Özbəkistanda hakimiyyətə kim gələ bilər? Suallar və cavablar

Özbəkistan prezidenti İslam Kərimov Fotonun müəllifi Reuters
Image caption İslam Kərimovun uzun hakimiyyəti dövründə ilk dəfədir ki, onun səhhəti barədə rəsmi məlumat verilib

Son bir neçə gün ərazində kütləvi informasiya vasitələri Özbəkistan prezidenti İslam Kərimovun səhhəti barədə ziddiyyətli məlumatlar verir. Bəlli olan budur ki, o beyin qansızması keçirib və hazırda xəstəxanadadır. Onun ölümü haqqında xəbər verənlər də var. BBC-nin Rusca xidməti Özbəkistanın siyasi quruluşu barədə ekspertlərlə söhbət edib. Hakimiyyət dəyişikliyi baş verərsə, regionda daha nələri gözləmək olar?

İslam Kərimov Özbəkistana sovet dövründən rəhbərlik edir və ölkədə avtoritar rejim yaradıb. Bir çox insan haqları müdafiəçiləri bunun dünyanın ən qəddar rejimlərindən biri olduğunu söyləyirlər.

BBC-nin Rusca xidməti Özbəkistanda hakimiyyət dəyişikliyi baş verərsə, nələrin ola biləcəyini, ölkənin siyasi elitasını və regiondakı mövcud qüvvələri öyrənməyə çalışıb.

İslam Kərimovun varisi ola bilərmi? Ola bilərsə o kim olacaq?

Kərimovun varisi olmağa namizəd kimi ekspertlər iki nəfərin adını qeyd edirlər: ölkənin hazırkı baş naziri Şavkat Mirziyoyev və onun müavini Rustam Azimov.

"Özbəkistanda son illərdə yaranmış situasiyanı təhlil edərkən biz belə bir nəticəyə gəldik ki, Mirziyoyevin ölkənin güc strukturları, ələlxüsus da Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rustam İnoyatovla yaxşı münasibətləri var. Bundan başqa onun 2009-cu ildə qohumlaşdığı Alişer Usmanovla (Usmanovun qardaşı oğlu Mirziyoyevin qardaşı qızına evlənib) yaxşı münasibətləri var. Bütün bunlardan əlavə, o, Vladimir Putin Rusiyanın baş naziri olanda, onunla MDB baş nazirlərinin iclaslarında görüşərdi. Onların arasında artıq şəxsi əlaqələr də var" - deyir hazırda Fransada yaşayan siyasi mühacir, özbək politoloqu Kamoliddin Rabbimov.

Lakin London Şərqşünaslıq və Afrika Araşdırmaları Məktəbinin dəvətli elmi işçisi və özbək politiolqu Alişer İlxamovun fikrincə, Özbəkistandakı siyasi sistem o qədər qeyri-şəffafdır ki, nəyisə irəlicədən proqnozlaşdırmaq çətindir və gözlənilməz ssenariləri istisna etmək olmaz.

"Qonşu Türkmənistanın timsalında demək olar ki, möcüzələr baş verir. Saparmurat Niyazovun ölümünədək kim deyə bilərdi ki, hakimiyyətə Qurbanqulı Berdımuxammedov gələcək? Onu tanıyan və diqqətə alan çox az idi. Odur ki, Özbəkistanda da yeni fiqurların üzə çıxa biləcəyini istisna etmək olmaz" - deyib İlxamov.

Fotonun müəllifi AFP
Image caption Gülnarə Kərimova siyasət meydanından çıxıb, lakin Kərimovun hələ kiçik qızı da var

Eurasia.net saytının müxbiri Joanna Lillis hesab edir ki, böyük qız Gülnarə Kərimovanın siyasət meydanından çıxmasına görə, hakimiyyətin ailə daxilində ötürülməsini istisna etmək olmaz.

"Prezidentin kiçik qızı Lola Kərimova və onun əri, biznesmen Timur Tillyayevi də tamamilə real namizədlər hesab etmək lazımdır" - deyir Lillis.

Bəs Özbəkistanda hansı elita və klanlar hakimiyyət uğrunda mübarizə aparır?

Bütün ekspertlər belə bir qənaətlə razılaşırlar ki, ölkədə ən nüfuzlu kölgə fiquru MTX-nin rəhbəri Rustam İnoyatovdur.

Alişer İlxamovun fikrincə, belə bir fikir qərarlaşıb ki, İnoyatov və baş nazir Mirziyoyevin Moskvadan dəstəyi var və beləliklə, onlar alyans şəklində rusiyapərəst qanadı təşkil edirlər.

"Öz növbəsində Rustam Azimovu elitanın güc təbəqəsi yox, iqtisadiyyat və maliyyə ilə bağlı adamlar dəstəkləyirlər. Nəzərə alınmalıdır ki, Özbəkistanın Dünya Bankından, BVF-dən və başqa investorlardan aldığı kreditlər Azimovun şəxsi zəmanəti ilə verilir" - deyir İlxamov.

Bundan başqa Özbəkistanda həmişə klan sistemi güclü olub. Bu sistemdə, xüsisusilə də Daşkənd və Səmərqənd klanları ən nüfuzlu hesab edilir. Lakin əksər ekspertlərin fikrincə belə bölgü artıq keçmişin qalığıdır.

"Bütün bu klanlar kifayət qədər şərtidir və Kərimovun karyerasının başlanğıcında olduğu kimi elə də ciddi rol oynamırlar. Kərimov öz prezidentliyi ərzində bu regional elitalar xeyli zəiflədib. Buna görə də belə bölgünü vaxtı ötmüş hesab etmək olar" - deyir Alişer İlxamov.

"Özbəkistanda iki ən qüdrətli dövlət orqanı var: MTX və DİN. Vəziyyətə fiziki olaraq məhz onlar nəzarət edir. Bütün qalan klanlar və başqa strukturlar bu iki işlək siyasi strukturun qarşısında zəifdirlər. Özbəkistanda, hətta ən ucqar aul və qışlaqlarda da milis məntəqəsi var. Bu idarə sayca daha çox əməkdaşa malikdir. Kərimov xarici səfərlərə çıxanda onun səlahiyyətlərini daxili işlər naziri icra edirdi. Onun özünə nəzarəti isə MTX həyata keçirirdi" - deyə izah edir politoloq Kamoliddin Rabbimov.

"Kərimovun varisi kim olursa-olsun, İnoyatovun və MTX-nin birbaşa dəstəyi olmadan hakimiyyətə gələ bilməz" - deyir jurnalist Joanna Lillis.

Özbəkistanda hakimiyyətin dəyişməsi hansı regional əhəmiyyətə malikdir? Kütləvi iğtişaş və inqliab ehtimalı varmı?

"Özbəkistanda hakimiyyətin ötürülməsinin dinc və sosial gərginliksiz keçəcəyinə üç səbəb var. Birincisi, elita situsasiyanın sabitsizləşməsində maraqlı deyil, çünki bunun nəticəsində sərvətini itirə bilər. İkincisi, ölkə əhalisi çox güman gözləmə mövqeyi tutacaq və hakimiyyətin qərarlarını gözləyəcək. Odur ki, qarşıdan gələn iki ildə əhalinin hakimiyyətdən böyük gözləntiləri olacaq. Üçüncüsü xarici aləmdir. Nə Rusiya, nə Çin, nə müsəlman ölkələri, nə Avropa və nə də Amerika Özbəkistanın əsas oyunçu olduğu Mərkəzi Asiya regionunda sabitsizlik istəmirlər" - deyir Rabbimov.

Bundan başqa Özbəkistanın regional qonşularla münasibətində yaxşılaşma baş verə bilər.

Fotonun müəllifi AP
Image caption Kreml üçün hakimiyyət dəyişikliyindən sonra da regiondakı nüfuzunu saxlamaq çox mühümdür

"Məsələ burasındadır ki, Kərimov qonşu dövlətlərin başçıları ilə düşmən münasibətlərdə olub və xarici siyasətin gərginliyində şəxsi faktor həlledici idi. Çox mümkündür ki, yeni lider bu vəziyyəti dəyişsin" - deyir Joanne Lilli

"Mən əminəm ki, yeni lider qonşu ölkələrlə danışıqlara getməli olacaq. Söhbət ilk növbədə su problemindən gedir. Kərimovun vaxtında bu barədə cəmiyyətdə çox az danışılırdı. SSRİ-nin dağılmasından sonra Özbəkistanın əhalisi artaraq 19 milyondan 31 milyon nəfərə çatıb. Ölkənin su ehtiyatları isə azalıb" - deyir Rabbimov.

Ekspertlər belə bir məsələdə həmrəydirlər ki, Rusiya hazırda baş verənləri diqqətlə izləyir və regiondakı nüfuzunu saxlamağa çalışacaq. Buna görə də Özbəkistanın növbəti prezidentinin Kremlə loyallığı Rusiyanın marağındadır.

"Əgər Özbəkistandakı hakimiyyət mübarizəsində İnoyatov-Mirziyoyev cütlüyü qalib gəlsə, üstəlik də onların Moskva ilə sıx birliyi təsdiqlənsə, Rusiya ilə daha çox yaxınlaşmanı gözləmək olar. Bu ilk növbədə Avrasiya İqtisadi İttifaqı kimi regional strukturlar vasitəsilə baş verəcək" - deyib Alişer İlxamov.