İslam Karimov: Özbəkistan liderin ölümündən sonra suallar qarşısındadır

Islam Karimov Fotonun müəllifi Reuters

Keçmiş Özbəkistan prezidenti İslam Karimov dəfn edildi, lakin onun ölümünə və ölkəsinin gələcək liderliyi və istiqamətinə dair suallar açıq qalır.

Rəsmi və qeyri-rəsmi ölüm

Kərimovun ölümündən sonra hakimiyyətin keçidi başlansa da, Özbəkistan hökumətinin liderin ölümü ilə bağlı məsələləri necə yoluna qoymasına dair suallar açıq qalır.

Onun ölümü haqqında ilk xəbərlər avqustun 28-də prezidentin xəstəxanaya yerləşdirilməsinə dair məlumatla eyni vaxtda yayılmışdı.

Hökumətin ilk məlumatında xəstəliyin təfərrüatları barədə heç nə deyilmirdi.

Avqustun 29-da prezidentin kiçik qızı Lola Kərimova-Tillayeva İnstagram hesabından bildirirdi ki, həftəsonu atasının beyninə qan sızıb və o hazırda reanimasiyadadır.

Elə həmin gün müstəqil xəbər saytı Fergananews cənab Kərimovun ölümü haqqında ilk informasiyasını yaymışdı.

Moskvada mənzillənmiş sayt bildirirdi ki, onun ölümü yerli vaxtla 15:00-16:00 arasında baş verib.

Bu xəbər prezident administrasiyasında adı bəlli olmayan mənbə və cənab Kərimova yaxın şəxslər tərəfindən təkzib edilmişdi.

Hökumət kabineti ölüm xəbərini sentyabrın 2-də təsdiqləyəndə artıq bir neçə xarici ölkə lideri özbək xalqına liderini itirməsi münasibətilə başsağlığı vermişdi.

'Pasient Kərimov'

"Pasient İslam Kərimov" haqqında uzun və təfərrüatlı arayış sentybarın 2-də onun rəsmi ölüm xəbərinin ardınca dövlət televiziyasında oxunub və hökumətin gov.uz saytında dərc edilib.

Bəzi təhlilçilər bildirirlər ki, bu, prezidentin daxili çevrəsində mümkün çevriliş barədə yarana biləcək gümanların qarşısının alınması üçün edilib.

Rəsmi tibbi epikriz onun xəstəliklərinə dair əvvəlki arayışları və müalicədə əcnəbi həkimlərin iştirakını təsdiqləyib.

Fotonun müəllifi Reuters
Image caption Cənab Kərimovun ölümü haqqında xəbər sentyabrın 2-də verilib. Bəs o əslində nə vaxt vəfat edib?

Buna baxmayaraq bu rəsmi arayışda müəyyən uyğunsuzluqlar da var.

Məsələn, məlumatda deyilir ki, Rusiyanın Burdenko adına Neyrocərrahiyyə İnstitutundan professor Aleksandr Potapov da daxil əcnəbi mütəxəssislər Taşkentə avqustun 28-də gəliblər və sentyabrın 2-də prezidentin vəfatınadək onun həyatı uğrunda mübarizə davam etdirilib.

Lakin BBC-nin Özbək xidməti öyrənib ki, professor Potapov artıq avqustun 31-də Burdenko institutundakı kabinetində idi.

Məlumatda adı çəkilən başqa bir Rusiya mütəxəssisi, professor Leo Bokeriya avqustun 29-da Moskvada olub.

Deyilənə görə əvvəllər prezidentin müalicəsi ilə məşğul olmuş professor Bokeria Taşkentə səfər etdiyi barədə məlumatları təkzib edib, lakin BBC Rus xidməti də daxil jurnalistlərin suallarına cavab verməkdən boyun qaçırıb.

Eyni zamanda Rusiya baş nazirinin müavini Olqa Qolodets bildirib ki, Moskva Özbəkistan prezidentinin müalicəsi üçün heç bir rəsmi rica almayıb.

Hakimiyyət uğrunda mübarizə

Bəziləri bildirirlər ki, əvvəllər heç vaxt belə vəziyyətlə üzləşməyən özbək rəsmilər bu situasiyaya hazırlıqsız olublar və prezidentin vəfat etdiyi şəraitdə hansı hərəkətləri etməyin lazım olduğunu bilməyiblər.

Təsadüfi deyil ki, sosial media istifadəçilərindən biri yazırdı: "Özbəkistan hökuməti prezidentin ölümünü təsdiqləyə bilmir, çünki prezidentin özündən sərəncam almayıb".

Kərimov administrasiyasının keçmiş üzvlərindən biri BBC Özbək xidmətinə bildirib ki, hakimiyyət uğrunda mübarizə aparan qruplar prezidentin ölümü rəsmən təsdiq edilənədək varis barədə razılığa gəliblər.

Hakimiyyət keçidi

Özbəkistan konstitusiyasına görə prezident vəfat edərkən və ya səlahiyyətlərini icra edə bilməyəndə onun səlahiyyətləri növbəti seçkiyə qədər Senatın sədrinə keçir. Seçkinin üç ay müddətindən gec olmayaraq keçirilməsi nəzərdə tutulub.

Özbəkistan rəsmiləri səlahiyyətlərin keçməsi və seçkilər haqqında bəyanat verməyiblər.

Lakin Kreml bildirir ki, prezident Vladimir Putin başsağlığlını parlamentin üst palatasının rəhbəri Niqmatulla Yuldaşevə göndərib.

Keçmiş ədliyyə naziri Yuldoşev daimi hakimiyyətə iddiaçı sayılmır və dəfn mərasimində aparıcı rol oynamayıb. O Səmərqəndə gələn xarici qonaqların qarşılanma mərasimində də görünməyib.

Fotonun müəllifi AP
Image caption Rusiyalı həmkarını Daşkənd hava limanında baş nazir Şavkat Mirziyoyev qarşılayıb

Baş nazir Şavkat Mirziyoyev və onun müavini Rustam Azimov dəfn mərasimində əsas tabutdaşıyan rolunu oynayıblar.

Onların hər ikisinin adı coxdan bəridir ki, cənab Kərimovun mümkün varisləri kimi çəkilirdi.

Lakin cənab Mirziyoyev dəfn mərasimində rəsmi nitq söyləyib və onun Rusiya baş naziri Dmitri Medvedevlə görüşü dövlət telekanallarında göstərilib.

Baş nazirin iş üslubu

59 yaşlı Mirziyoyev ölkənin ən uzun müddətdə bu postu tutan baş naziridir və "beyindən" daha çox "yumruq" kimi ad çıxarıb.

O 1998-ci ildə tabeçiliyində olanlarla pis rəftarına və hətta onları döyməsinə dair iddiaları rədd edərək demişdi ki, "adam döymək onun xasiyyətində deyil".

Deyilənlərə görə onun Rusiya oliqarxları ilə sıx əlaqələri var və pambıqçılıq da daxil, ölkənin kənd təsərrüfatı onun kurasiyasındadır. Yeri gəlmişkən Özbəkistan pambıqçılığı uşaq əməyindən istifadəyə görə tənqid olunur.

Mirziyoyev, Vladimir Putin 2007-2011-ci ildə Rusiyanın baş naziri olarkən onunla sıx işbirliyində olub.

Şahdüzəldənlər və "boz kardinallar"

Özbəkistanın post-Kərimov erasına daxil olduğu bir vaxtda bir çoxları inanırlar ki, əsl hakimiyyət qüdrətli Milli Təhlükəszilik Xidmətinin rəhbəri Rustam İnoyatovun əlindədir.

2008-ci ildə sızmış ABŞ diplomatik hesabatında İnoyatov "Kərimovun əsas eşikağası" adlandırılır və onun iş üslubu "zəhm və qılıq arasında dəyişkən" olaraq qiymətləndirilirdi.

71 yaşlı cənab İnoyatovun Kərimovun bir vaxtlar qüdrətli qızı Gülnaranın siyasətdən uzaqlaşdırılmasının əsas təşəbbüsçüsü olduğuna inanılır.

Fotonun müəllifi Reuters
Image caption ABŞ və Çin dəfn mərasiminə aşağı ranqlı nümayəndə heyəti göndəriblər

Belə ehtiyatlanmalar da var ki, hakimiyyətin keçidi məsələsi qısa müddətdə qeyri-müəyyənliyə səbəb ola bilər.

Başqa aparıcı fiqurlardan biri də prezidentn administrasiyasına çoxdan bəri rəhbərklik edən Zelimkon Haydarovdur. O pərdə arxasından nüfuzlu rol oynaya bilər.

Beynəlxalq əlaqələr

Hələlik Özbəkistan hökuməti xarici siyasət barədə bəyanatlar verməyib.

Cənab Kərimov böyük güclərin regional maraqları arasında balanslı siyasət yürüdür və Moskvanın ölkəni iqtisadi və təhlükəsizlik bloklarına çəkmək cəhdlərinə müqavimət göstərirdi.

Onun keçmiş Sovet İttifaqı üzrə həmkarlarının əksəriyyəti, cənab Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev də daxil, dəfn mərasiminə gəlməyiblər. ABŞ və Çin isə daha aşağı ranqlı nümayəndə heyəti göndərmişdi.

Prezident Barack Obama insan haqları qruplarının şikayətlərinə baxmayaraq, cənab Kərimovla təhlükəsizlik məsələlərində partnyor kimi işləyir, Özbəkistanda "yeni eradan" söz açırdı.

Bu barədə daha geniş