Belarus rəsmisi Rusiya bayrağına görə Paralimpiya Oyunlarından kənarlaşdırılıb

Belarus yığması Fotonun müəllifi Reuters
Image caption Kimliyi məlum olmayan şəxsin əlindən Rusiya bayrağını alıblar

Paralimpiya Oyunlarının açılış mərasimində Rusiya bayrağını açmış Belarus rəsmisi yarışdan kənarlaşdırılıb.

Rəsmi şəxs Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) siyasi jestlərlə bağlı qadağasını pozub.

"Bu gün aramızda qəhrəman peyda olub," Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Bu şəxs rüsvayçı münasibətlə Paralimpiadada iştirakdan məhrum edilmiş xalqla həmrəylik nümayiş etdirib," xanım Zaxarova İnterfaks xəbər agentliyinə bildirib.

Rusiya dövlət dəstəyi ilə həyata keçirilmiş dopinq qalmaqalının ardından bu oyunlarda iştirakdan məhrum edilib.

Yarışların açılış mərasimində Belarus yığmasının rəsmisi əlində Rusiya bayrağı ilə bir qədər dövrə vurduqdan sonra bayrağı onun əlindən alıblar.

Belarus komandası rusiyalı idmançılara dəstək olaraq Rusiya bayrağını açmağı vəd etmişdi.

Lakin Rusiya mediasının bildirdiyinə görə, İPC bunu qadağan edib və Belarusun bu hərəkətinin siyasi jest kimi qiymətləndiriləcəyini bildirib.

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Paralimpiya Oyunları sentyabrın 7-dən 18-dək davam edəcək.

Əlaqəli mövzular