Britaniya mətbuatı: Ən yaxşı seks evlilikdədir

Evlilik Fotonun müəllifi Joe Raedle/ Getty

"The İndependent" ekspertlərə istinadən yazır ki, bəziləri yaxşı seksi nikahdan kənarda axtarsalar da, ən yaxşı cinsi əlaqə məhz ər-arvad arasında baş verir.

Məqalədə deyilir ki, buna görə də intim coşğunluğun evlilik illərində solğunlaşması barədə inam o qədər də doğru deyil.

Psixoterapevt və cütlər arasında seks eksperti Esther Perel deyir ki, əsl seks həyatı evlilik həyatı ilə birgə başlayır.

Ekspert bildirir ki, evliliyin ilk vaxtlarında seks qaydasız xarakter daşıyırsa da, aylar keçdikcə intim münasibətlər əsl "yaradıcılıq işinə" çevrilir.

Perel bu qənaətdədir ki, seksin əsasında "qığılcım və atəş" deyil, romatik ideologiya dayanır.

Ekspertin fikrincə ailə cütləri arasında seks zamanı tanışlıq prosesinə vaxt sərf olunmur və seksin səmərəliyi yüksəlir.

Üstəlik də sabit və möhkəm bağlar seksin verdiyi həzzi artırmış olur.

"Siz erotikanı yetişdirməli və seksə məna verməli olursunuz" - deyir Perel.

Buna görə də xanım Perel seksi kənarda axtarmamağı və evlilikdə seks həyatına diqqət vermənizi məsləhət görür.

Evlilikdə iki insan bir-birini necə coşdurmağın yollarını daha yaxşı bilir.

Baş naziri London mülklərinə görə vəzifəsindən çıxardılar

Fotonun müəllifi Pool/ Getty

"The Guardian" yazır ki, Pakistanın Ali Məhkəməsi baş nazir Nəvaz Şərifi korrupsiya iddiaları ilə əlaqədar postundan uzaqlaşdırmaq barədə qərar qəbul edib.

Məqalədə deyilir ki, Ali Məhkəmənin yekdilliklə qəbul etdiyi bu qərar onsuz da qeyri-stabil olan ölkəni daha da qarışdıra bilər.

Beş üzvdən ibarət məhkəmə bu qərarını Panama sənədlərindəki faktlar əsasında çıxarıb.

Bu sənədlərdən məlum olurdu ki, Nəvaz Şərifin övladları ofşor şirkətlər vasitəsilə Londonda bahalı mülklər alıblar.

Nəvaz Şərifin sözçüsü məhkəmə qərarından narazılıq ifadə etsə də, hökmə hörmət əlaməti olaraq vəzifəsindən istefa verib.

Hakim Müsəlman Liqası - Nəvaz Partiyası indi 2018-ci il seçkilərinədək aralıq baş naziri seçməli olacaq.

Partiya az sonra bu barədə rəsmi bəyanat verməlidir.

"The Guardian" yazır ki, məhkəmə qərarı müxalifət lideri İmran Xan üçün uğur sayıla bilər.

O artıq bir müddət idi ki, Şərifin istefasına çağırırdı.

Ali Məhkəmə bu iş üzrə araşdırma materiallarını milli hesabatlılıq bürosuna təqdim edib və baş nazir, habelə onun üç övladı Məryəm, Həsən və Hüseynə qarşı cinayət işlərinin açılmasını tövsiyə edib.

Yerli media yazır ki, baş nazir və onun uşaqları barədə cinayət təhqiqatı tezliklə başlanacaq.

Əlaqəli mövzular