Ermənistan: Baş nazir istefasını elan edib

Hovik Abrahamyan Fotonun müəllifi THOMAS OLIVA/AFP/Getty Images
Image caption Hovik Abrahamyan baş nazir vəzifəsinə 2014-cü ildə təyin olunub.

Ermənistanın Baş naziri hökumət iclasından sonra istefaya çıxdığını elan edib. Öz qərarını izah edən Hovik Abrahamyan deyib ki, ölkənin yeni hökumətə ehtiyacı var.

"Mən istefaya çıxıram. Bizə yeni yanaşma və yeni başlanqıç lazımdır. Gələcək haqqında düşünməli və yeni hökumət qurmalıyıq", - İnterfax agentliyi baş nazirin sözlərindən iqtibas gətirir.

Məlumata görə, ötən gün keçirilən hökumət toplantısında Baş nazir kabinet üzvlərilə vidalaşıb.

Hökumət mənbələrinə əsasən Hovik Abrahamyan hakim Respublikaçılar Partiyasının seçkiqabağı qərargahına başçılıq edəcək. Ermənistan parlamentinə seçkilər gələn ilin may ayına təyin olunub.

Ermənistanda mənzillənən Regional Tədqiqatlar Mərkəzinin direktoru Richard Giragosyan hesab edir ki, Baş nazir aprel ayındakı 4 günlük müharibə və iyulda polis bölməsinin ələ keçirilməsindən sonra hökm sürən siyasi böhrana görə "günah keçisi" seçilərək istefaya getməyə məcbur edilib.

BBC Azərbaycancaya danışan Richard Giragosyanın sözlərinə əsasən Abrahamyan istefaya çıxsa da, siyasi arenanı tərk etməyib.

"Abrahamyan siyasi sitemdən tam kənarlaşdırılmaq üçün çox qüdrətlidir", - Richard Giragosyan deyib.

Ermənistan mətbuatında Baş nazir vəzifəsinə əsas namizəd kimi Yerevanın sabiq meri Karen Karapetyanın adı hallandırılır.

2014-cü ilin aprel ayında Baş nazir vəzifəsinə təyin olunan Hovik Abrahamyan ötən il hakim partiyanın Konstitusiya layihəsi üzrə referendumun təşviqat kampaniyasına rəhbərlik edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş