Türkiyə: 20 radio və televiziya kanalı qapadılıb

Recep Tayyip Erdoğan Fotonun müəllifi AP

Türkiyədə biri uşaq kanalı olmaqla, 20 televiziya və radio kanalı "terror təbliğatı" ittihamı ilə bağlanıb.

Bu, ölkədə fövqəladə vəziyyətin medianı susdurmaq üçün istifadə edilməsinə dair şübhələri artırıb.

Prezident Recep Tayyip Erdoğan bildirib ki, o, iyul ayından bəri tətbiq edilən fövqəladə vəziyyəti oktyabr ayından sonraya da uzatmaq istəyir.

Bəziləri bunu hökümətin həm "gülençilər", həm də kürd qiyamçıları ilə mübarizə aparması üçün şans kimi görür.

Qadağan edilmiş kanallar kürdlər və ya Ələvi dini azlığına aidlik və əlaqədə olmaqda ittiham olunur, bağlanması nəzərdə tutulmuş İMC TV-nin xəbər redaktoru Hamza Aktan onlara göndərilmiş rəsmi sənəddə bildirib.

Onun sözlərinə görə, qərar iyulda qəbul edilmiş fövqəladə vəziyyətin verdiyi imkanlarla bağlıdır.

"Bunun çevrilişlə heç bir əlaqəsi yoxdur. Bu, kürd məsələsini və hökumətin törətdiyi zorakılıqları işıqlandıran sonuncu müstəqil medianı susdurmaq cəhdləridir", cənab Aktan Reuters agentliyinə deyib.

Reuters-ə obyektiv jurnalistika ilə məşğul olduqlarını deyən İMC, təhlükəsizlik qüvvələrinin son 14 ayda Kürd İşçi Partiyasına (PKK) qarşı hərbi əməliyyatları barədə proqramlar yayımladıqlarını bildirib.

Bağlanmış digər 12 kanala folklor musiqisi yayımlayan Govend TV, kürd dilində cizgi film yayımlayan Zarok TV də daxildir.

11 radio stansiya isə milli təhlükəsizliyə zərər vermə ittihamı ilə bağlanılır.

"Türkiyə azlıqlara aid yayımçıları bağlamaqla mədəni və siyasi özünü ifadənin hüdudlarını hədəfləyir", Jurnalistləri Qoruma Komitəsindən Robert Mahoney bildirib.

"Əgər hökumət uşaq proqramını da milli təhlükəsizliyə hədə kimi görürsə, aydındır ki, fövqəladə gücdən sui-istifadə edilir."

Radio və Televiziya Ali Şurasının rəsmilərindən biri 20 kanalın bağlandığını təsdiqləyib.

Cənab Erdoğan bildirir ki, fövqəladə vəziyyət hökumətə parlamentdə müvafiq qanunlar qəbul etməklə hərbi çevrilişə cəhdin dəstəkçilərini təmizləməyə yardım edir.

Türkiyə iyulda 240 nəfər əsgər, polis və mülkinin ölməsi ilə nəticələnmiş çevriliş cəhdinə görə ABŞ-da yaşayan ruhani Fethullah Güleni ittiham edir.

Həmin gündən sonra 100 min dövlət qulluqçusu Gülençi ittihamı ilə işdən uzaqlaşdırılıb və 32 min nəfər həbs edilib.

Gülen hadisələrə müdaxiləsini inkar edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş