Mərkəzi Asiya: “Çay ayrıcında”. Xüsusi reportaj

Nurek SES
Image caption Tacikistan və Qırğızıstanda elektrik enerjisini su-elektrik stansiyalarında istehsal edirlər. Tacikistandakı Nurek SES onlardan biridir

BBC Özbək xidmətinin müxbiri Rustam Qobil yazır ki, Mərkəzi Asiyanın 5 respublikası arasında su resurslarının bölüşdürülməsi sistemi Sovet İttifaqı ilə birlikdə çöküb.

İndi bəzi ölkələr suvarma üçün susuz, digər ölkələr isə qızınmaq üçün elektriksiz qalıb.

2009-cu ilin soyuq yanvar gecəsində Tacikistan paytaxtı Düşənbə elektrikin qəfil kəsilməsi ilə zülmətə bürünüb və bu vaxt faciə baş verib.

Şəhərin doğum evlərindən birində süni tənəffüs maşınları dayanıb. Həkimlər yenicə doğulmuş iki qız uşağının həyatı uğrunda sözün əsl mənasında ölüm-dirim mübarizəsinə girişməli olublar.

Qızlardan birinin atası - jurnalist Saymuddin Dustov əlimyandıda generator axtarırırmış, axır ki, yanacaqdoldurma məntəqsində çalışan bir dostundan tapa bilib.

5 kişi 200 kiloqramlıq generatoru 5-ci mərtəbəyə güclə qaldırıb. Gecə saat ikidə elektrik enerjisi bərpa olunanda qızcığaz artıq ölmüşdü.

Jurnalist Rustam Qobil yazır ki, bu ölüm keçmiş sovet sisteminin ölümünü də bir növ simvolizə edib.

Məqalədə deyilir ki, "sovet supaylama sistemi" çox sadə işləyirdi. Qazaxıstan, Özbəkistan və Türkmənistan enerji daşıyıcılarından boldur, dağlıq ərazidə yerləşən Tacikistan və Qırğızıstanda isə bol sulu çaylar var.

Dağ respublikalarına qışda qızınmaq üçün elektrik, düzənlik respublikalarına isə yayda suvarma üçün su lazım olurdu.

"Ölüm-dirim" məsələsi

Beş ölkə beləcə qışı və yayı elektriki və suyu paylaşırdlar. İndi isə beş respublikanın hər biri müstəqil dövlətdir, sistem isə yoxdur.

Qazaxıstan politoloqu Rasul Jumalı deyir ki, sistem ideal deyildi. Ziddiyyətlər sovet vaxtlarında da var idi, lakin o vaxtlar mübahisələri bir mərkəz - Moskva çözürdü.

Rusiyalı politoloq Andrey Kazantsev deyir ki, indi bu məsələ öna görə çözülməz olub ki, su və ərzaq hər bir ölkənin milli təhlükəsizliyi məsələsinə çevrilib.

Rustam Qobil yazır ki, su məsələsi indi bütün regionda "ölüm-dirim" məsələsi sayılır.

Cənubi Qazaxıstandakı balaca Akya kəndində 40 ildən çox yaşamış pensiyaçı Asima Dalanbay kızı deyir ki, artıq 7 ildir Qırğızıstandan gələn su kəsilib və burada şəkər çuğunduru yetişdirənləri çətin duruma salıb.

İndi Asimanın evini qupquru çöllər əhatə edir.

Image caption Mərkəzi Asiyada tarixən suvarmaya xidmət edən arxlar sistemi dağılır. Belə kimsəsiz kanalları bütün Mərkəzi Asiya boyunca çox yerlərdə görmək olar.

Birtəhər dolanmaq üçün qadın həyətyanı sahəsində nə isə əkib-becərməyə çalışır. İndi kənddəkilər suyu nasosla çıxarırlar.

Asima deyir ki, əgər belə davam etsə bütün aul köçməli olacaq.

Qazaxıstanın su təsərrüfatı Kazsunun yerli rəhbəri Berik Nuraliyev deyir ki, Sovet İttifaqı çökəndən sonra Qazaxıstan və Qırğızıstan arasında hər il yeni saziş imzalanırdı. Bu sazişdə nə vaxt və hara, nə qədər su verilməsi dəqiq göstərilirdi.

Lakin suyun qonşulara müxtəlif vaxtlarda lazım olmasına görə ziddiyyətlər ortaya çıxırdı.

Onun sözlərinə görə Qırğızıstanın kefi su vermək istəməyndə deyir ki, bu yaz çaylarda su az olub. Kim gedib yoxlayacaq ki?

Qarşıdurma

Image caption İqlim dəyişməsinə görə buzlaqlar əriyir. Ötən əsrdə onların səthi 30 faiz azalıb.

Rustam Qobil yazır ki, bəzi hallarda qonşular arasında su mübahisələri açıq və zorakı qarşıdurmaya səbəb olur.

Qırğızıstanda Samarkandek kənd məktəbinin keçmiş direktoru, indi isə kəndin ağsaqqalı Kapar Toktoşev deyir ki, 2014-cü ildə Tacikistan sərhədində baş vermiş belə bir toqquşmada qeyri-ixtiyari özü də iştirak etməli olub.

Onlar 2014-cü ildə kəndlərinə gələn suyun niyə kəsildiyini öyrənmək üçün Tacikistan sərhədinə yollanıblar. Burada taciklərlə qırğızlar arasında mübahisə baş verib. Dalaşanları əsgərlər bir-birlərindən ayırırdılar.

Toktoşev deyir ki, "əsgərlər aramızda idilər, bizsə onların başı üstündən bir-birimzə daş atırdıq".

Image caption Mərkəzi Asiya əhali artımına görə dünya liderləri arasındadır. Burada hə il artım 2 təşkil edir.

Ağsaqqal bütün bunları indi rahat-rahat danışsa da, hadisə baş verəndə, iki ölkənin sərhədinə toplaşmış 2-3 min insan arasında yer almış insident qəzet başlıqlarına çıxmışdı.

Toktoşev qorxur ki, bir gün bütün bunlar əsl müharibəyə çevrilsin.

Bədbin və nikbin proqnoz

Qırğızıstan politoloqları deyirlər ki, 2010-cu ildə o vaxtkı prezident Bakiyevi devirmiş iğtişaşlarda da su qıtlığı faktoru rol oynamışdı.

Rustam Qobil yazır ki, Özbəkistanda da elektrik enerjisi ilə bağlı narazılıq artmaqdadır. Burada hökumət enerjini xaricə satmaq qərarına gəldiyinidən daxili istehlak üçün qıtlıq yaranır.

Kiçik şəhərlərdə və kəndlərdə elektrik enerjisi gündə 2-3 saat verilir.

Rustam Qobil yazır ki, hətta bütün regionda səbirləri ilə tanınan özbəklər də, "qadağanlara tüpürərək" öz hiddətlərini açıq şəkildə bildirməyə başlayıblar.

Fərqanə vadisindən olan bir məktəb müəllimi Facebook vasitəsilə BBC jurnalistləri ilə əlaqə yaradıb, Riştan şəhərində yaşadıqları dözülməz şəraitdən söz açıb.

İndi qazı Çinə və Əfqanıstana satmaq daha sərfəli olduğundan Özbəkistan öz əhalisinə verdiyi enerjiyə qənaət edir.

Adamlar qış aylarında soyuqdan ölməmək üçün ətrafdakı ağacları kəsiblər.

İndi bütün diyarda bir dənə də böyük ağac qalmayıb.

Rusiyalı politoloq Andrey Kazantsev bidlirib ki, ən nikbin proqnoz hər şeyin olduğu kimi qalacağıdır.

"Ən bədbin variant isə budur ki, iflasa uğramış region ölkələrini fəlakət gözləyir. Domino effekti ilə Əfqanıstan Qırğızıstan və Tacikistanın üstünə, onlar da qonşu ölkələrin üstünə yıxılacaqlar. Bundan sonra vəziyyəti kimin düzəldə biləcəyini heç kim bilmir" - deyib Kazantsev.

Lakin Qazaxıstan politoloqu Rasul Jumalı deyir ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu Mərkəzi Asiya ölkələrinin əl-ələ verib inteqrasiya etməsidir.

"Rusiyanın və ya Çinin dəstəyinə söykənmək uzaq perspektivdə heç bir rol oynamaycaq" - deyib politoloq.

Materialın hazırlanmasında Oksana Vojdayeva və Maksim Lomakin də iştirak edib.

Əlaqəli mövzular