İran Rusiyanın Həmədan bazasından istifadə etməsi barədə niyə ikibaşlı danışır?

Təyyarə Fotonun müəllifi EPA
Image caption TU-22M3 təyyarələri bundan əvvəl missiyalarını Rusiya ərazisindən həyata keçirmək məcburiyyətində idi

İran rəsmiləri Rusiyanın onun Həmədandakı Nojeh hərbi-hava bazasından istifadəsi barədə ziddiyyətli bəyanatlar səsləndirirlər.

Bundan əvvəl, avqustun 22-də Rusiyanın Müdafiə Nazirliyi elan etmişdi ki, onun təyyarələri Rusiyaya qayıdıb.

Lakin İrandan verilən bəyanatlar birmənalı deyil. XİN-in sözçüsü Bəhram Qasemi və Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Rusiya təyyarələrinin bazanı tərk etdiyini bildiriblər.

Amma həm də təhlükəsizlik şurasının əsas üzvlərindən olan məclis spikeri Əli Laricani avqustun 23-də bəyan edib ki, "uçuşlar ləğv olunmayıb və İran terrorizmə qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq edir".

Bu uyğunsuzluq ya İranın yuxarı hakimiyyət eşelonunda koordinasiyanın olmamasından, ya da ki, xaricdə və ölkə daxilində tənqidlərin qarşısını almaq məqsədilə bilərəkdən qeyri-müəyyənlik yaratmaq cəhdindən xəbər verər bilər.

"Nə Şərq, nə də Qərb"

Rusiyanın Nojeh hərbi-hava bazasından istifadə etdiyi barədə bəyanat veriləndən bəri İran rəsmiləri bildirirlər ki, xarici hərbçilərin İranda yerləşdirilməsinə ölkə konstitusiyası icazə vermir. Rəsmilər israr edirlər ki, ruslar bazadan yalnız təyyarələrinə yanacaq doldurmaq üçün istifadə edirlər.

Lakin bu xəbər müxtəlif reaksiyalara səbəb olub. Bəzi media qurumları bu hadisənin bütün Yaxın Şərqdə dönüş yaradacağını tərif etsə də, digərləri rusların "etibarlığına" şübhə ifadə ediblər.

"Biz İranın strateji maddi və mənəvi dəyərlərini Rusiya kimi qeyri-müəyyən münasibətlərə malik olduğumuz partnyora görə qurban verməməliyik" - yazır Sadeq Maleki Iran Diplomacy portalında.

Hər hansı xarici qüvvənin İran hərbi bazasından istifadə etməsi misli görünməmiş hadisədir və İslam Respublikası müstəqilliyinin təməl konsepsiyasına ziddir. Təsadüfi deyilidir ki, İran XİN-in binasının fasadında 1979-cu il inqilabından bəri məşhur şüar dərhal gözə dəyir: "Nə Şərq, nə də Qərb".

Fotonun müəllifi AFP
Image caption XİN-in sözçüsü Bəhram Qasemi Rusiya təyyarələrinin bazanı tərk etdiyini bildirib.

Maleki daha sonra yazır ki, "nə Qərb, nə də Şərq" konsepsiyası Soyuq müharibə zamanında qalma bir şüar olsa da, indi bu tabu pozulub.

Pərtliyi aradan qaldırmaq cəhdi?

Bu, müdafiə naziri Əli Dehqanın sərt bəyanatının səbəbini izah edir. O Rusiya Müdafiə Nazirliyinin Nojeh bazasından istifadə etdiyi barədə məlumatı açmasını "qeyri-alicənab" hərəkət adlandırıb.

"Onların öz məqsədləri var" - deyib Dehqan avqustun 21-də dövlət telekanalına.

Bundan əvvəl bir neçə millət vəkili də bazadan rusların istifadəsinə icazə verilməsi qərarına şübhə ifadə etmişdilər.

"İran Konstitusiyasının 146-cı maddəsi İran torpağında hər hansı xarici bazanın yerləşməsini qadağan edir" - deyib millət vəkili Həşmətullah Fəlahpişe. O əlavə edib ki, Milli Məclisin bu məsələdə narahatlığı var.

Avqustun 22-də İran Xarici İşlər Nazirliyinin qəfildən "Rusiyanın Həmədandakı bazadan istifadəsi başa çatıb" bəyanatını verməsi də, belə görünür, artan tənqidlərlə bağlıdır.

Millət vəkilinin dediklərini bir gün sonra Şamxani də təsdiqləmiş və hətta bilsdirmişdi ki, Rusiya təyyarələri İranı avqustun 18-də tərk edib.

Yeni məlumatların olmaması Rusiyanın Nojeh bazasından hazırda da istifadə edib-etmədiyini söyləmək imkanı vermir. Lakin belə görünür ki, Laricani öz bəyanatı ilə nazirliyin və Milli Təhlkəsizlik Şurasının bəyanatlarına şübhə yaradıb.

Belə bir şəraitdə rusların İran bazasından hazırda da istifadə edib-etməməsi məsələsi qeyri-müəyyən olaraq qalır.

Bu barədə daha geniş