“Biz də insanıq, bunu unutmayın...” - sumqayıtlı həkimin hekayəti

Həkim Fotonun müəllifi SERGUEY CHIRIKOV/ Getty

Tural (ad şərtidir) Sumqayıtda yaşayır. Bura kiçik şəhərdir, rəsmi əhalinin sayı beş yüz mindir, amma qeydiyyatda olmayan məcburi köçkünlər sakinlərin sayını bir qədər artırır.

Bura ucuzluqdur, ev kirayəsi də Bakıya nisbətən aşağıdır, amma iş yerləri az olduğundan sakinlər paytaxta üz tutur. Şəhər miqyaslarına baxmayaraq, oradan-buradan tanış tapmaq çətin deyil, hamı bir-birini tanıyır.

Turalla Sumqayıtdakı böyük mağazaların qarşısında görüşürük. Maşınına otururam, arxa oturacaqda uşaq kreslosu bərkidilib.

Sumqayıtdakı kafelərin birinə gedirik. Sabah onun növbəsidir. Tural Təcili Tibbi Yardım xidmətində çalışan həkimdir.

Adətən Tibb Universitetinin gənc məzunlarının ilk iş yerlərindən biri təcili tibbi yardım olur. Amma Tural burada artıq yeddi ildir ki, işləyir.

"Mən bacarmaram?"

"Otuz üç yaşım var, Sumqayıtda yaşayıram. Azərbaycan Dövlət Tibb Universitetini bitirmişəm, sonra Radiologiya İnstitutunda internatura keçdim.

Düzü, uşaqlıqda heç həkim olmaq arzusunda deyildim. Qardaşım Tibb Universitetinə qəbul oldu, mənim üçün isə bu, özümü təsdiqləmək üçün bir üsul oldu: "O, qəbul olubsa, bəs mən bacarmaram?". Elə gətirdi ki, bütün ailə üzvlərimiz tibbə aiddir.

Birinci kursu çox yaxşı oxumuşam. Adətən təzə gələn tələbələri elə qorxudurlar ki, hamı yaxşı oxuyur.

Həm də ki, universitetə daxil olanda artıq iki il idi ki, Tibb Universitetinin tələbələri ilə oturub-dururdum, qardaşım üçüncü kursda idi. Həmişə imtahana birinci daxil olub, birinci də keçmişəm.

Adətən deyirlər ki, tələbələr birinci kursda morqda meyitlərdən qorxub-çəkinə bilərlər. Bir professorumuz var idi, Şadlinski, onun səsi morqda görülə biləcək ən dəhşətli mənzərədən qat-qat qorxulu idi.

Qızlar var idi, deyirdi: "Mən ora girməyəcəm, formalin iyi gəlir". Formalinin çox yandırıcı iyi var, adamın gözündən yaş tökür. Ondan sonra xlorun iyi belə təsirsiz qalır.

Dərsdə isə formalinlə dolu hovuzlardan bədən və ya qazanlardan bu gün dərsin mövzusu olan orqanların birini gətirmək lazım idi. Professor Şadlinski yavaşca öskürəndən sonra həmin qızlar dərhal çənlərə cumub əlcəksiz bağırsaqları götürüb masalara aparırdı.

"Meyit" adətən bizə qıcıq verən iyrəndirici bir məxluq kimi gəlir. Amma əslində o, bir cansızdır. Meyit sterildir, onun içində heç bakteriya da yoxdur.

Bəziləri deyir ki, "kitablarınız köhnə, sovetdən qalmadır". Elələri də var. Məsələn, "Anatomiya" fənni, bunun dərsliyi nəinki sovetdən, hələ qədim vaxtlardan qalıb.

Amma indiyə kimi masaüstü kitabdır, çünki mükəmməldir. Axı qədimdən indiyə kimi insan orqanizmində, bədəninin quruluşunda heçnə dəyişməyib. Cərrahiyyədən də həmçinin, on beş-iyirmi kitabdır, hamısı da ciddi senzuradan keçmiş.

Yeni üslübları, xəstəliklərə yanaşmaları nəzərə alanda isə, mən oxuyanda ciddi yeniliklər yox idi, amma kiməsə lazım olanda, onsuz da gedib, kurslarda oxuyur.

Məsələn, bizim vaxtımızda koronar angioqrafiya deyilən müayinə növü yox idi, amma indi çox məşhurdur, beş nəfərdən ikisi onu istifadə edir və bunlar əlavə məlumat sayılır, standart tələb olunan biliyə daxil deyil.

Tibb Universitetində "biliyin olması mütləqdir"

Universitetdə təhsilimiz çox yaxşı idi. Hamı deyir ki, "Tibb univesitetində hamısı pulla idarə olunur". Bizdə biliyin olması mütləq idi. Bir semestr ərzində on beş imtahan verirdik, oxuduğumuz illərdə sayı dörd yüzə çatdı. Hazırlaşırdınsa, mütləq qiymətini alırdın.

Təyinatla Sumqayıta düşmək istəyirdim, amma əsgərliyə getməli oldum. Ondan sonra şəkkiz ay ərzində doğma şəhərimə təyinatı gözlədim.

Hər dəfə deyidilər ki, yer yoxdur. Bu müddətdə səkkiz nəfər işə düzəldi. Axırda bura düşdüm. Həmçinin digər yerlərdə də işlədim - beş il dərman firmasında, Bakıda özəl şirkətdə. Sonradan o bağlandı.

Orada da təcili yardım işi idi, maaşı 350 manat çıxırdı. Hələ ağır xəstələrin daşınmasına görə əlavə məbləğ də nəzərdə tutulmuşdu, amma sonda onu da vermədilər.

Sumqayıtın 1 saylı xəstəxanasında bir il reanimatoloq, növbətçi həkim işlədim.

Təcili tibbi yardıma işə düzələnlər kifayət qədərdir. Buranın maaşı da digər dövlət qurumlarından artıqdır. İş saatından asılı olaraq 350-400 manat edir.

Məsələn, reanimasıyadakı maaşım 90-100 manat idi. İş də çətin idi, çünki təcili tibbi yardım ən ağır xəstələri bura gətirirdi.

Əslində marağım gəlir məsələsi deyildi. Əsas təcrübə idi. Elə də olurdu ki, ümumiyyətlə reanimasıyaya aidiyyatı olmayan, başqa şöbələrdə yerləşdirilməli olan xəstələri bizə gətirirdilər.

Orada elə nəzarət yox idi. Bezdim, çıxdım. Əslində ayda altı növbə orada, altı növbə təcili tibbi yardımda işləməli idim.

Şöbə müdiri çağırırdı ki, "Sən allah, orada xəstələr var, get, gəbul et", günüm elə orada keçirdi. Növbə on iki və on səkkiz saat idi, təcili yardımda isə bir sutka.

Həkimin borcu

İşim, bir tərəfdən, çətindir. Məsələn, bu yaxınlarda çağırışa getmişdik, xəstə özü təyinat verir: "Mənə oksigen vur!".

Hər-halda, məni çağırmısınızsa, qərarı da mən verməliyəm, qoşulmalıdır ya yox. Məlum oldu ki, maşında heç oksigen də yox idi. Onun üstündə bir az qanqaraçılıq yaşandı.

Xəstə mənə bəyan etdi ki, "bu, sənin borcundur!". Mən də qayıtdım: "Mənim sənə olan borcum sənin mənə olan borcdan bir qəpik də artıq deyil".

Cünki formanı, çantanı, içindəki dərmanları - demək olar ki, hər şeyi özüm alıram. Növbə ərzində mənə üç, son vaxtlar isə beş ampul Analgin verilir.

Bu dərmanların sayını müəyyən meyarlara görə hesablayırlar: məsələn, rəsmi olaraq əhalinin sayına görə, sadə başağrısı üçün təcili yardımın nəzərdə tutulmamasına görə, və s.

Amma faktiki vəziyyət fərqlidir. Tələbnamə əsasında dərmanları ala bilirəm, lakin mövcüd olanları.

Hər gün ürəkdöyünmə ilə çağırışa gedirəm. Deyə bilmərəm ki, təchizat yoxdur, sadəcə tələblərə adekvat olan deyil. Məsələn, beş ədəd şpris verilir: iki ədəd 2-qramlıq, 2 ədəd 5-qramlıq, 1 ədəd 10 və ya 20-qramlıq.

Əslində böyük şprislər heç işlənən deyil. Həm də başqalarından iki-üç dəfə bahadır. Onun yerinə tələbatı çox olanı versəydilər, daha yaxşı olardı.

Hər çağırışda iynə vuranda, hətta hərəsini müxtəlif şprislərlə vuranda, iynə tez qurtarır, yerdə qalanları özüm almağa məcburam. Və ya Korvalol.

Yarım ildə bir dəfə verirlər, deyirər: "Damcısını az tök". Axı mən böyük çəkili yaşlı adamlara necə az tökə bilərəm, təsir etməz axı. Azı əlli damcı verməliyəm, üç çağırışa qurtarır.

Mənə danışıblar ki, Bakıda vəziyyət tamam fərqlidir, həkimi çantasında nə var maraqlandırmır, çünki bütün dərmanları var.

Benzin təchizatı ilə problemimiz yoxdur, yaxınlıqdakı ərazilərdən fərqli olaraq. Biz tək Sumqayıta yox, Ceyranbatan, Saray və digər kəndlərə də gedirik.

Çünki oralarda həkim maşının yanacağını öz cibindən ödəyir, buna görə də tez-tez çağırışa getmirlər. Çıxış yolu da tapılır: "Briqadamız yox idi, ona görə Sumqayıta müraciət etdik".

Kino ilə real həyat fərqlidir

Çox vaxtı xəstələr irad tutur: "Kinoda belə görmüşəm". Onlara anlada bilmirəm ki, ilk növbədə kino real həyatdan fərqli olur. Məsələn, kinoda huşsuz adama defibrilyasiya edirlər. Buna da əks göstərici nəbzin olmamağıdır.

Gəlirsən, görürsən, xəstə çoxdan keçinib, üstündən də hələ otuz-qırx dəqiqə keçib. Defibrilyatoru vuranda isə, bədəni yandırır, çünki ürək artıq döyünmür və 360 coul (bu da 7000-8000 volt deməkdir) enerji boş yerə istifadə olunur. Həm də meyitə təhqirdir.

Və ya iynə vurulandan sonra istəyirlər ki, vurulan yerə xüsusi plastır yapışdırılsın, bunu da kinoda görüblər. Axı mən bu plastırları öz cibimdən almalı oluram. Həm də ki, xaricdə həkimin maaşı on-on beş mindir, burada isə yüz manat.

Qrup yoldaşım Bakıda işləyir, deyir orada elə deyil, təchizat daha yaxşıdır. Və ya getdiyim kursda bizə deyirlər: "Çantanızda filan rəngli qutuda filan dərmanın üç ampulası olmalıdır", halbuki nə rəngli qutu var, nə də ki, dərmanın adını elə kursda eşitmişəm, buralarda heç olmur.

İşimin maraqlı tərəfləri də var. Məsələn, çətin məqamlar olur. Xəstəyə lazım olan dərman yoxdur. Onu özüm alıb vururam.

Karta da yaza bilmirəm, çünki bu dərman ümumiyyətlə verilməyib. Amma vəziyyətdən çıxanda və xəstənin səhhətində yaxşılaşma görəndə, öz işimdən həzz alıram.

Pul uzadanda, "ehtiyac yoxdur" deyirəm

Sumqayıtda cəmi bir ədəd reanimasion maşın var, onda da biz işləyirik. Növbə ərzində on iki - on beş arası çağırışımız olur, amma elə də olub ki, otuz dəfə çağırışa getməli olmuşam.

Reanimasion briqadamız ağır xəsarətlərdə də işləyir, məsələn, yol qəzalarında, zəhərlənmədə və s. Yayda çağırışların sayı azalır, indi çoxdur. Beş-altı çağırışdan sonra yorulursan.

Çağırışı edəndə xəstələr pul da verir. Buradakı "qazanc" da həkimdən həkimə fərqlidir. Məsələn, mənə pul uzadanda, çox vaxt "ehtiyac yoxdur" deyirəm.

Elə xəstə olur, əlini geri çəkir, eləsi olur, israrla cibimə basır.

Bakıdan fərqlənərək (orada çağırışa 20 manat da verə bilərlər), bizim camaat daha imkansızdır, adətən 5 manatdan artıq olmur. Növbə ərzində 15-20 manat yığılır.

Hər beş manatın birini tibb bacısına, birini feldşerə, birini sürücüyə verəndə, özümə iki manat qalır. Növbə ərzində öz "qazancım" 10-12 manat olur.

O puldan mən əlcək, EKQ apparatı üçün gel, kağız alıram; işdə verilən 10-qramlıq şprisləri verirəm başqalarına, özüm əvəzinə balacasından alıram.

Başqa həkimlər o qədər də xərc etmir, onların dərmanları daha sadədir, məsələn, analgin - o, 2-3 manatdır, son vaxtlar qiyməti 5 manata qalxdı.

Mənə (ixtisasım kardiologiyadır) lazım olan dərmanın biri - İzoprin, 15 manatdır (indi hətta 16 olub), on ampuladır. İki-üç növbədən bir almalı oluram.

"Həkim klinikaya xeyir gətirməlidir"

Düzü, klinikada işləmək bir o qədər də maraqlı deyil: oturursan bir yerdə, xəstəni qəbul edib, resept yazırsan... İşdə bir qədər həyəcan da olmalıdır.

Bundan başqa, klinikalarda da həkimləri müəyyən şeylərə məcbur edirlər, məsələn, xəstəyə mütləq müəyyən dərmanları yazmaq. Həkim klinikaya xeyir gətirməlidir, deyirlər, yoxsa səni nəyə saxlayırıq?

Əslində təzə-təzə işə başlayanda, çətin olur. Amma bu, hər bir işdə elədir.

Çağırışlarda əsəblərə də şikayətlənirlər. Deyirəm: "Axı əsəbiləşib-əsəbiləşməmək sənin öz əlindədir, nəyə görə əsəbiləşməlisən ki?" Deyir: "Yox e, sən bilmirsən, mənim işim çətindir".

Fərq etməz, bu, bank işidir, tikintidir, sahibkarlıqdır. Deyirəm: "Yaxşı, sən işini qurtardın, gəlirsən evə, rahatlanıb, bütün əsəblərini bir yana töküb dincələ bilərsən.

Mənim işim isə sənin kimiləri sakitləşdirməkdir və bu iş bir-iki saatla bitmir. Bəs mən onda nə edim?"

"Sonradan öyrəşirsən..."

Təzə-təzə bəzi məqamlar mənə çox təsir edirdi. Məsələn, çağırışa gəlirsən, görürsən ki, xəstə keçinib, evdəkilər də hələ bilmir.

Bu sözü onlara demək lazımdır. Bəzən xəbəri eşidib aqressivləşirlər. Amma sonradan öyrəşirsən. Daimi həyəcan içində olsan, işini görə bilməzsən, özünü itirsən, heç kimə kömək edə bilməzsən. Amma özüm xasiyyətcə bir az soyuqqanlıyam.

Bir dəfə olub, çaşmışam. Təcili yardıma təzə düzələndə, qanunla bir-iki ay çağırışlara daha təcrübəli həkimlə praktikant kimi çıxmalısan.

Bir-iki gün elə işlədim, üçüncü gün təcili çağırış oldu: körpüdə iri qəza baş vermişdi - iki ailə toydan qayıdırdı.

Vəziyyət çox pis idi, hamı qışqırırdı, yerdə yeddi-səkkiz meyit var idi. Biri başından xəsarət almışdı, ona ağrıkəsici kimi narkotik vurmalı idim.

Tibb bacısı çox kök idi, maşından çıxa bilmədi. Özüm çantanı götürüb qaçdım adamın yanına. Dərhal ampulanı qırdım, içindəkini şprisə yığıb iynəni vurdum, şüşəni də kənara atdım.

Sonradan yadıma düşdü ki, həmin ampulanın şüşəsini atmaq yox, təhvil verməli idim. Düzdür, ora-bura baxdım, amma qaranlıq və təşviş içində kiçik bir süsəni tapmaq qeyri-mümkün idi.

Növbəti gün məcbur oldum yenə həmin yerə qayıdıb şüşəni axtarım. Xoşbəxtlikdən tapa bildim.

İstifadə etdiyim narkotik vasitələrinin istifadə zamanı, miqdarı, hətta ampulanın öz qeydiyyat nömrəsi blankda qeyd edilir və imza ilə təhvil verilir.

İstifadə edilmiş şüşələrin ləğvi üçün alti-yeddi nəfərdən ibarət komissiya yaradılır. Ümumiyyətlə narkotik dərman vasitələrinə nəzarət çox ciddi olur.

Həm də o, elə bir dərmanlardı ki, onları qeyri-təyinat üzrə işlətmək nünkün deyil. Məsələn, infarkt keçirənlər üçün - o zaman sinədə bərk ağrılar olur, ağır qəza zamanı və s.

İnsanın sadəcə başağrısı varsa, o vaxt da təyinat üzrə mübahisələr ola bilər. Adətən ağrıkəsici kimi analgindən istifadə olunur, amma mən kofein vururam.

Diaqnozun qoyulması zamanı səhvlər olur. Adətən bizi artıq baş vermiş səhvə çağırırlar. Çağıran da bizdən əvvəl gedən briqada olur.

"İlk baxışdan bildim ki, ölüb"

Yanımda cəmi bir nəfər dünyasını dəyişən olmuşdu. Heç mənim çağırışım deyildi. Bir özəl klinikanın baş həkiminin anası idi.

Ürək çatışmaması var idi. Mən də işə təzə düzəlmişdim, kitab çox oxuyurdum. O vaxt defibrilyatordan istifadə edən yox idi, belə bir vərdiş yaranmamışdı.

Bir mən idim, bir başqa gənc həkim, rus bölməsini bitirmişdi. Həm məntiqi, həm savadı, səviyyəsi o saat bilinirdi.

Gördüm, xanım skamyanın üstündə uzanıb, başının üstündə oğlu dayanıb. İlk baxışdan bildim ki, o, artıq ölüb. Amma protokol üzrə mən bütün reanimasion prosedurları yerinə yetirməliyəm.

Soyuq havada cəmi səkkiz-on dəqiqə vaxtım var idi. Gözlərinin bəbəyi işığa reaksiya vermirdi - deməli, beyin artıq məhv olub.

Amma mən etdiyim hərəkətlərdən sonra ürək yenə işləməyə başladı. Demək olar ki, ideal kardioqramması çıxdı.

Ürəyin işə düşməsini görəndə, hamı mənə baxdı: "Nə oldu, xəstəxanaya aparaq?" Düşündüm: "Axı beyni artıq məhv olub. Desəm "aparmayaq", deyərlər "sən onu öldürdün", desəm "aparaq", deyərlər, yenə də təqsirkarsan".

Nə isə, apardıq yaxınlıqdakı xəstəxanaya. Yoldə ürəyi bir daha dayandı, yenə də işə saldım. Amma reanimasiya şöbəsində artıq oğlu - həkim yanıma yaxınlaşıb, öz dili ilə "Bəsdir!" dedi.

Təcili yardım şöbəsinin həkimləri "həkim deyil"

Əslində təcili yardım həkimləri mütəmadi kurslara getməlidir. Mən hələ ixtisas üzrə kursları demirəm. Bir də reanimasiya üzrə kurslar olmalıdır, və olur da.

Çox yaxşı da dərs deyirlər. Hər cür şərait, maddi baza, avadanlıq, manekenlər var. Amma çox vaxt həkimlər kursa, "boş-boşuna vaxt aparır" bəhanəsi ilə getmirlər.

Təəssüf ki, təcili yardımda işləyən həkimlərdən çoxu həkim deyil. Nəyə görə?

Tibb Universitetində altı fakultə var: tibbi biologiya, profilaktika, stomatologiya, farmakologiya, pediatriya, müalicə işi.

Ən yüksək bal müalicə işindədir və ən çox adam ora düşmək istəyir. Pediatriya da bu fakultəyə çox yaxındır.

Yerdə qalanlar isə sanfakdır - sanepidemstansiyalarda, laboratoriyalarda işləmək üçün. Və təcili yardımda da ən çoxu bu, altı il əvəzinə dörd il tələb edən fakultələrin məzunlarıdır.

Əslində bu işdə böyük savada heç ehtiyac yoxdur. Məsələn, xaricdə təcili yardımı paramediklər göstərir, bu, təxminən bizim feldşer səviyyəsindədir.

Bizdə də elə xəstənin yanına çağırırlar ki, "son ümidimiz sizsiniz. Xəstəxanaya aparma, nə edirsən, burada elə". Gözlədiklərini onlara vermək lazımdır.

Demək olar ki, belə həkimlərin təcili yardım üçün savadı həddindən artıq çoxdur, amma həkim üçün azdır, çünkü onun ixtisası verilməyib.

Məsələn, o, dörd il oxuyub, mən isə yeddi il. O də həkim, mən də həkim. Bəs aramızda hansısa fərq olmalıdırmı? Onların diplomunda adətən "həkim-laborant" və ya "həkim-infeksionist" yazılır.

Yeddi il oxuduğum universitetdə bizə belə öyrədiblər: sən öz işini etməlisən. Hətta düşünürsənsə ki, xəstəyə köməyi olmayacaq, nə bacarırsan, elə.

Kardiogen şokdan sağ qalan yeganə xəstə

Təxminən iki il bundan əvvəl növbədə idim, gecə saat ikidə sinif yoldaşım zəng vurdu: "Atamın halı pisdir".

Xəstəni həm infarkt vurmuşdu, həm kardiogen şok, bu halda isə letallıq (ölmə) ehtimalı 90 faizə çatır. Danışır, huşu var, amma ürək dayanıb.

İynəni vurmaq istəyirəm, bir iynə üçün saniyələr lazımdır. Amma on saniyədən sonra qıcolma başlayır, adam gedir. Başa sala bilmirəm ki, mən etmədim. Amma iynəsini vurdum, oksigen verdim, xəstəxanaya apardıq və həmin adam sağaldı.

Bu, mənim xatirəmdə kardiogen şokdan sağ qalan yeganə xəstədir. Bir il də yaşadı, sonra başqa bir səbəbdən dünyasını dəyişdi.

Həm Sumqayıt kiçik şəhərdir, xəbərlər tez yayılır. Həm də ki, bir nəfər təcili yardıma müraciət edibsə, böyük ehtimalla bir daha zəng edəcək, belə, xəbərləri iş yoldaşlarımdan da öyrənirəm.

Ən ağırı - xəstələrlə düzgün ünsiyyət qurmaq

Günlərim maraqlı keçir. Çağırışa gedirəm; xəstənin və yaxınlarının əhvalı çox vaxtı yaxşı olmur. Xəstəni, evdəkilərini söhbətə tuturam, bir az zarafatlaşıram, sonra deyirəm: "Gördün? Yaxşılaşdın!". Bir azdan kefləri də açılır.

Həm də iki klassik vəziyyət olur: bir, başağrısı zamanı kofein vuranda, beş dəqiqədən sonra hamı eyni sözü deyir: "Elə bil gözlərim açıldı".

Və ya, beş-on dəqiqəlik söhbətdən sonra "elə danışa-danışa sanki halım düzəldi". Bizdə deyirlər: "Əgər xəstə həkimlə söhbətdən sonra özünü yaxşı hiss eləmədisə, o həkim həkim deyil".

İşə qayıdanda, həkimlərlə söhbət edirik, çağırışdakı hadisələri bölüşürük - nə edək, özümüzü tonusda saxlamağı bacarmalıyıq.

Stansiyada yatmaq da olur, amma mən adətən yatmıram, çünki çağırış arasında fərq təxminən on beş-iyirmi dəqiqə ola bilər.

Bu yaxında bir qadının yanına getmişdim. Təxminən 60-65 yaşı var idi. Öz səhhəti haqqında danışdı: "Mənim xərçəngim var".

Hər-halda ruhunu qaldırmaq çalışırdım, dedim: "Narahat olma, bizim bir qohumumuz var idi, o da elə xəstə idi, amma müalicəsini aldı, üstündən on beş il də yaşadı".

Çox vaxtı həkimlər özlərini sığortalamağa çalışırlar, ona görə də pozitiv proqnozlar verməkdən çəkinirlər, axı birdən xəstə rəhmətə gedər, qohum-əqrabası isə "Bəs sən dedin ki, sağalacaq!" sözləri ilə üstünə gələcəklər.

Amma mən o qadını zarafat, xoş söhbətlə sakitləşdirdim, gördüm, artıq gülümsəyir, ürək döyüntüsü sakitləşdi, təzyiqi aşağı endi, halbuki, gələndən heç iynə də vurmadım.

Adətən növbədə iki kardioloji briqada işləyir: biri çağırışda olsa, digəri "ehtiyatdadır". O gecə təsadüfən mən tək idim.

Elə olur ki, bütün gecəni yatmırsan, çay içməyə də vaxt olmur, bir çağırışdan digərinə, həm də, Bakıdan fərqli, burada hündürmərtəbəli binalar azdır, beşmərtəbələrə ağır çanta ilə tək qalxırsan.

Bakıda məsafələr də böyükdür, bura isə kiçik, kimsə çağırış edir, iki dəqiqədən sonra yenə də zəng edir: "Nooldu, harada qaldız?"

Qeydiyyat vərəqəsini göstərirəm: "Bax, sən zəng etdin, üş dəqiqə ərzində biz çatdıq. Həyətdə maşını görən kimi, dərhal cumub evin qıfılını açırlar.

Həmin gün otuz çağırışım oldu: səhər doqquza qalmış birincisi idi (növbəm doqquzda başlayır), növbəti gün səhər saat altıda stansiyaya çatdıq.

Özümə çay süzdüm, elə oturub işmək istəyirdim ki - yenə çağırış. Tibb baçısı yorulmuşdu, getdi yatmağa. Onu oyatmadım, tək getdim.

Doqquzmərtəbənin yeddinci mərtəbəsi idi, lift də işləmirdi. Birtəhər qalxdım. Qapını döydüm, içəridən səs gəldi: "Açıqdır, gəl!"

Otaqda yatağın üstündə bir qadın oturmuşdu, səksən səkkiz yaşı var idi, tək yaşayırdı. "Dedim:"Ay ana, nə olub sənə?" Dedi: "Eh, oğlum, yata bilmədim, gözümə yuxu getmirdi, dedim, bir "skorını" çağırım, gəlsin, təzyiqimi ölçsün".

"Dedim, bəs sadə "skorını" niyə çağırmadın?" "Dedim, kardioloq gəlsin". Təzyiqin kardiologiyaya ümumiyyətlə aidiyyatı yoxdur, terapevtin işidir.

Baxmayaraq ki, heç arzuolunmaz bir vəziyyət idi, özüm özümə gülməyə başladım. Qadınla danışdım, güldüm, təzyiqini ölçdüm, hələ dərman məsləhəti də yazdım.

Dərmanlarla çantamı həmişə özümlə maşında daşıyıram. Hərdən istirahət vaxtı da çağıra bilərlər. Küçədə halı pisləşmiş adam görəndə də artıq vərdiş etmişəm, yaxınlaşıram, nəbzini, nəfəsini yoxlayıram.

İstəsəm də, istəməsəm də, yaxınlaşıram, hərəkətlərim avtomatikləşib. Adətən adi adamlar yolda yıxılan bir kəsi görəndə nə edəcəyini bilmirlər, başının üstünə yığışırlar.

Yadıma ən çətin hadisələri salanda, düşünürəm ki, hamısı nisbətən eyni olur. Kənardan çətin görünsə belə, xəstə ilə manipulyasiyalarda, təyinatlarda, prosedurlarda o qədər də qəliz iş yoxdur.

Ən ağırı - xəstələrlə düzgün ünsiyyət qurmaq, onlara vəziyyətlərinin ağırlığını anlatmaq, bəzən xasiyyətlərinin tərsliklərinə tab gətirmək, şəraitin və ya təchizatın olmaması.

"Özünüzə qarşı hörmət istəyirsinizsə, bizə də hörmətlə yanaşın"

Savad məsələsinə gələndə - savadsız həkim olmur. Sadəcə nəzərə almaq lazımdır ki, hər ağ xalat geyinən həkim deyil.

Ən azı, insan Tibb Universitetinə daxil olub, orada oxumağı və universiteti bitirməyi bacarıbsa, o, artıq savadlıdır. Savadsız adam sadəcə orada oxuya bilməz. Çünki bizə dərs deyən professorlar əsl korifeydirlər.

Həm də mən öz işim zamanı o qədər geniş profilli şikayətlərlə qarşılaşmışam ki, məcburən digər sahələri də öyrənməli oldum.

Elə vaxt olur ki, mən xəstənin yanına gələn ilk həkim deyiləm. Təbii ki, onu artıq başqa həkimə "ötürə" bilmərəm və vəziyyətdən çıxmalıyam. Ona görə kitab oxumağı özümə vərdiş etmişəm, hətta istirahət vaxtı.

İnsanları da nəzərə almaq lazımdır: həkim də adamdır və həkimin heç kimə borcu yoxdur.

Düzdür, çıxılmaz vəziyyətdə mən hər-halda kömək göstərməyə borcluyam. Həkim də hamı kimi yeyir-yatır, həkimin də şəxsi həyatı var, həkim də yorulur.

Tanışlar, qohumlar çox vaxtı köməyimdən sui istifadə edirlər, məsələn, gecə saat iki-üçdə zəng edirlər. Məcbur oldum, WhatsApp-da " WhatsApp müalicə üçün deyil" statusunu yazım. Axı mən xəstəni görməyə-görməyə nə cür kömək edə bilərəm?

Adamlara daha çox özəl klinikalara müraciət etməyi tövsiyyə edərdim. Çünki dövlət poliklinikalarında həkimin xəstə ilə məşğul olmaq marağı yoxdur.

Həm də dövlət müəssisələrində xəstələr çox vaxtı həkimə xidməti personal kimi yanaşırlar.

Mən həmişə xəstənin vəziyyətini başa düşməyə çalışıram, anlayıram ki, xəstədir, həyəcanlıdır, səhhəti onu narahat edir, amma kobudluğa yol vermək olmaz.

Ən azı, özünüzə qarşı hörmət istəyirsinizsə, bizə də hörmətlə yanaşın.

Bu barədə daha geniş