Vigen Sarkisyan Ermənistanın yeni müdafiə naziri təyin edilib

Vigen Sarkisyan Fotonun müəllifi Panphoto

Ermənistan prezidentinin fərmanı ilə Vigen Sarkisyan yeni Ermənistan Hökumətində müdafiə naziri təyin edilib.

Seyran Ohanyanı müdafiə naziri vəzifəsində əvəz edən Vigen Sarkisyan bu günədək Prezident Aparatına rəhbərlik edirdi.

41 yaşlı Vigen Sarkisyanın 1996-cı ildə Sankt-Peterburqda Şimal-Qərb Mülki Xidmət Akademiyasını, 1997-ci ildə - Yerevan Dövlət Universitetini bitirdiyi və 1999-cu ildə beynəlxalq əlaqələr üzrə magistr adı aldığı bildirilir.

2000-ci ildə Vigen Sarkisyan Fletcher Hüquq və Diplomatiya Məktəbinini (Tufts və Harvard Universiteti) bitirib, hüquq və diplomatiya magistridir.

1995-1998-ci illərdə Ermənistan Milli Məclisi sədrinin köməkçisi vəzifəsində çalışıb. 2000-2003-cü illərdə hərbi xidmətdə Ermənistan müdafiə nazirinin referenti olub.

2003-2009-cu illərdə Ermənistan prezidentinin köməkçisi, 2009-cu ildən 2011-ci ilədək - Prezident Aparatı rəhbərinin müavini vəzifələrində çalışıb.

Son 5 il ərzində Vigen Sarkisyan Prezident Aparatına başçılıq edib.

Nalbandyan vəzifədə qalır

Serj Sarkisyanın digər fərmanları ilə Armen Gevorqyan Milli Təhlükəsizlik Şurası (MTŞ) katibi vəzifəsindən azad edilib və Prezident Aparatının rəhbəri təyin edilib.

MTŞ katibi vəzifəsinə Ermənistan Silahlı Qüvvələri (SQ) baş qərargah rəisi vəzifəsindən azad edilmiş Yuri Xaçaturov təyin edilib.

SQ baş qərargah rəisi vəzifəsinə müdafiə naziri müavini, sabiq "Qarabağ müdafiə naziri" Movses Hakobyan təyin edilib.

Prezident Serj Sarkisyanın daha bir fərmanı ilə Edvard Nalbandyan xarici işlər naziri vəzifəsinə təyin olunub.

Beləliklə yeni Ermənistan Hökumətində Edvard Nalbandyan 2008-ci ildən tutduğu vəzifədə qalır.

Sentyabrın 8-də Ermənistanın baş naziri Hovik Abrahamyan istefa verib və Ermənistan Hökuməti buraxılıb.

Yeni baş nazir təyin olunmuş Karen Karapetyan nazirlər kabinetində müəyyən kadr və struktur dəyişiklikləri edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş