İlham Əliyev Dünya Enerji Konqresində iştirak edir

Prezident Əliyev işgüzar səfərdə olduğu İstanbul şəhərində Türkiyə prezidenti Erdoğanla görüşüb Fotonun müəllifi President.az
Image caption Prezident Əliyev işgüzar səfərdə olduğu İstanbul şəhərində Türkiyə prezidenti Erdoğanla görüşüb

Azərbaycan prezidenti İlham Əliyev İstanbulda "Yeni üfüqlərə qucaq açmaq" devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak edir, president.az saytı bildirir.

Prezident Əliyev, onun rusiyalı həmkarı Vladimir Putin və venesuelalı həmkarı Nikolas Maduro tədbirdə Türkiyə prezidenti Recep Tayyib Erdoğanın xüsusi dəvəti əsasında iştirak edirlər.

Konqresin əsas mövzusu yeni nəsil enerji mənbələrinin müəyyən edilməsinin və bərpa olunan enerji mənbələrindən istifadədir. Bundan başqa, enerji daşıyıcılarının təhlükəsizliyi də diqqət mərkəzindədir.

Prezident Əliyev işgüzar səfərdə olduğu İstanbul şəhərində Türkiyə prezidenti Erdoğan və BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Bazar günü Atatürk Beynəlxalq Hava Limanında İlham Əliyevi Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıb, onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İstanbul səfərinin ilk günündə prezident Əliyev türkiyəli həmkərı ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Dövlət başçıları əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər. Sonra dövlət başçıları birgə şam ediblər.