Naməlum Özbəkistan: bərabərlik, yoxsulluq, səadət

Özbəkistan
Image caption Alimlər hesab edirlər ki, Özbəkistanda ailə normalarının liberallaşması səviyəsi çox aşağıdır

Özbəkistan prezidenti İslam Kərimovun sentyabrın 2-də beyinə qan sızmasından vəfat etməsi ölkədə hakimiyyət dəyişikliyi məsələsini gündəmə gətirib. Əfqanıstanla həmsərhəd olan bu ölkə regional sabitliyin mühüm həlqəsi hesab olunur.

İndiyədək Özbəkistanda bu sabitlik nəzərəçarpacaq avtoritar səciyyə daşıyırdı.

Bəzi ekspertlərin rəyinə görə Kərimovun gedişindən sonra yaranmış vəziyyət bütün Mərkəzi Asiya regionu üçün təhlükəli ola bilər.

BBC-nin Rus xidməti müasir Özbəkistanı, onun Rusiya ilə oxşar və fərqli cəhətlərini daha yaxından başa düşmək üçün müxtəlif tədqiqatların nəticələrinə müraciət edib.

Səadət

Hər il BMT tərəfindən açıqlanan "səadət indeksinə" görə Özbəkistan MDB-də ən xoşbəxt ölkə sayılır.

Bu indeksdə hər bir ölkənin reytinqinin hesablanması üçün 6 göstərici toplanır: adambaşına düşən ÜDM, ömür uzunluğu gözləntisi, korrupsiyanın qavranması indeksi, vətəndaşların mühüm həyati qərarları müstəqil qəbul etmək imkanı və cəmiyyətdəki xeyriyyəçiliyin həcmi.

Özbəkistan 5,987 əmsalı ilə dünya xoşbəxtlik reytinqində 49-cu yeri tutub. Bu göstərici nəinki bütün MDB ölkələrini, hətta Yaponiya, İtaliya, Polşa kimi daha yüksək sosial və iqtisadi inkişaflı bir çox başqa ölkələri geridə qoyur.

Bərabərlik

World Values Survey layihəsinin araşdırma nəticələri harada isə BMT-nin məlumatları ilə səsləşir. World Values Survey sorğusunun 2014-cü ildə açıqlanmış 6-cı raundunun nəticələrinə görə Özbəkistan əhalisinin 89, 32 faizi (Ruisiyada bu rəqəm 60, 14 faiz olub) həyatdan razıdır.

Müqayisəli sosial araşadırmalar laboratoriyasından olan Rusiya alimləri bu nəticəyə gəliblər ki, bu, qismən də bütün Mərkəzi Asiya regionunda iqtisadi bərabərliyin aşağı səviyyədə olması ilə izah oluna bilər.

Alimlərin fikrincə Mərkəzi Asiyada Özbəkistan kimi ölkələrin əhalisi özünün həyat səviyyəsini özü qədər yoxsul olan qonşularla müqayisə edir. Rusiyada isə gəlirlər və zəngin adamların həyat səviyyəsi barədə informasiyaya girişin daha yüksək olması subyektiv göstəriciləri yüksəltmiş olur.

Yoxsulluq

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin qiymətləndirməsinə görə Özbəkistanın iqtisadiyyatı son illərdə 8 faiz artsa da, bu rəqəm Rusiyadan xeyli azdır.

Özbəkistanda adambaşına düşən ÜDM Rusiyada olduğundan 4 dəfə azdır və 6, 1 min dollar təşkil edir.

2013-cü ildə Özbəkistanın sənaye sektorunda minimum əmək haqqı 40 dollar olub, halbuki bu rəqəm Rusiyada 352 dollara çatıb.

Əmək miqrasiyası

Özbəkistan - Tacikistan və Moldova ilə yanaşı Rusiyadakı miqrantların göndərdikləri pul baratlarının ən çox ünvanlandığı ölkələrdəndir. Rusiya Ali İqtisadiyyat Məktəbinin hesablamalarına görə 2011-2014-cü illərdə Özbəkistanın payına bütün MDB ölkələrinə göndərilən pul baratlarının üçdə biri düşüb.

Bu da qeyd olunmalıdır ki, təkcə Özbəkistana yox, Rusiyadan bütün MDB ölkələrinə göndərilən pullar 2014-cü ildə 33 milyard dollar təşkil edib. Bu rəqəm Rusiyada yaşanan iqtisadi böhrana və rublun devalvasiyasına görə kəskin azalıb. Yeri gəlmişkən ən böyük azalma da Özbəkistanın payına düşüb.

Araşdırma nəticələrinə görə 2014-cü ildə Özbəkistana göndərilən pul baratlarının məbləği 25 faiz azalıb.

Rəsmi rəqəmlərə görə hazırda Rusiyada Özbəkistandan gəlmiş 1,8 milyon miqrant var.

Fotonun müəllifi RIA Novosti
Image caption 2016-cı ilin əvvəllərinə olan məlumata görə Rusiyada Özbəkistandan gəlmiş 1, 8 milyon miqrant var

SSRİ xiffəti

MDB ölkələri arasında keçmiş "qardaş respublikalarla" ən çox inteqrasiyanı özbəklər, taciklər və qırğızlar istəyir. Bu sorğu 2012-ci ildə keçirilib və burada region əhalisindən 13 min insan iştirak edib.

Bu araşdırmanı aparan qrupun rəhbəri İqor Zadorin deyib ki, inteqrasiya barədə suallar respondentlərə birbaşa verilməyib.

Əvəzində iştirakçılardan hansı ölkələrdə dincəlmək, oxumaq və işləmək istədikləri soruşulub. Əksəriyyət belə bir ölkə kimi Rusiyanın adını çəkib.

Bununla belə araşdırma nəticəsində bəlli olub ki, region ölkələrində muxtarlaşma hissləri inteqrasiya istəklərindən daha güclüdür. Araşdırmaçılar bildirirlər ki, belə bir meyl ölkə elitasının mövqeyi ilə daha çox bağlıdır.

"1990-cı illərdə postsovet əhalisi daha çox inteqrasiya istəyirdi, elita isə ilk növbədə özünütəsdiqlə məşğul idi. İndi isə əksinə, elitalar inteqrasiyanın zəruriliyini başa düşüblər, əvəzində əhali daha çox inteqrasiayaya şübhə ilə baxır" - deyib Zadorin.

İdarəetmənin aşağı keyfiyyətliyi

ABŞ Milli İqtisadi Araşdırmalar Bürosunun 2011-ci ildə tərtib etdiyi hesabatda keçid dövrünü kecən ölkələrdə, o cümlədən Özbəkistanda biznes menecmentinin keyfiyyəti hesablanıb.

Avropa Yenidəqurma və İnkişaf Bankının Dünya Bankı ilə 2008-2009-cu illərdə birgə keçirdiyi və on ölkədə 1874 meneceri əhatə edən sorğusu belə bir nəticəyə gəlib ki, Özbəkistan və Qazaxıstanda biznes mühitinin idarə olunması ən aşağı səviyyədədir.

"Bu ölkələrdə firmaların vəziyyəti Braziliya, Çin və Hindistan kimi ölkələrdəki firmaların vəziyyətindən qat-qat pisdir" deyilir hesabatda.

Ümumən belə görünür, onilliklər ərzində mövcud olan plan sistemi şirkətləri elə bir vəziyyətə salıb ki, onlar inkişafın istiqaməti, nə qədər investisiyanın lazım olacağı barədə təsəvvürə malik deyillər.

Seksual əksinqilab

Müqayisəli sosial tədqiqatlar laboratoriyasının alimləri belə bir nəticəyə gəliblər ki, Özbəkistan və Ermənistan postsovet məkanında ailə normalarının ən az liberallaşdığı iki ölkədir.

Ailə normalarının liberallaşması dedikdə ilk növbədə abortlara, boşanmalara və nikaha qədər seksə xurafatsız baxışın dərəcəsi nəzərdə tutulur. Ekspertlər 2014-cü il World Values Survey beynəlxalq araşdırmasının altıncı dalğasının materiallarını öyrənirdilər.

Məsələn abortlara, boşanmalara və nikaha qədər seksə haqq qazandırılmasının toplam indeksinə görə Özbəkistanın xalı 17, Rusiyanınkı isə 49 olmuşdu. Alimlərin fikrincə bu indeksə iki əsas faktor təsir göstərir: iqtisadiyyatın xarakteri (bir qayda olaraq ailə normalarının aşağı göstəriciləri aqrar ölkələrdə qeydə alınır) və əhalinin dindarlıq dərəcəsi. Məsələn dindarlıq indeksi Özbəkistamda 67, Rusiyada isə 47 olmuşdu.

Tədqiqatlardan belə bir nəticə əldə olunmuşdu ki, aqrar ölkələrdə qadınların ailə dəyərləri ailənin maliyyə vəziyyəti ilə ölçülür. Başqa sözlərlə əgər ailə varlıdırsa və pul qazananlardan biri də qadın deyilsə, belə ailələrdə qadının ailə normalarına baxışı mühafizəkar olur. Əksinə, əgər qadın işləməli olursa, o özünün həyata baxışında daha liberal olur.

Bu barədə daha geniş