqları cəbhəyə məcbur yollasınlar. Hamı könüllü olaraq cəbhəyə gedirdi.

Biz düz sərhəddə yaşayırdıq və döyüş vaxtı çatanlara əfqanıstanlı-taciklər digər tərəfdən deyirdilər ki, sərhədi keçib müharibə bitənədək gözləsinlər. Bir nəfər belə, razılaşmırdı. Hamı vətəni qorumağa gedirdi.

8 mayı Almaniyada qarşıladıq. Qələbəni öyrəndikdən sonra, əsgərlər sevincdən tullanır, bir-birinə sarılır, ağlayır, gülür və rəqs edirdilər.

Lakin, mayın 12-i biz, alman hərbçiləri ilə üz-üzə gəldik. Onlar bizə atəş açmağa başladılar. Komandirimiz bizə dedi, müharibə ki bitib, onlar niyə atəş açırlar.

Bizə bildirdilər ki, SS adlı bir diviziya hələ də təslim olmayıb və müqavimət göstərir. Onlar, Sovet İttifaqının qoşunlarına hücum edirdilər.

Onları dəf etmək üçün bizi yolladılar və mənim üçün müharibə mayın 12-i bitdi.

Əsirlərə qarşı hədsiz insani münasibət var idi. Buna rəhbərlik birbaşa nəzarət edirdi. Bizim nə isə götürmək icazəmiz yox idi. Ciddi intizam hökm sürürdü.

Qidalanma əlbəttə ki, rahat deyildi. Bizə 200 qram çörək, qaynadılmış kələm və kilkə verilirdi. Həmişə ac idik.

Amma, Qərbə çıxdıqdan sonra, bu qəddar limit aradan qalxdı. Ətraf ölü at və inək cəmdəkləri ilə dolu idi. Biz onlardan yemək hazırlayırdıq. Bir parça şəkər və peçenyedən ibarət quru yemək də dada çatırdı.

Tacikistanda baş tutan vətəndaş müharibəsi (1992-1997) mənim üçün daha qorxulu idi. Almanlarla müharibədə başa düşürdük ki, mübarizə apardığın düşməndir. Vətəndaş müharibəsində isə kimin düşmən olduğunu və necə öləcəyini bilmirsən.

Müharibədə öldürməsən öləcəksən. Hələ də müharibələrin olması, xoşagəlməz haldır.

Müharibə - ən iyrənc işdir. İnsanların hələ də döyüşmək istəyi və müharibə üçün uydurduqları bəhanələr qorxuludur. Amma, ölən, müharibəni başlayanlar yox, günahsız gənclər olur.

Mən hələ də inanıram ki, Sovet hakimiyyəti hər şeyi səhvsiz və düzgün yerinə yetirirdi, əsgərlər isə əmrləri icra edirdilər.

Xəlil Rəsulov

Image caption Müəllimlərin müharibəyə getməsi qadağan olsa da Xəlil Rəsulov cəbhəyə getməyi bacarıb

1941-ci ildə mənim 17 yaşım var idi. Pedaqoq olduğuma görə məni cəbhəyə götürmək istəmirdilər. Müəllimləri əsgər aparmaq olmazdı. Amma, mən, komsomol regional komitəsini cəbhəyə getmək üçün razı sala bilmişdim.

Anam cəbhəyə getdiyimi bilmirdi. Hərbi komissarlıqda xahiş etmişdim ki, ona heç nə deməsinlər. Həqiqəti isə ona, göndərdiyim məktubda yazmışdım.

Daşkənddə yerləşən hərbi məktəbdə altı aylıq minaatan kursları təsis olunmuşdu. Kurslar bir il üçün nəzərdə tutulsa da, söhbət Stalinqraddan gedirdi.

Uşaqlardan heç biri hərbi əməliyyatlarda iştirak etməmişdi. Sağ qalanlar hər şeyi elə döyüş meydanında öyrənirdilər.

Bir çoxumuz quru yeməyimizi qumbara və patronlarla dəyişirdik.

Qorxulu idi. Adam yaşamaq istəyirdi. Amma, hər kəs qorxu hissini ört-basdır edə bilirdi.

Özlərinə atəş açanlar da olurdu. Onları xəstəxanaya aparırdılar, amma, orada yaranın formasından hər şey anlaşılırdı. Həmin əsgərləri hərbi tribunala çıxarır və sonra güllələyirdilər.

Onlara əvvəlcə məcburi qəbir qazdırır, sonra isə güllələləyirdilər. Başqa cür mümkün deyildi - müharibə gedirdi.

İndi 18 yaşlı gənci biz hələ uşaq sayırıq. O vaxt isə həmin yaşda bir çoxumuz, atıcı döyüş əsgəri idik.

Qələbənin əsas faktorlarından biri də dostluq idi. Bizim aramızda rus, qazax, özbək, tacik, gürcü ayrımı yox idi - hamımız bir idik. Biz sovet adamı idik.

Azad olunmuş rayonlarda yerlilər bizə yemək verirdilər. Əllərində olan nə varsa, bizimlə bölüşürdülər. Soğan, süd, çörək gətirirdilər.

Döyüşlər arasındakı fasilələrdə müharibənin sonunu arzu edirdik. Hamı sakit həyatına, ailəsinə qovuşmaq istəyirdi.

Bayramlarda bizə 100 qram araq paylayırdılar. Sovet müsəlmanlarından başqa, hər kəs içirdi. Onlar arağı şəkər və ya tütün ilə dəyişirdilər.

Hücum bölmələrində əsgərlərə cəsarət üçün araq verirdilər. Almanlar da bu üsula əl atırdı. Biz də hücuma içkili halda çıxırdıq. Adamda cəsarət yaranırdı.

Müharibənin bütün qeyri-insanı yanlarına baxmayaraq, bu, insan üçün böyük sınaq idi. Bu zaman, insan kimi qalmaq olurdu.

Hərbi əsirlərə hörmətlə yanaşılırdı. Onlar bizim gözümüzdə düşmən deyildilər. Hətta, onlara acıyırdıq. Axı insanlar əlindəkini qorumaq üçün mübarizə aparırdı.

Müharibənin əvvəlində silahlanma çox pis idi. Raket gülləsi və pulemyotlara qarşı, üçatılan tüfəng və minalar.

Müharibənin ilk illərində almanlar özlərini razı və qalib kimi aparırdılar, amma, Moskva və Stalinqraddakı məğlubiyyətdən sonra, onların əhvalı dəyişdi.

Biz, müharibə və özünün orada iştirakı ilə bağlı insanın fikrinin necə dəyişdiyinin şahidi olduq. Onlar, bu cür müqavimət, cəsarət və birlik gözləmirdilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş