Gürcüstan parlament seçkilərində səsvermə başa çatıb

Seçki Məntəqəsi Fotonun müəllifi VANO SHLAMOV/AFP/Getty Images
Image caption Ekspertlərə əsasən seçkilərin nəticələrini proqnoz etmək çətindir.

Şənbə günü seçki məntəqələrinə gələnlər 4 il fəaliyyət göstərəcək parlament üzvlərinə səs veriblər.

Qanunverici orqana seçkilərdə 25 seçki subyekti, 19 partiya və 6 seçki bloku iştirak edib. 150 yerlik parlamentə 77 nəfər proporsional, 73 nəfər isə majoritar sistem əsasında seçilir.

Ekspertlərə əsasən seçkilərin nəticələrini proqnoz etmək çətindir. Beləki, elektoratın əhəmiyyətli hissəsinin siyasi rəğbəti son anadak qeyri-müəyyən qalıb.

Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionundan olan azərbaycanlı namizədlər də seçki marafonuna qoşulub. Müxalifətdə olan Milli Hərəkat Partiyasının Marneulidən olan namizədi Azər Süleymanov deyir ki, seçkilər tam şəffaf keçirilsə, təmsil etdiyi siyasi təşkilat yenidən iqtidar ola bilər.

"Gürcü arzusu koalisiyası 2012-ci ildə hakimiyyətə gəldikdən sonra hansısa uğuru ilə yadda qalmadı. Biz 2003-cü ildə iqtidara gəldikdən sonra dövlət qurduq, əksər problemi həll etdik. 4 ildə Gürcüstanda çox şey dəyişildi, amma yaxşıya doğru yox."

Süleymanov əlavə edir ki, son 4 ildə Gürcüstan 90-cı illərə qayıtdı. "Bizə qədər Gürcüstan dünyada kriminala görə ilk sırada idi. 2012-ci ilədək ölkədək bir nəfər narko diler, qanuni oğru qalmamışdı. İndiki hakimiyyət bunların hamısını geri qaytardı."

Fotonun müəllifi Seymur Kazımov
Image caption Səsvermə başa çatandan sonra Marneulidə müxalif Vahid Milli Hərəkat partiyasının mitinqi keçib.

Gürcü arzusu Partiyasından olan namizəd Ruslan Hacıyev Marneuli Rayonu Təhsil İdarəsinin müdiridir. Onun sözlərinə görə, 2 il ərzində gördüyü işləri hazırda millət vəkili olan opponenti 20 il ərzində görməyib.

"Marneulidə 20-dən artıq məktəbi təmir etdirmişəm. Mənim indiki opponentim gözü görə-görə məktəblər qəza vəziyyətindədir, hansısa işi görmədir."

Hacıyev Süleymanovun "Gürcüstanda islahatların 2012-ci ildə başa çatması" fikiri ilə qətiyyən razılaşmadığını deyir.

"Partiyamız bu seçkinin qalibidir. Bütün sosial sorğular da bizim qalib olduğumuzu göstərir. Hazırki hakimiyyət 2012-ci ildə verdiyi vədlərin heç birini yerinə yetirmədi," Vahid Milli Hərəkat Partiyasının Bolnisidən irəli sürülmüş namizədi Samirə İsmayılova deyir.

Onun sözlərinə görə, Bolnisi əhalisinin 72 faizi azərbaycanlılardır və seçkidə bu millətdən olan vətəndaşlarla bağlı stereotipin qırılmasının şahidi oluruq.

Image caption Marneulidə 98 min Bolnisidə 51 minə yaxın seçki hüququ olan vətəndaş var.

"Hər zaman deyirdilər ki, azərbaycanlılar bütün seçkilərdə yalnız hakimiyyətin namizədinə səs verir. Amma bu dəfə vəziyyət tamamilə fərqlidir."

İsmayılova əlavə edir ki, məntəqədə fəaliyyət göstərən əməkdaşlarına qarşı müxtəlf formada təzyiqlər olunub. Belə ki, seçki qanunvericiliyi ilə nəzərdə tutulduğu halda, seçki məntəqəsində kamera ilə çəkiliş aparmalarına maneə yaradıldığını bildirir.

"Bütün şikayətləri yerli MSK-ya göndərmişik, onlar da qeydə alıblar."

"Hakimiyyət seçki prosesini hədə-qorxu altında keçirir. Məndə olan məlumata görə hazırda hakimiyyət polisləri töküb bəzi kəndlərə, əhalini qorxudaraq seçki məntəqələrinə aparıb hakim partiyaya səs verməyə məcbur edirlər. Konkret olaraq, Dəmyəgorarxı, Aşağı Saral, İmir kəndlərində bu proses geniş formada həyata keçirilir," müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyev belə deyir.

İmamquliyev əlavə edir ki, məntəqələrdə seçici sayı qədər bülletenin olmaması, bəzi vətəndaşların adlarının siyahıda göstərilməməsi kimi problemlər də var.

Hakim partiyanın müəllimlərin maaşının artırılması ilə bağlı layihəsinə münasibət bildirən Əhməd İmamquliyev dedi ki, bu, ilk növbədə Vahid Milli Hərəkatın proqramında, daha sonra namizədlərin seçki plakatında əksini tapıb.

"Hakim Gürcü Arzusu Partiyasının proqramı, platforması yoxdur, onlar bunu bizdən oğurlayıblar. Onlar bizim proyektləri xalqa öz vədləri kimi təqdim edir."

Gürcü Arzusu Partiyasının namizədi Tamaz Naveriani Əhməd İmamquliyevin yerli əhaliyə təzyiqlərlə bağlı sözlərini "cəfəngiyyat" adlandırdı.

"Onlar görürlər ki, seçkilərdə uduzurlar belə şayiıələr buraxmağa başlayırlar. Biz kimsəni məcbur etmirik, burada azad və demokratik şəraitdə seçkilər keçirilir."

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Gürcüstanda parlament seçkiləri: əsas sual yoxsulluq və işsizlikdir

Müəllimlərin maaşının artırılması məsələsinin də "müxalifətin ideyası" olması fikiri ilə razılaşmır. "Vahid Milli Hərəkatın ideyası əhalinin təzyiq altında saxlamaq, onların biznesini əllərindən almaq olub. Siz mənim opponentimin seçkiqabağı çıxışlarını izləsəniz görərsiniz ki, o necə bir üslübdan istifadə edir."

Marneulidə qarışıqlıq

Seçkilərin sonuna doğru Marneulinin Qızılhacılı kənd orta məktəbinin 48 saylı seçki məntəqəsinə polis və xüsusi təyinatlı dəstə yeridilib.

Hadisə şahidləri iddia edir ki, bu dairədə seçkiləri hakim partiyanın xeyrinə saxtalaşdırmaq cəhdi qarşı tərəfin etirazlarına səbəb olub. Hadisə ardınca hər iki partiyanın tərəfdarları seçki məntəqəsinin qarşısında toplaşıb.

Yaranan qarşıdurma vaxtı Marneuli polis rəisi də daxil, bir neçə polis əməkdaşı xəsarət alıb, Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.

Rəsmi məlumata əsasən Vahid Gürcüstan Hərəkat partiyası və Xalq üçün dövlət - Paata Burçuladze blokunun tərəfdarları məntəqədən səsvermə qutusunu aparmaq istəyiblər. Lakin hadisə yerinə gələn hüquq-mühafizəçilər buna yol verməyiblər.

MSK-nin spikeri Anna Mikeladze bir neçə seçki məntəqəsində səsvermə prosesinin bir qədər gecikmə ilə başlandığını deyib. Onun sözlərinə görə məntəqəyə gələn jurnalist və müşahidəçilərin sayının gözlənildiyindən artıq olmasına görə qeydiyyat prosesi ləngiyib.

Bu hadisədən əvvəl, MSK dairə komissiyalarına 46 şikayətin verildiyini bildirib. Səhər saatlarında Marneuli MSK-nın katiblyi bəzi şikayət ərizələrinin daxil olduğunu bildirib. Lakin onların məzmunu barədə dəqiq məlumat yoxdur.

"Hazırda şikayətləri qəbul edirik, onları oxuyub və tanış olduqdan sonra açıqlama veriləcək," katiblikdən bildirdilər.

Səsverməni izləyən Azad Seçkilər və Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyət (ISFED) qrupunun minədək müşahadiçəsi seçkilərin ümumən sakit şəraitdə keçdiyini bidlirir.

Bu barədə daha geniş