Britaniyada kirpi "hava şarına" çevrilməkdən xilas edilib

Еж Fotonun müəllifi RSPCA
Image caption Veterinarlar heç vaxt bu dərəcədə şişən kirpi görmədiklərini söyləyirlər

Böyük Britaniyanın şimalındakı Doncaster şəhərində bir kirpi çimərlik voleybolu topu kimi şişib.

Lakin Cheshire-dəki Canlıların Qəddar Davranışlardan Müdafiəsi Kral Cəmiyyətinin (RSPCA) mütəxəssisləri onun həyatını xilas ediblər.

Hava şarı sindromu adlanan bu xəstəlik kirpilərdə dəri örtüyünün zədələnməsi və ya infeksiyası zamanı baş verir.

RSPCA-nın müfəttişi Sandra Dransfield-in açıqlamasına görə, belə hallarda dəri altında qaz toplanır və bu da anormal şişməyə gətirib çıxarır.

"Bu mənim yadıma gələn ən pis hava şarı sindromudur. Çox nazik dərisi olan yazıq kirpi öz normal ölçüsündən iki dəfə artıq - çimərlik topu kimi şişmişdi ", - deyə heyvanların müdafiəçisi bildirib.

Fotonun müəllifi RSPCA
Image caption Rentgen müayinəsi kirpinin dərisi altında əhəmiyyətli dərəcədə qazın toplandığını göstərir

"Mən şişkinlikdən əziyyət çəkən kirpini Sheffield-dəki veterinarlara apardım. Onlar onu rentgendən keçirdilər, qazını çıxardılar, antibiotik və ağrıkəsici verdilər. Biz onu çox pis vəziyyətdə tapmışdıq və ümid edirəm ki o, sağalacaq ", - deyə Dransfield əlavə edib.

Əgər kirpinin dərisinin altına qaz toplanarsa o zaman onun dərisini ehtiyatla deşirlər. Bundan sonra isə canlı müalicə kursu keçməlidir.

Sheffield-dəki əməliyyatdan sonra çəkisi bir kiloqram olan kirpini RSPCA-nın Cheshire-dəki Vəhşi Təbiət Mərkəzinə gətiriblər.

Burada kirpi nəzarətdə saxlanacaq və ona ağrıkəsicilər veriləcək.

Kirpi tam sağalana qədər onun dərisindən hava çıxarılacaq.

Əlaqəli mövzular