Rusiya yeni İran siyasətinin "siqnalını verir"

Fotonun müəllifi ATTA KENARE/AFP/GETTY
Image caption Həsən Ruhani və Vladimir Putin ötən il Tehranda keçirilən sammitdə o cümlədən energetika layihələrini müzakirə ediblər.

Sankt-Peterburq Universiteti Yaxın Şərq İnstitutundan Nikolay Kojanov Londondakı Chatham House siyasi araşdırmalar mərkəzinin saytında yazır ki, avqustun əvvəllərində Bakıda keçirilmiş üçtərəfli Putin-Ruhani-Əliyev görüşündə Rusiya prezidenti öz ölkəsinin İran siyasətindəki dəyişikliklərin siqnalını verib.

Məqalədə deyilir ki, bu görüş Azərbaycan prezidentinin təşəbbüsü ilə keçirilsə də, Moskvanın sammitdən əsas məqsədi Suriya müharibəsində ona ən yaxın müttəfiq olan Tehranla münasibətlərin möhkəmləndirilməsi idi.

Kojanov yazır ki, Suriya münaqişəsi bir yana, Rusiya ilə İran arasında ticarət əlaqələrinin həcmi də dramatik şəkildə azalıb.

2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1, 24 milyard təşkil edib ki, bu da son onillikdə ən aşağı səviyyə sayılır.

Məqalədə qeyd olunur ki, 2016-cı ilin ortalarınadək iki ölkə arasında enerji sektorunda mühüm layihələr hələ də masa üstündə deyildi və Buşəhr nüvə stansiyasının ikinci və üçüncü enerji bloklarının tikintisinə başlanmamışdı.

Lakin hazırkı vəziyyətdə Rusiyanı ticarət layihələrindən daha çox İranı Suriya münaqişəsində daha yaxın müttəfiq kimi görmək maraqlandırır.

Həmçinin oxu: İran Rusiyanın Həmədan bazasından istifadə etməsi barədə niyə ikibaşlı danışır?

Müəllif yazır ki, bəzi mənbələrdən alınan məlumatlara görə iranlıların Moskvanın hərbi strategiya sahəsindəki məsləhətlərinə barmaqarası baxması Suriyada hökumət qoşunlarının və onlara dəstək verən "şiə könüllülərin" bir neçə ciddi məğlubiyyətləri ilə nəticələnib.

Başqa məlumatlara görə, Rusiya və İran prezident Əsədin siyasi gələcəyi barədə də konsensusa gələ bilməyiblər.

İranın narahatlığı isə bundandır ki, Moskva ona Suriya münaqişəsində bərabər müttəfiqdən daha çox tabeçiliyində olan qüvvə kimi yanaşır.

Kojanovun qənaətinə görə İranın bu narahatlıqlarını başa düşən Rusiya mediası Yəmən hadisələrinin işıqlandırılmasında iranyönlü husilərə daha rəğbətli münasibət ifadə etməyə başlayıb.

Tehranın incikliyi

Fotonun müəllifi EPA
Image caption İran rəsmiləri Rusiyanın onun Həmədandakı hərbi-hava bazasından istifadəsi barədə ziddiyyətli bəyanatlar səsləndiriblər.

Məqalədə deyilir ki, Rusiya hərbi hava qüvvələrinin İranın Şəhid Nojeh bazasından qısa müddətdə istifadəsi də münasibətləri dərinləşdirməkdənsə, iki ölkə arasındakı dialoqun məhdudiyyətlərini nümayiş etdirib.

Rusiyanın bu hadisəni yalnız özünün strateji uğuru kimi reklam etməsi Tehranın əsəbi reaksiyasına səbəb olub.

Belə bir şəraitdə Kreml Tehranın etimadını qazanmaq üçün diplomatik strategiyasına düzəlişlər edir.

Müəllifin fikrincə İranın Xəzərlə bağlı məsələlər, Cənubi Qafqazda sabitlik, enerji infrastrukturları da daxil daha geniş gündəliyə cəlb edilməsi də məhz bu məqsədə xidmət edir.

Kojanov yazır ki, əvvəllər postsovet respublikaları ilə münasibətlər Xəzər regionunda Moskvanın əsas prioriteti olduğundan Tehranla münasibətlərə ciddi ziyan törətmişdi.

Məqalədə deyilir ki, indi Moskvanın İranla həm Xəzər hövzəsində, həm Suriya münaqişəsində münasibətlərə yenidən baxması Tehranı ona bərəbərhüquqlu partnyor kimi baxıldığına inandırmağa başlayıb.

Kojanovun fikrincə innən belə Moskva və Tehran postsovet respublikalarında Qərbin mövcudiyyəti, narkotik maddələrin nəqli, terrorçuluq, dondurulmuş Dağlıq Qarabağ münaqişəsi, Transxəzər boru kəmərləri, Xəzərin hüquqi statusu və sərhədlər üstündən cinayətkarlıq kimi məsələlərdə bir-birlərinin rəyini nəzərə almaya bilməzlər.

Qərbə siqnal

Müəllif yazır ki, Moskva həm də Azərbaycan və İran arasında onun Avropa və Türkiyənin enerji bazarlarındakı mövqelərinə ziyan vuracaq müştərək enerji layihələrindən yararlana biləcəyindən narahatdır.

Bakı sammiti zamanı Putin neft və qaz sahəsində əməkdaşlığa çağırıb. İlham Əliyev bunun yalnız Rusiyanın təşəbbüsü olmadığını bildirmək üçün " müştərək enerji dəhlizlərinin" yaradılmasından danışıb.

Üçtərəfli format, həmçinin Rusiyaya İranın şimal rayonlarının qazla təchizatı və bunun müqabilində İranın maye qazının Fars körfəzindən Rusiya tərəfindən daşınması təkliflərini vermək imkanı yaradıb.

Beləliklə, Rusiya İran qazının ən azı bir hissəsinin Avropa bazarlarına təkbaşına deyil, Rusiya tərəfindən nəql edilməsinə əminlik qazana bilər.

Kreml Bakı sammiti ilə həm də Rusiyanın Xəzər regionunda İranla dialoquna şübhə edənlərə siqnal verib.

Kojanov bu qənaətdədir ki, Bakı sammiti bir neçə gün əvvəl John Kerry-nin Mərkəzi Asiya respublikalarının xarici işlər nazirləri ilə Washingtonda keçirilmiş görüşünə bir növ cavab olub.

Rusiya nümayiş etdirmək istəyib ki, Xəzər məsələlərində ABŞ və ya hər hansı başqa tərəf yox, məhz o aparıcı oyunçudur.

Bu barədə daha geniş