Nokia 3310 mobil telefon bazarına qayıtdı

Nokia 3310 Fotonun müəllifi PA

Əfsanəvi düyməli Nokia 3310 telefonlarının müasirləşmiş versiyası Böyük Britaniyada satışa buraxılıb.

Təqribən 17 il sonra bu modelin original satışına başlanıb.

Rusiyada bu məhşur telefonların satışı rəsmən ötən həftə başlayıb.

Nokia 3310 original modelinin istehsalı 2005-ci ildə dayandırılıb, həmin vaxt isə 126 milyon belə telefon istehsal olunmuşdu.

Nokia şirkətinin özü artıq mobil telefon istehsalı ilə məşğul olmur.

Nokia 3310 modelinin yeni versiyasının hazırlanması lisenziyası HMD Global şirkətinə məxsusdur.

Finlandiyaya məxsus bu şirkət təqribən bir il əvvəl bu brend mobil telefonun yenidən hazırlanması məqsədi ilə yaradılıb.

HMD Global şirkəti "retro-model"lə yanaşı Nokia brendi altında Android əməliyyat sistemi ilə işləyən daha 3 smartfonu satışa çıxarmaq niyyətindədir.

İki megapixel kamera və internetə girişi məhdud olan Nokia 3310-nun yeni versiyası Böyük Britaniyada 49,99 funt sterlinqə satılır.

Rusiyada isə bu telefonu əldə etmək üçün alıcılar 3990 rubl ödəməlidirlər.

İstehsalçıların məlumatına görə, "retro-telefon"un mühərriki 22 saat danışıq rejimini və bir ay gözləmə rejimini təmin edir.

Britaniyalı ekspertin sözlərinə görə, "nostalji yaradan" bu telefonun uğuru onu nə qədər insanın alacağından asılıdır.

"Mənim kimi insanlar üçün bu həyəcanlı bir gündür", - deyə mobil telefon bazarını araşdıran CCS İnsight şirkətinin nümayəndəsi Ben Wood bildirib.

"Əgər bu telefonu Snapchat-dan asılı olan nəslin bir nümayəndəsinə versən, əlbəttə ki, bu onun istədiyi deyil. Lakin Böyük Britaniyadakı 20 milyon mobil telefondan bir milyona yaxını düyməli telefonlardır. Bu əvvəlki kimi əhəmiyyətli bazardır".

Əlaqəli mövzular

Bu barədə daha geniş