Məhkəmə Azərbaycanda saytların bloklanmasına qərar verib

Məhkəmə

Bakıda məhkəmə bir sıra xəbər saytlarına girişin məhdudlaşdırılması barədə hökm çıxarıb.

BBC Azərbaycanca müxbiri Günel Səfərin verdiyi məlumata görə, girişi məhdudlaşdırılan saytlar arasında Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV, Turan telekanalı və Azərbaycan saatı proqramının internet səhifələri var.

Onun sözlərinə görə, bu saytlar başqa domein adı ilə açılarsa, bu qərar yeni ünvanlara şamil edilməyəcək.

Vəkil Rəhim Səmədlinin bildirdiyinə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiasında iki tələb qoyulsa da, məhkəmə onlardan birini təmin etməyib.

"İkinci tələb ondan ibarət idi ki, bu saytlar başqa adla fəaliyyət göstərsələr, bu qərar həmin saytlara da aid olsun. Bu ikinci hissəni məhkəmə təmin etmədi", hüquqşünas bildirib.

Onun sözlərinə görə, saytların bloklanması ilə bağlı məhkəmə "ciddi pozuntularla müşayiət olunub".

Azadlıq qəzetin redaktoru Rövşən Hacıbəyli bildirib ki, başqa adla vəaliyyət göstərməyi düşünürlər.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Bloklanmış Azadlıq qəzeti: "Fəaliyyətimizi başqa adla davam etdirəcəyik"

"Söz azadlığı elə məhfumdur ki, onu məhkəmə qərarı ilə məhdudlaşdırmaq olmaz. Bu və ya başqa şəkildə fəaliyyətimizi davam etdirəcəyik", redaktor deyib.

Meydan TV öz Facebook səhifəsində sayt bloklanacağı üçün izləyicilərini Youtube kanalına abunə olmağa çağırıb.

Berlindən fəaliyyət göstərən saytın əməkdaşı Həbib Müntəzir BBC Azərbaycancaya, "hüquqi zəmində işləri" davam etdirəcəklərini və Avropa Məhkəməsinə qədər gedəcəklərini deyib.

"İndilik isə sadəcə alternativ yollarla çalışırıq izləyicilərimizə çataq və onlara da bu yolları bildirək, göstərək", o əlavə edib.

Məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında keçirilib.

Nazirlik Baş prokurorluğun ərizəsi əsasında media qurumlarını "Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verməkdə, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar etməkdə ittiham edir.

Bundan başqa media qurumları radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ etmək və yayılması qadağan edilən digər informasiyaların yerləşdirməklə "dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid" yaratmaqda ittiham edilir.

Media qurumları iddiaları rədd edirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş