Erdoğan Obamaya: Cənubumuzda terror dəhlizi yaranmasın

Erdoğan-Obama Fotonun müəllifi AFP

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Çinin Hangzou şəhərində G20 zirvə sammiti zamanı ABŞ prezidenti Barack Obama ilə görüşüb.

Cənab Erdoğan görüşdən sonra bəyan edib ki, "yaxşı terrorçu, pis terrorçu ola bilməz. Onlara qarşı münasibətimiz bəllidir. DAEŞ terror təşkilatı ilə mübarizəmiz, PKK, YPG ilə mübarizəmiz davam edir. İstədiyimiz cənubda bir terror dəhlizinin mövcud olmamasıdır".

Cənab Erdoğan Fethullah Gülenin ekstradisiyası tələbi ilə bağlı söyləyib ki, "çevrilişə cəhddən öncə bu terrorçu ilə bağlı sənədlər göndərilib. 15 iyuldan sonra hazırlanan sənədlər də ABŞ-a göndəriləcək".

"Onların da işləri hazırda davam edir. ABŞ Ədliyyə Nazirliyindən bir heyət gəlib. İndi də bizdən, Ədliyyə Nazirliyindən bir qrup, hətta ədliyyə və daxili işlər nazirləri birgə ABŞ-a gedəcək və birgə işləri davam etdirəcəklər."

Barack Obama jurnalistlərə bildirib ki, "türk xalqı küçələrə çıxaraq demokratiyaya nə qədər bağlı olduğunu göstərib".

"Mən o vaxt bu çevrilişə cəhdi şiddətlə qınamışam və şəxsən Erdoğanla danışmışam. Hər hansı şəkildə "dəstək olaraq nə edə biləcəyimizi" soruşdum. Çevriliş cəhdindən sonra araşdırma və istintaq müddətində kömək edə biləcəyimizi dedim. Sizə və türk xalqına qaçqınlara qapı açdığınız üçün təşəkkür edirik."

"Bütün ölkələrdən ən çox siz qaçqın qəbul etmisiniz. Erdoğan və Türkiyə qaçqınların yükünü tək daşımamalıdır. Türkiyəni hamımız dəstəkləməliyik. Prezidentliyim dövründə indiyə kimi yaratdığımız güclü müttəfiqliyin davam etməsini istəyirəm", cənab Obama əlavə edib.

Bu barədə daha geniş