Zaxarova: Ukraynada Duma seçkiləri baş tutacaq

Mariya Zaxarova Fotonun müəllifi RIA Novosti
Image caption Mariya Zaxarova seçki məntəqələrinin diplomatik missiyalarda açılacağını deyib.

Ukrayna ərazisində Rusiya parlamentinə seçkilər Kiyevin köməyi olmadan da keçiriləcək, Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

Bundan əvvəl Ukrayna prezidenti ölkə ərazisində Rusiya Dövlət Dumasına seçkilərin keçirilməsinin mümkün olmadığını bildirib.

Petro Poroşenkonun bəyanatından sonra Ukrayna XİN nümayəndəsi Maryana Betsa deyib ki, seçkilər "hətta diplomatik və konsul xidmətlərində də" keçirilə bilməz.

Rusiyada parlament seçkiləri sentyabrın 18-ə təyin olunub.

"Ukrayna ərazisində seçki məntəqələri, bizim konsulluqlar və Rusiya səfirliyində yaradılacaq", - Mariya Zaxarova deyib.

Onun sözlərinə görə bu məntəqələr Rusiya ərazisi olduğu üçün Ukrayna hakimiyyəti onların keçirilməsinə mane ola bilməyəcək.

Rusiya rəsmisinə əsasən ATƏT Ukrayna ərazisində Duma seçkilərini izləyəcəyini vəd edib.

Kiyev bildirir ki, seçkilər ilhaq olunmuş Krım və Sevastopol şəhərlərində səsvermənin ləğvi şərtilə keçirilə bilər.

Ukrayna həmçinin Krım sakinlərinin deputatlığa namizədlər siyahısından çıxarılmasını tələb edir.

Ukrayna parlamenti beynəlxalq ictimaiyyəti Krım ərazisində Duma seçkilərinə müşahidəçi göndərməməyə səsləyib.

Millət vəkillərinin xəbərdarlığında deyilir ki, müşahidəçi qismində Krıma gələnlərə qarşı sərhəd pozuntusu ilə bağlı cinayət işi açılacaq.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə Ukrayna ərazisində 80 min rusiyalı seçici yaşayır.

Əlaqəli mövzular

Bu barədə daha geniş