Özbəkistanda 5 ton pambıq yığana televizor vədi

Özbək qadınlar pambıq yığır Fotonun müəllifi Alamy
Image caption Özbəkistan pambıq yığımı dövründə əhalini səfərbər edir

Özbəkistanın Sırdərya rayonu illik məhsul yığımı dövründə ən çox pambıq toplayanlara elektrik avadanlığı vəd edib, məlumatlarda deyilir.

Rayon icra hakimiyyəti deyir ki, beş ton pambıq yığan ailələrə pulsuz televizor veriləcək, 10 ton pambıq toplayan isə soyuducu və ya paltaryuyan maşın əldə edə biləcək, yerli Kun.uz saytı xəbər verir.

15 ton pambıq yığan ailələrə isə daha böyük mükafat vəd olunub - onlar yerli istehsal olan avtomobillərə olan uzun növbələrdən kənar avtomobil ala biləcəklər, rayonun saytında deyilir.

Saytda deyilir ki, pambıq yığanların hamısına pul ödənəcək, ancaq mükafatlar "çox çalışan insanlara" əlavə stimuldur.

Özbəkistanda yeni avtomobil almaq uzun prosesdir, siyahı üzrə növbələr altı ay çəkir və ölkədə istehsal olunan bəzi Chevrolet modelləri üçün 85 faizədək depozit ödənməsi lazım gəlir. İkinci əl avtomobilləri bazarlarda asanlıqla almaq olar, ancaq çoxları yeni maşınları üstün tutur.

Bu arada isə Özbəkistanın müvəqqəti prezidenti Şavkat Mirziyoyev, tələb olunan həcmdə pambıq yığmayan fermerləri həbsə atacağı ilə hədələyib, Azadlıq radiosu xəbər verir.

Özbəkistanın illik pambıq yığımını yalnız kənd təsərrüfatı əməkçiləri həyata keçirmir - ictimai sektor işçiləri, o cümlədən müəllimlər və tibb professionalları da bu işə cəlb olunur.

Məlumatlara görə, ötən il musiqiçilər, film ulduzları da bu işə cəlb olunmuşdu və etiraz edəcəkləri təqdirdə qara siyahıya salınmaq riskilə üzləşmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş