Nikolay Bordyuja bəzi ölkələri "terrorizmdə əlbirlik"də günahlandırıb

Nikolay Bordyuja və Ermənistan prezidenti Serj Sarkisyan Fotonun müəllifi president.am
Image caption Nikolay Bordyuja 2015-cı ildən KTMT-yə sədrlik edən Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) sessiyasında iştirak etmək üçün Ermənistan paytaxtında olan təşkilatın baş katibi Nikolay Bordyuja beynəlxalq anti-terror kampaniyasının bəzi üzvlərini "terrorizmdə əlbirlik"də günahlandırıb.

KTMT toplanışı başlamazdan "Avrasiya təhlükəsizliyinin möhkəmləndirilməsi işində KTMT-nin rolu" mövzusunda Yerevanda keçirilən dəyirmi masada çıxış edən Bordyuja dünyada qlobal təhlükəsizlik sistemlərinin məhv edildiyini bildirib.

"Biz mürəkkəb dövrdə yaşayırıq, çünki əslində qlobal təhlükəsizlik sistemləri dağıdılıb. Aparıcı dünya oyunçuları arasında terrorizmə, qeyri-qanuni narkotik dövriyyəsinə və başqa çağırışlara qarşı mübarizə işində əlaqələr, əməkdaşlıq kəsilib", - Bordyuja bəyan edib.

KTMT baş katibi "terrorizmlə mübarizə mövqeyindən çıxış edən dövlətin terrorçulara silah tədarük etməsi göz qabağında" olduğunu deyib, lakin hansı dövlətləri nəzərdə tutduğunu açıqlamayıb.

Nikolay Bordyuja 2015-cı ildən KTMT-yə sədrlik edən Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb və Təşkilatın sentyabr və dekabr sessiyaları əsnasında qəbul olunmuş qərarların yerinə yetirilməsi prosesi və 14 oktyabrda nəzərdə tutulan iclasa hazırlıq məsələlərini müzakirə ediblər.

Prezident aparatının mətbuat xidmətinin məlumatına görə, KTMT-nın fəaliyyətdə olan sədri Sarkisyan və baş katibi Bordyuja həmçinin regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Nikolay Bordyuja ilə ötən həftə Ermənistanın müdafiə naziri təyin olunmuş Vigen Sarkisyan arasında görüşün əsas mövzusu da KTMT Yerevan toplantısının gündəlik məsələləri olub, nazirliyin mətbuat xidməti bildirir.

Cümə günü işə başlayan KTMT sessiyasında üzv ölkə başçıları beynəlxalq vəziyyət və kollektiv təhlükəsizliyin təmin olunması, KTMT-nin 2015-ci ilədək dövrdə kollektiv təhlükəsizlik strategiyası və Təşkilatın təkmilləşdirilməsi məsələləri müzakirə mövzusu olacaq, Kreml mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, Yerevan KTMT yığınağında Rusiya prezidenti Vladimir Putin də iştirak edəcək.

Yerevan sessiyası zamanı KTMT sədrliyi Ermənistandan Belarusa ötürüləcək.

KTMT 1992-ci ildə yaradılıb və hazırda 6 üzvü vardır: Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Rusiya və Tacikistan.

Azərbaycan və Gürcüstan 1993-cü ildə təşkilata daxil olub, lakin sonradan Özbəkistan da daxil olmaqla təşkilatdan çıxıblar.

Əlaqəli mövzular

Bu barədə daha geniş