İslam Kərimovun xəstəliyi, intriqalar və hakimiyyət oyunları

Kərimov fəxri qaravulun qarşısından keçir. 2011-ci il. Fotonun müəllifi PRAKASH SINGH

Özbəkistanın Sovet İttifaqı dağılandan bəri lideri olmuş İslam Kərimov xəstəxanadadır, müxalifət onun artıq öldüyünə dair spekulyasiyalar edir. Bütün diqqət isə prezidentin davamçısının kim olacağına yönəlib.

Bir həftə əvvəl, avtoritar Özbəkistanda hər hansı müzakirə mümkünsüz bir iş idi, çünki prezidentin səhhətilə bağlı probleminin olmasını dilə gətirmək belə riskli məsələ idi.

Ancaq onun qızı Lola Facebook-da atasının beyin qanaması keçirməsinə dair mesaj yazdı və indi 31 milyon əhalisi olan ölkə Prezident Kərimovsuz Özbəkistanda yaşamaq perspektivilə üz-üzədir. Onun davamçısının kim olacağı isə hələ məlum deyil.

Son illərdə davamçı ilə bağlı debatlar Kərimov ailəsinin daxili problemlərindən birinə çevrilib.

Fotonun müəllifi AFP
Image caption Gülnarənin ev həbsində olduğu deyilir.

Bir neçə il öncəyə qədər çoxları inanırdı ki, cənab Kərimovu onun cazibədar böyük qızı, pop ulduzu, dəb dizayneri və sahibkar qadın Gülnarə Kərimova əvəzləyəcək. O, buna hazırlanırdı və ölkədə ən nüfuzlu insanlardan biri hesab olunurdu.

Ancaq onun bu nüfuzdan enişi sürətli və qəddar oldu.

Fotonun müəllifi Davidson Ryan Dore
Image caption Gülnarə Kərimovanın ev dustağı oldğunu göstərən şəkillər 2014-cü ildə, Londonda PR şirkəti tərəfindən yayılmışdı.

2013-cü ildə korrupsiya barədə qalmaqallar yaşananda, onun biznesləri müsadirə edildi, TV və radio kanalları bağlandı. O həmçinin korrupsiya ilə bağlı Avropa və ABŞ-da milyonlarla dollarlara dair işlərlə bağlı istintaqa cəlb olundu. Onun hazırda ev dustağı olduğu bildirilir.

"Gülnarə Kərimova sistemin icazə verdiyindən kənara çıxmağa cəhd göstədi", George Mason universitetinin professor yardımçısı Dr Eric McGlinchey deyir. "O, iqtisadiyyatın bir hissəsini yox, bütovlükdə iqtisadiyyatı ələ keçirməyə cəhd göstərdi. Kompromisə getmədi, qaydalardan kənara çıxdı".

Özbəkistan: Avtoritar dövlət və onun etiraz qəbul etməyən lideri

Fotonun müəllifi PRAKASH SINGH

İslam Kərimovun həyatı və fəaliyyəti barədə 5 fakt

Gülnarə Kərimovanı nə gözləyir?

Mərkəzi Asiyada rejimlər necə dəyişəcək?

Kərimovlar ailəsi: xoşbəxt günlərin foto-albomu

Gülnarə Kərimova: "Məni döyüblər"

Gülnarə Kərimovanın gizli səs yazıları

Özbəkistan prezidentinin ailəsində düşmənçilik

Gülnarə Kərimova hakimiyyəti itirərkən, bacısı Lola Tillayeva-Kərimovanı və anasını ondan yaxa qurtarmağa çalışmaqda ittiham etdi.

Bir çox təhlilçilər deyir ki, bu ailə çəkişməsi ölkədə dərin hakimiyyət mübarizəsini üzə çıxardı.

Prezidentliyə iddiaçılar

Gülnarənin, başına gələnlərin arxasında olduğunu dediyi adlar indi prezidentliyə iddiaçılardır. Onlardan biri Rüstəm Əzimovdur, onun iki vəzifəsi var - baş nazirin müavini və maliyyə naziri.

Cənab Əzimov 1998-ci ildə nazir təyin olunub və İslam Kərimova çox yaxın hesab olunur.

Daha çox qərbyönlü kimi tanınan Əzimov 1990-cı illərdə Avropa Yenidənqurma və İnkişaf Bankının Özbəkistan üzrə rəhbəri olub.

Fotonun müəllifi AFP
Image caption Rüstəm Əzimov İslam Kərimova çox yaxın şəxs hesab olunur.

İsveçrədə yaşayan özbək jurnalist Alişer Taksanov deyir ki, cənab Əzimovun qalib olmaq üçün yaxşı şansı var, çünki o, "Daşkənd klanındandır".

"Bu klan ölkədə bütün əsas mövqeləri tutmağı bacarıb - daxili işlər nazirliyi, təhlükəsizlik xidmətləri, maliyyə nazirliyi və sairə. Bu klan rəqibi, baş nazir Şavkat Mirziyoyev tərəfindən idarə olunan "Səmərqənd klanı"ndan daha güclüdür.

Mərkəzi Asiyada klanlar regional sədaqətə əsaslanan şəbəkələrdir və bu şəbəkələr hakimiyyət və var-dövlət toplamaq üçün istifadə olunur və prezidentin davamçısının təyin olunması kimi məqamlarda çox mühümdür.

Ancaq digərləri inanır ki, 2003-cü ildən bəri baş nazir vəzifəsini tutan cənab Mirziyoyev Prezident Kərimovu əvəzləməyə daha real namizəddir.

"Kimin əlində dövlətin daha çox resursu var - buna baxsanız, o zaman Şavkat Mirziyoyevin şansı daha çoxdur", özbək siyasi təhlilçi, Fransada sığınacaq almazdan öncə prezident adminstrasiyasında çalışmış Kamoliddin Rabbimov deyir.

Fotonun müəllifi AP
Image caption Hakimiyyətin ötürülməsi çox güman ki, ictimaiyyətin gözündən saxlanacaq.

"O bu işdə 13 il olub və öz adamlarını ölkə boyunca mühüm vəzifələrə təyin edib", cənab Rabbimov deyir.

Çoxları inanır ki, təhlükəsizlik xidmətinin rəhbəri və keçmiş KQB casusu Rüstəm İnoyatov güc brokeri olacaq.

Cənab İnoyatov Gülnarə Kərimovanın, öz imperiyasının çökdürülməsində əli olduğunu iddia etdiyi şəxslərdən biridir. Ancaq belə intriqalar Özbəkistanda hakimiyyətin necə ötürüləcəyinə dair güclü mesaj verir. Prezident Kərimovun davamçısı olmaq istəyən şəxs siyasi elitanın qalan hissəsilə kompromisə getməlidir - Gülnarə Kərimovanın etmədiyi də elə bu idi.

"Hər şey davamlığa, Kərimovun yaratdığı kimi bir rejimin saxlanmasına meylli bir şəxsə işarə edir", Dr McGlinchey deyir. "Buna səbəb odur ki, Özbəkistanda bütün var-dövlət mənbələri hökumətdən gəlir. Özbəkistanda zəngin olan insanların onlara bu var-dövləti verən sistemi qoruyub-saxlamağa güclü meyli var".

Fotonun müəllifi Getty Images
Image caption Bəziləri deyir ki, baş nazir Şavkat Mirziyoyev səhnəarxası danışıqlarda əsas söz sahibidir.

Beləliklə, keçidin sakit və ictimaiyyətdən gizli olacağı gözlənilir. Çoxları gözləyir ki, cənab Kərimovun qoyduğu müxalif səsə qarşı dözümsüzlük və etirazların dağıdılması təcrübəsi davam etdiriləcək.

Əslində yeni prezident heç də yaxşı tanınmayan biri ola bilər, təhlilçilər deyir.

"Bu, bütün güc brokerlərinin özünü rahat hiss etdiyi bir kompromis namizəd ola bilər və nəticədə, barəsində çox eşitdiyimiz üç nəfərdən heç biri olmaya bilər", Dr McGlinchey deyir.

Aydın olan bir şey var ki, yeni liderlik Özbəkistanda avtoritar sistemi dəyişməyə cəhd etməyəcək. Onlar öz hakimiyyətlərini qorumaq üçün repressiyaya və dövlət propaqandasına etibar etməkdə davam edəcəklər - cənab Kərimovun 27 il ərzində etdiyi kimi.

Bu barədə daha geniş