Gürcüstanda polis 7 azərbaycanlını saxlayıb

müxalif Vahid Milli Hərəkat partiyasının mitinqi Fotonun müəllifi Seymur Kazımov
Image caption Oktyabrın 8-də səsvermə başa çatandan sonra Marneulidə müxalif Vahid Milli Hərəkat partiyasının mitinqi keçirib.

Marneulidə Gürcüstan polisi müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının (VMH) namizədi Əhməd İmamquliyevin 7 nəfər tərəfdaşını saxlayıb.

Onlar oktyabrın 8-də seçki günü Marneulinin Qızılhacılı kəndində 48 saylı seçki məntəqəsində baş vermiş insidentdə təqsirli bilinirlər.

Gürcüstan DİN-nin məlumatına görə, Vahid Milli Hərəkat və Paata Burçuladze-Xalq üçün Dövlət blokunun tərəfdaşları seçki qutusunu qaçırmağa cəhd ediblər.

Vahid Milli Hərəkatın namizədi Əhməd İmamquliyevin Rustavi 2 TV-ə verdiyi məlumata görə, saxlanılanların hazırda harada olmaları barədə onlara məlumat verilmir.

İmamquliyev deyir ki, hökumət bu hərəkəti ilə yerli əhalini qorxutmaq istəyir.

"Bizim dairədə yaşayan insanlar hakim partiyanın namizədinə səs verməyiblər", o deyib.

Əhməd İmamquliyev əlavə edib ki, saxlanılan şəxslərə işgəncə verilib. "Polis onların boynuna qoymaq istəyib ki, həmin qarşıdurmanı VMH təşkil edib. Həmin şəxslər partiya tərəfindən vəkillə təmin olunublar", siyasətçi deyir.

"Polis onları saxlayarkən ailə üzvlərinə də təzyiq edib. Soydaşlarımızın gürcü dilini bilməməsindən istifadə edib daha çox təzyiq göstəriblər".

Polis təzyiq iddialarını təsdiq etmir.

Oktyabrın 8-də polis və partiya tərəfdarları ilə baş vermiş qarşıdurmada 5 polis əməkdaşı yaralanıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyası həmin dairədə seçkinin nəticələrini ləğv edib.

Vahid Milli Hərəkatın namizədi Əhməd İmamquliyev 47,9 faiz, onun rəqibi Gürcü Arzusundan olan Tamaz Naveriani 43,4 faiz səs toplayıb.

Nəticələri ləğv olunmuş 48 saylı seçki məntəqəsində təkrar səsvermə oktyabrın 22-də keçiriləcək.

Ölkə üzrə ikinci tur isə oktyabrın 30-na planlaşdırılır.

Bu barədə daha geniş