Avstraliyada istilər: yüzlərlə yarasa ölüb, it sahibi qəddarlıqda ittiham olunub

Sidneydə xilas olunmuş yarasa Fotonun müəllifi Wires
Image caption Sidneydə xilas olunmuş yarasa

Avstraliyada hədsiz istilərdə yüzlərlə yarasa ölüb və maşında qalmış küçüyün sahibi heyvana qarşı qəddarlıqda ittiham olunub.

Sidneydə bazar günü, 1939-cu ildən bəri ilk ən isti gün qeydə alınıb - şəhərin qərbində havanın hərarəti 47.3C olub.

Yerli heyvanlar arasında yarasalar, kisəli siçanlar və quşlar istidən ən çox əziyyət çəkənlərdir.

Bir qadın küçüyü qapıları bağlı maşında qoyub və polis iti tapanda maşının içərisində hərarət 65C imiş, polis xəbər verir.

Polis əməkdaşları alış-veriş mərkəzinin bayırında saxlanan maşının pəncərələrini sındıraraq yeddi həftəlik iti xilas edib.

Fotonun müəllifi Victoria Police
Image caption Bu küçüyü polis xilas edib

Küçüyə su verilib və kondisionerlə sərinlənmiş polis maşınına keçirilib. 28 yaşlı qadına qarşı "heyvanlarla qəddar rəftar" ittihamı irəli sürülüb.

Şəhərin qərbində yarasalar sinfindən olan uçan tülkülər dəstəsi kəskin istilərin təsirinə məruz qalıb. Yüzlərlə uçan tülkü adlanan yarasa ölüb, heyvanları mühafizə qurumu bildirib.

120 uçan tülküyə xilasedicilər su verib və onları analarına qaytarıb.

"İnsan övladı kimi, onlar da körpə yaşlarında çox müdafiəsiz olurlar", heyvanları mühafizə qurumundan menecer Kristie Harris deyib.

Fotonun müəllifi Wires/Ricardo Lonza
Image caption İstilər uçan tülküləri ağaclardan düşməyə məcbur edir, xilasedicilər deyir.

Xilasedicilər həmçinin, qaynar damlarda və yollarda pəncələri yanmış kisəli siçanları sağaltmaqla və quşlara su verməklə məşğul olub.

"Nə zaman hava çox isti olsa, bilirik ki, köməyimizə ehtiyacı olan çoxlu heyvan var", xanım Harris deyib.