Necə oldu ki, inqilab Petroqrad geylərinə 15 illik azadlıq bəxş etdi?

18+

Русские матросы с молодыми людьми, переодетыми в женские платья, 1916 год Fotonun müəllifi Коллекция Ольги Хорошиловой
Image caption Rus matrosları və qadın geyimli kişilər, 1916-cı il

1917-ci il inqilabının ardınca homoseksuallıq haqqında qanun ləğv olunduqdan sonra, Rusiya homoseksualları müvəqqəti də olsa, azadlıq eldə etdilər.

Onlar dərnəklər, hətta toylar təşkil etməyə başladılar. Bunları sübut edən fotolar da az deyil.

İncəsənət elmləri namizədi, incəsənət və kostyum üzrə tarixçi Olqa Xoroşilova BBC-nin rusa xidmətinə, sovet hakimiyyətinin ilk illərində Petroqraddakı gey cəmiyyəti haqqında danışıb.

Bolşeviklər homoseksuallıq cəzasını necə ləğv etdilər?

Fotonun müəllifi Коллекция Ольги Хорошиловой
Image caption Tanınmış yazıçı Nabokovun atası Vladimir Dmitrieviç Nabokov homoseksuallıq haqqında qanunun ləğvi uğrunda mübarizə aparıb. Sankt-Peterburq, 1909-cu il

"1900-cü illərin əvvəllərində Rusiyada homoseksuallıq qanununun ləğvi haqqında aktiv müzakirələr gedirdi.

Əslində Cinayət Məcəlləsinə ediləcək dəyişikliklər əsnasında bu heç də təəccüblü deyildi.

Fikrin təşəbbüskarı isə tanınmış yazıçı Nabokovun atası Vladimir Dmitrieviç Nabokov olub. Amma müzakirələr nəticəsiz olur və qanun qüvvədə qalır.

Oktyabr inqilabından sonra, bolşeviklər mümkün qədər qısa vaxt ərzində qanunvericiliyi, eləcə də Cinayət Məcəlləsini dəyişməli idilər.

Homoseksuallıq barəsində olan qanunu qüvvədə saxlayıb və ya ləğv etmək, yaxud buna necə yanaşmaq haqqında da düşünmək lazım idi.

Bu məsələ ilə məşğul olan istər siyasətçilər, istərsə də həkimlər yekdil fikrə malik deyildilər. Lakin qanun, 1922-ci il Cinayət Məcəlləsinə daxil edilmədi. Eləcə də 1926-cı ildə çap olunmadı.

Məsələyə dərindən təsir göstərən insan isə alman alimi və Berlin Seksologiya İnstitutunun qurucusu Magnus Hirschfeld idi. Sovet həkimləri onunla daimi əlaqə qurur və onun Avropadakı fəaliyyətini yaxından izləyirdilər.

Hirschfeld homoseksuallığın xəstəlik olmadığı, insan seksuallığının bir ifadəsi olduğunu iddia edən çıxışlar edirdi.

Məhz Cinayət Məcəlləsinin çapa hazırlandığı 1926-cı ildə Hirschfeld, Moskva və Leninqradda mühazirələrə çıxış edib.

Necə deyərlər, o, Rusiyada homoseksualların təqib olunmadığını görüb, kifayət qədər razı qalmışdı. Baxmayaraq ki, bu dağın görünən tərəfi idi."

"Özlərindən olanları" necə ayırd edirdilər

Fotonun müəllifi Коллекция Ольги Хорошиловой
Image caption 1920-ci illərin məşhur berlinli aktyor-təqlidçi Hansi Sturm. Sovet-Petroqrad aktyorları özlərini ona bənzətməyə çalışırdılar

"Peterburq homoseksuallarının müəyyən bir dili var idi ki, geyimlərdə əks olunurdu və bu artıq 19-cu əsrin ortalarından mövcud idi. "Özəl" saydıqları aksesuarlara, adətən şalvarlarının arxa ciblərini bəzəyən qırmızı burun dəsmalları və ya qırmızı qalstuklar daxil idi.

Gümüş əsrin şairi Mixail Kuzminin Konstantin Somov tərəfindən çəkilmiş məşhur portretində, qırmızı qalstuk təkcə rəsmə əlvan ton qatmaq üçün göstərilməyib, eləcə də şairin homoseksual alt-mədəniyyətə aid olduğunu əks etdirir.

20-ci əsrin əvvəllərində bəzi gənc kişilər həddən artıq parlaq qrimdən istifadə edirdilər. Bəziləri üzünü pudralayır, bəziləri isə gözlərinə sürmə çəkirdilər və bunlar da homoseksuallığın əlamətləri hesab olunurdu.

Amma 1920-ci illərdə üzü həddən ziyadə bəzəmək gey cəmiyyətin üzvlərinin əlaməti olmaqdan çıxdı.

Həmin dövrdə gənclər kinematoqrafiya ilə yaxından maraqlanır və aktyorların xarici görünüşündən ilham alırdılar.

Yeni İqtisadi Siyasətin (YİS) Petroqrad qəhrəmanları da üzlərini ağardır və gözlərinə sürmə çəkirdilər. Bununla da onlar, meyxanalarda və küçədə bir-birlərini tanıyırdılar.

Petroqrad homoseksuallarının stil ikonası yox idi. Homoseksual cəmiyyəti bəzi insanları təqlid edirdi - müğənnilər, aktyorlar, yazıçılar. Bunlar arasında Oscar Wilde xüsusi yer tuturdu.

1920-ci illərdə sovet homoseksualları arasında alman travestləri (əks cinsi təqlid edən aktyor) məşhurlaşmağa başlayır. Ələlxüsus, Berlinin "Eldorado" klubundan Hansi Sturm. Onu Leninqradda yaxşı tanıyırdılar.

Fotonun müəllifi Коллекция Ольги Хорошиловой
Image caption "Pavlik" (şəkilin arxasında belə yazılıb) ləqəbli Petroqrad qadın təqlidçisi. 1910-cu illərin ikinci yarısı

O dövrdə indi gey-ikona və ya dəb cərəyanı yaratmaq anlayışı heç yox idi. Bu anlayışlar daha gec, 1980-ci illərdə formalaşıb - gey-mədəniyyəti Amerika və Avropa vizual mədəniyyətini, xüsusilə də incəsənət və dəbini fəth etdikdən sonra."

Niyə Petroqrad geylərinin öz dili olmayıb?

"1920-ci illərin Cinayət Məcəlləsində homoseksuallıq barədə qanun olmasa da, indiki kimi o zaman da homoseksuallar təqib olunurdu. Onları döyür, təhdid edir və işdən qovurdular.

Fotonun müəllifi Коллекция Ольги Хорошиловой
Image caption YİS erasının müasir səhnə obrazları "apaşa" və "apaşka" rolunu canlandıran iki gənc. Leninqrad, 1920-ci illərin ortaları

Bəziləri psixiatr Vladimir Bexterova səmimi məktublar ünvanlayaraq, ondan son ümid yeri kimi kömək istəyirdilər. Ona yalvarır, depressiya ilə mübarizə üçün kömək umur və hətta "xəstəliklərinin müalicəsi" üçün imdad diləyirdilər.

Bu məktublar və digər sənədlər arasında gey-cəmiyyətinin cəsarətli simaları haqqında məlumatlar da var. Onlar qadın geyimlərində gəzir, korsetlər geyinir, uzun saçlar taxırdılar və əsl qadından heç fərqlənmirdilər.

Rusiyadan fərqli olaraq, Avropada homoseksual mədəniyyətinin vizual dili daha sürətlə inkişaf edirdi. 1920-30-cu illərdə avropalı geylər dəbdəbəli kostyumlar, şıq aksesuarlar, xüsusi bəzək əşyaları geyinirdilər. Hətta siqareti də fərqli şəkildə, orta və adsız barmaq arasında tuturdular.

Sovet homoseksuallarının bu burjua var-dövləti və bər-bəzəyinə gücü çatmırdı. Vətəndaş müharibəsi 1920-ci ildə bitən bir ölkədə hansı kostyum dilindən söhbət gedə bilərdi ki?!

Fotonun müəllifi Коллекция Ольги Хорошиловой
Image caption Bir xanımın şəkili. Fotonun arxasında hansısa Veraya olan dərin məhəbbətdən yazılıb. Bu cür foto və məktublar nadir tapıntıdır. 1927-ci il

Aclıq idi və geyinməyə bir şey yox idi. Buna görə də 1920-ci illərdə Fransa və Britaniyadakı kimi gözəl dil, kostyum "arqosu" yaratmaq obyektiv səbəblərdən mümkün deyildi.

"Aristokratlar" və "adi insanlar"

Fotonun müəllifi Коллекция Ольги Хорошиловой
Image caption Sevgili cütlük obrazı yaradan iki qız. İnqilabdan əvvəl və sonra Rusiyadakı lesbiyanlar haqqında çox az məlumat var, onların şəkili isə əsl tapıntıdır. Petroqrad, 1916-17-ci illər

"Petroqrad homoseksual cəmiyyət heterogen deyildi. Lesbiyanlar öz şəxsi həyatlarını sakitcə, büruzə vermədən yaşayırdılar. Görünür ki, onlar üçün 1920-ci illərin Petroqrad-Leninqrad "çəhrayı" mədəniyyəti mövcud olmayıb.

Onların həyatı haqqında sənədlərin az olmasının bir səbəbi də bu qapalı və intim həyat tərzi olub. Fotolar isə əsl nadir tapıntılardır. Mənim kolleksiyamda bir neçə dənə var.

Geylər isə əksinə, özlərini daha aktiv və yaradıcı aparıblar. Onlar bədii və ədəbi gecələr təşkil edir, dərnəklər təsis edir, kostyumlu toylar qurur, məktub və gündəliklər yazır və xatirə şəkilləri çəkdirirdilər.

Nə qədər gülünc səslənsə də, inqilabdan sonra belə geylər, mülklərini bölüşməyə razılaşıblar. İnqilabdan həm əvvəl, həm də sonra, faktiki olaraq bir yox, iki cəmiyyət olub və onların nümayəndələri demək olar ki, bir-birləri ilə ünsiyyət qurmayıblar.

Cəmiyyətlərdən biri yaradıcı ziyalılar, saray adamları, çinovniklər, çar ordusu və donanmasının zabitlərinin üstünlük təşkil etdiyi, belə deyək, "aristokratlardan" ibarət olub. Onlar aktyorları dəvət edərək gecələr və konsertlər təşkil edirdilər.

Fotonun müəllifi Коллекция Ольги Хорошиловой
Image caption 1920-ci illər Petroqrad gey-cəmiyyətinin "adi insanlar" təmsilçiləri. Foto 1920-ci illərin ortalarında çəkilib

Digər cəmiyyətə isə "adi insanlar" daxil idi (bu adı "aristokratlar" qoşmuşdular). Buraya əsgərlər, matroslar, katiblər - inqilaba qədər sovet Peterburq şənliklərində iştirak etməyən, heç 1917-ci ildən sonra da "aristokratların" istənməyən qonaqları olan homoseksuallar aid idi.

Belə çıxır ki, inqilab sinif bölgüsünü aradan qaldırsa da, homoseksualların adəti bölgü çərçivəsini poza bilməyib.

Amma, bəzən "aristokratlar" istisna edib "adi insanları" da gecə şənliklərinə dəvət ediblər.

Bundan başqa, sinif bölgüsünə qadın təqlidçiləri (qadın rolunu canlandıran kişi aktyorlar) daxil deyildilər. Onları görməyə həm "aristokratlar", həm də "adi insanlar" şad olurdular.

Fotonun müəllifi Коллекция Ольги Хорошиловой
Image caption Məşhur balerina Matilda Kşesinskaya obrazını ifa edən peterburqlu qadın təqlidçisi. 1910-cu illərin əvvəlləri

Qadın təqlidçiləri, Rusiya teatrlarına həm inqilabdan əvvəl, həm də sonra xas olan travesti janrından daha çox, homoseksual mədəniyyət ilə bağlı xüsusi bir janrın aktyorları idilər.

Belələri arasında tanınmış balerinalar - məsələn, Matilda Kşesinskayanı - təqlid edən əsl ulduzlar da olub. Onların arsenalına peşəkar dərzilər tərəfindən tikilmiş gözəl kostyumlar daxil idi.

Mən hətta, onların bu geyimləri Petroqradın ən məşhur dərzisi Leyfertdən alıb və ya kirayələdiklərini də dəqiqləşdirə bilmişəm. İnqilaba qədər o, imperator sarayının dərzisi olub və Marinski teatrının aktyor və aktrisalarının geyimlərini tikib.

Təqlidçilər, kişi toyları üçün istər gəlinlik, istər analar üçün, istərsə də gecənin şən qonağı qismində iştirak edənlərin geyimlərinin kostyum halında təqdimi ilə tanınırdılar."

Petroqradın ən səs-küylü toyu

"Petroqradda bu cür neçə toyun baş tutduğunu bilmirəm. 20-ci illərə dair sənədlərdə yalnız ikisinin adı çəkilir.

Onlardan biri 1920-ci ildə Petroqradın tam mərkəzində yerləşə Zabitlər küçəsində keçirilib. Çinovnik Qeorqi Andreyev, Dina ləqəbli gənc zavod işçisi Denis Nesterenko ilə evlənib. İkinci kişi toyu isə 1921-ci ilin yanvarında baş tutub.

Bəzi sənədlərə əsasən, Leninqradda kişilərin kostyumlu toyları daha gec, 1920-ci illərin sonu və 1930-cu illərin əvvəlində keçirilib. Amma onlar haqqında çox səthi məlumatlar var. Və bu toyların harada baş tutduğu və kimlərin iştirak etdiyini hələ də müəyyənləşdirmək olmayıb.

Amma 1921-ci ildə səhnələşdirilən toy mərasimi haqqında kifayət qədər məlumat mövcuddur.

Bu toyu gənc partiyaçı, Çeka agenti, Baltik donanmasının matrosu Afanasi Şaur təşkil edir. O, parlaq partiya karyerası qazanmaq naminə nə iləsə fərqlənmək istəyirdi.

1920-ci ildə onun ağlına əsl sui-qəsd yaradıb, üstünü açmaq kimi bir fikir gəlir (o dövrdə Petroqradda demək olar ki, hər gün bir sui-qəsd üstü açılırdı.) Onun tanışlarına ordu və donanmanın keçmiş zabitləri və aşağı dərəcəli üzvləri daxil idi və onların hamısı homoseksual idi.

Fotonun müəllifi ЦГА СПб
Image caption Afanasi Şaur tərəfindən təşkil edilən kişilərin 1921-ci ildəki kostyumlu toyu

O, bir intriqa yaradaraq, bütün bu keçmiş hərbçilərin əksinqilabçı olduğunu və onların cavanları yoldan çıxarıb, gənc Qırmızı ordunu mənəvi dəyərlərə zidd şəkildə daxildən dağıtmaq istədikləri kimi bir yalançı fikrə düşür.

Və bütün bu "keçmiş üzvlər əksinqilabi birliklərdən" ibarət dərnəklər təşkil edirdilər. Kişi toyu adı altında Şaur qərara alır ki, əsas "əksinqilabçıları", yəni Petroqradın gey-mədəniyyətinin əsas təmsilçilərini bir araya yığsın və milisin köməyi ilə onların hamısını həbs etsin.

O, hər şeyi dəqiqliklə hesablamışdı. Qonaqlar ("adi insanlar" və "aristokratlar") adi qonaqlığa belə asanlıqla gəlməzdilər. Amma kostyumlu, "valideynlərin xeyir-duası ilə ərsəyə gələn", duz-çörəkli və konsertli kişi toyu bir çoxları üçün maraqlı olardı.

Toyda 95 nəfər iştirak edir və onların arasında kişi geyimli bir qadın da olur. Və onların hər biri həbs olunur. Amma nəticə olaraq cinayət işi bağlanır. Yəqin ki, iştirakçılar yüngülvari qorxu hiss keçiriblər."

Hər şey necə bitdi

"Şaur tərəfindən təşkil edilmiş təftişdən sonra, 1920-ci illərdə təntənəli toy və ya məhkəmə prosesləri haqqında məlumat yoxdur. Homoseksuallıq hələ ki, Cinayət Məcəlləsinə daxil edilməmişdi və gey dərnəkləri üzərində yalnız gizli nəzarət var idi.

Fotonun müəllifi Коллекция Ольги Хорошиловой
Image caption Rusiya travestləri səhnə kostyumlarında, 1910-cu illər

1930-cu illərin əvvəlində isə vəziyyət dəyişir. 1933-cü ilin iyulunda həbslər başlanır. "Leninqrad homoseksualları işi" çərçivəsində 175 nəfər həbs edilir.

Onların həbsinin səbəbini dəqiqləşdirmək hələ mümkün olmayıb, çünki sənədlərin əksəriyyəti gizli saxlanılır və tədqiqatçıların onları təhlil etməsi qadağandır.

Homoseksualları siyasi əsaslarla həbs edir, onları faşizm, ingilis xəfiyyəsinə xidmətdə, "əksinqilabi fəaliyyətdə" və ya "Qırmızı ordunun mənəvi parçalanmasına cəhddə" günahlandırırdılar.

Düşünürəm ki, 1921-ci ildə baş tutan Şaurun "toyu" bu işdə ən axırıncı rolu oynayıb. Birləşmiş Dövlət Siyasi İdarəsinin (BDSİ) işçiləri, onun "homoseksuallar" ordu və donanmaya zərər verir donosunu xatırlayırlar.

Elə bu sözlər 1930-cu illərin əvvəllərindəki donoslarda əks olunub. BDSİ-yə xas üsullarla həbs olunan şəxslərin etiraflarında da eyni fikirlərə rast gəlinir.

"Homoseksualların işi" üzrə Leninqrad həbsləri, 1934-cü ildə nəşr olunan yeni Cinayət Məcəlləsində homoseksuallıq haqqında qanunun qüvvəyə minməsi üçün əsas oldu."

Əlaqəli mövzular

Bu barədə daha geniş