Moskva ilə Ankaranın dostluğu nə dərəcədə möhkəmdir?

Путин и Эрдоган Fotonun müəllifi AFP
Image caption Moskva ilə Ankara arasında münasibətlərin istiləşməsi bütün dünyada müsbət qarşılanır. Çünki, bu halda növbəti hərbi münaqişənin yaranması ehtimalı ciddi şəkildə aşağı düşür.

Moskvayla Ankaranın dostluğu nə dərəcədə möhkəmdir?

Rusiya və Türkiyə iki ölkə arasında münasibətlərin qəfil istiləşməsindən xəbər verən bir sıra müqavilələr bağlayıblar. Ancaq Moskvayla Ankara arasında ziddiyyətlər qalmaqdadır. Bu ziddiyyətlər ilk növbədə Suriya münaqişəsi ilə bağlıdır.

Prezident Putin Türkiyəyə səfəri zamanı Ankara ilə bir sıra müqavilələr imzaladı. Bura hərbi sahədə razılaşmalar da daxildir.

Tərəflər həmçinin Qara dənizin dibi ilə iki "Türk axını" qaz kəmərinin çəkilməsinə dair hökumətlərarası saziş imzalayıblar.

Bu danışıqlar iki ölkə arasında ötən ilin noyabrnda rus hərbi təyyarəsinin vurulmasından sonra soyumuş münasibətlərin yaxşılaşmasından xəbər verir.

Moskva ilə Ankara arasında münasibətlərin istiləşməsi bütün dünyada müsbət qarşılanır. Çünki, bu halda növbəti hərbi münaqişənin yaranması ehtimalı ciddi şəkildə aşağı düşür.

BBC Rus Xidmətinin əməkdaşı Aleksandr Baranov, şərqşünas Yelena Suponina və politoloq Aleksandr Sotniçenko bu yeni dostluğun nə dərəcədə möhkəm olmasını aydınlaşdırmağa çalışıblar.

Aleksandr Baranov: Hələ ötən yaz, Rusiya KİV-lərinə inansaq, türk pomidorları ən zəhərli, türk hamamları ən soyuq, türk çimərlikləri ən təhlükəli idi. Prezident Erdoğan isə İD döyüşçülərindən neft almaqdan belə iyrənməyən ən korrupsioner prezident idi. Heç yarım il keçmədi və bir cüt qaz kəməri ilə möhkəmlənmiş yeni əbədi dostluq başladı.

Yelena Suponina: Moskva ilə Ankara arasında yaxınlaşma dərəcəsini şişirtməyə dəyməz. Bu yaxınlarda Türkiyənin baş naziri dedi ki, Rusiya və Türkiyənin Suriya ilə bağlı mövqeləri yaxınlaşıb. Məndə belə məlumat yoxdur. İki ölkə arasında Suriya ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Onlar hələ ki, ötən il olduğu kimi kəskin fazada deyil. Ancaq, nə qədər ki, iki ölkə arasında Suriya ilə bağlı əsas məsələlər nizamlanmayıb, vəziyyət hər an kəskinləşə bilər.

Son zamanlar Putin və Erdoğan Suriya ilə bağlı heç nə demirlər. İstər Erdoğanın Peterburqa səfəri zamanı, istərsə də Putinin cavab səfəri zamanı [bu barədə bir söz deyilməyib]. Ancaq, sözsüz ki, danışıqlar zamanı bu məsələyə toxunulur. Çünki bu görüşlərdə baş qərargahların və kəşfiyyat idarələrinin nümayəndələri iştirak edir. Bu, ağrılı və mühüm məsələdir, ancaq onun barəsində ictimai şəkildə heç nə deyilmir. Bu fikir ayrılıqlarının qaldığını göstərir. Ancaq bununla yanaşı razılığa gəlmək cəhdi var.

Erdoğan Hələblə bağlı Putinə kart-blanş verir. Moskva isə Türkiyənin İraqın Mosul şəhəri ilə bağlı fəallaşmasına etiraz etmir, baxmayaraq ki, bu, amerikalıların xoşuna gəlmir. Moskva türk qoşunlarının Suriyanın şimalına yeridilməsinə də demək olar ki, etiraz etməmişdi. Hərçənd, bu, Suriyanın suverenliyinin pozulması deməkdir.

Aleksandr Sotniçenko: Türkiyə hesab edir ki, Əsəd Suriyanın düşdüyü vəziyyətin əsas təqsirkarıdır və onun bütün hökuməti ilə birlikdə istefası vəziyyətin nizamlanmasının yeganə yoludur. Tərəflər kompromisə qətiyyən hazır deyillər. Rusiya xalqı birləşdirməyə çalışacaq yeni siyasi liderlərin hazırlanması ilə məşğul ola bilərdi. Ancaq Türkiyə də bu işlə məşğul olmur, çünki başı silahlı müxalifətə qarışıb.

Aleksandr Baranov: Türkiyə niyə barışmaz mövqe tutur və Əsədin hakimiyyətdə qalmasını istəmir?

Aleksandr Sotniçenko: Çünki, 2011-ci ildən bəri Türkiyə Suriya səhnəsində ən fəal oyunçulardan biridir və onun müttəfiqi silahlı müxalifətdir. Əgər Türkiyə Əsədin istefası fikrindən imtina edərsə, onda onun silahlı müxalifətlə münasibətləri necə olacaq? "Fərat qalxanı" əməliyyatı başlanmasından bəri Türkiyə silahlı qruplaşmalarla yaxşı münasibətlərdə maraqlıdır. Çünki İD-ə qarşı əsas hərbi əməliyyatları məhz onlar aparır. Ölənlər də əsasən türk əsgərləri yox, həmin bu "mötədil müxalifətin" dəstələridir.

Seçkilərə hazırlıq dövründə Əsədin hakimiyyətdə saxlanması yaxşı fikirdir. Ancaq bu müddət ümumi barışığın əldə olunmasından başlamalıdır. Bu barışıqsa heç cür əldə olunmur və yaxın zamanda da əldə olunmayacaq. ABŞ bununla bağlı kifayət qədər barışmaz mövqe tutur. O ya terrorçu qruplaşmaları mötədil müxalifətdən ayırmağa qadir deyil, ya da bunu etmək istəmir. Hətta Türkiyə bunu daha yaxşı bacarır. "Fərat qalxanı" əməliyyatında keçmiş "Cəbhət ən-Nüsrə" kimi lap terrorçu qruplaşmalar iştirak etmir.

Yelena Suponina: Rusiyanın Türkiyə ilə münasibətlərinin nizamlanması prosesi gedir, ancaq əsas diqqət iqtisadiyyata yönəldilir. Çünki burada işlər daha rahatdır, hərçənd, burada da çətinliklər qalmaqdadır. Akkuyu məntəqəsində rus mütəxəssislərin tikməkdə olduğu atom stansiyası ilə bağlı işlər yavaş gedir...

Bu çətinliklər həllolunandır. Suriya ilə bağlı fikir ayrılıqları isə qalır. Hər iki tərəf hətta ən prinsipial şeylərə göz yummağa çalışır. Rusiya bu ilin avqustunda türklərin Suriyanın ərazi bütövlüyü və milli suverenliyini pozaraq başladığı "Fərat qalxanı" əməliyyatına göz yumdu. Rusiyanın XİN-i yalnız bir aydan sonra bəyanatlar verməyə başladı və bu bəyanatlar o qədər də sərt deyildi.

Ancaq... gec-tez siyasi fikir ayrlıqları iqtisadi əməkdaşlığa mane ola bilər...Axı fikir ayrlıqları təkcə Suriya ilə bağlı deyil. Erdoğan Peterburq səfərindən sonra Krıma dair bəyanatlar verdi və Krımı Rusiyanın tərkib hissəsi adlandırmadı. Onun mövqeyi birmənalı deyil. Əlbəttə ki, Moskva bunu görür. Bu Rusiyanı ehtiyatlı davranmağa məcbur edir, ancaq münasibətlərin istiləşməsi kursu saxlanılır.

Aleksandr Baranov: Bir çox şərhçilər Rusiyanın Türkiyəni yaxın məsafədə saxlamalı olduğunu deyirlər. Onların arasında Qafqaz var. Tərəflərdən hər birinin bu əraziylə bağlı geosiyasi iddiaları var. Bu amil nə dərəcədə vacibdir?

Aleksandr Sotniçenko: Bu amil bu gün Moskva ilə Türkiyəni yaxınlaşdırır. Köhnə Qarabağ münaqişəsinə gəlincə, görünür tərəflər onun mövcudluğu ilə barışıblar və onu "sonraya" saxlayırlar.

Yelena Suponina: İndi heç Qafqaz və Dağlıq Qarabağdan da ümumiyyətlə danışılmır. Ancaq bu o demək deyil ki, problemlər həll olunub. Onlar sonraya saxlanılıb. Bu da sözügedən iki dövlət arasında xoşagəlməz sürprizləri istisna etməyə imkan vermir. Danışıq aparmaq düşmənçilikdən yaxşıdır. Çünki vəziyyət get-gedə daha təhlükəli olurdu, hərbi toqquşmaya daha da yaxınlaşırdı. Türkiyənin arxasında isə NATO ordusu dayanıb. Odur ki, bu, çox ciddi münaqişə olardı.

Aleksandr Baranov: Sizə elə gəlmirmi ki, bu alyansda Türkiyə ağ qarğa kimi bir şeydir? Çünki o, alyansın bütün dəyərlərini bölüşmür. Çevrilişdən sonra Ərdoğanı NATO-dakı müttəfiqləri yox, Putin dəstəklədi. Bu çevriliş cəhdinin bu tarixdə rolu nədən ibarətdir?

Yelena Suponina: Türkiyədə çevriliş cəhdi ərəfəsində mən hiss etdim ki, Qərb mətbuatının Erdoğanla bağlı ritorikası mənfi tərəfə dəyişib. "New York Times" və başqa qəzetlərdə onun haqqında daha çox tənqidi məqalələr çıxmağa başladı. Ancaq çevriliş cəhdinin uğursuz olmasından sonra amerikalılar Türkiyəni öz ağuşlarından buraxmamaq qərarına gəldilər. Erdoğana münasibət müxtəlif ola bilər, ancaq o, təcrübəli siyasətçidir. ...Rusiyayla münasibətlərin yaxşılaşdırılmasına paralel olaraq o həm də ABŞ-la münasibətləri yaxşılaşdırır.

Aleksandr Baranov: Yaxından baxanda Türkiyə və Rusiya prezidentlərin şəxsiyyətləri arasında çoxlu ümumi cəhətlər görmək olar. Bu, iki xeyli avtoritar liderdir. Hər ikisi Qərbi sevmir, demokratik mexanizmlərə bir o qədər də etibar etmir. Onların hər ikisi öz ölkələrində dinin rolunu gücləndirməyə çalışır, hər ikisi müxalifətə qarşı dözümsüzdür və ikisinin də ciddi geosiyasi ambisiyaları var. Sizcə bu səthi mühakimədir? Putinlə Erdoğanın fərqi nədədir?

Aleksandr Sotniçenko: Fərq böyükdür. Putindən fərqli olaraq, Erdoğan prinsipcə başqa elitanın nümayəndəsidir. O, aşağı təbəqədən, Türkiyədə faktiki olaraq 1920-ci illərdən bəri hakimiyyətdə olan dünyəvi hərbi rejimə qarşı müxalifətdən çıxıb. O, hərbi diktatura şəraitində böyüyüb. O, islam isteblişmentinin bir hissəsi olmadan özü-özünü yaratmış liderdir. Putin SSRİ vaxtı da, 90-cı illərdə də öz karyerasını qurub. O, xidməti karyera çərçivəsində irəli gedib. Erdoğansa öz baxışlarına görə həbsxanada oturub. Ərdoğan daha emosional adamdır. O gözlənilməyən addımları atmağa qadirdir.

Təəssüf ki, indi Qərbdə Putini yeni çar, imperiya şovinisti fiquru kimi qələmə verirlər. Ancaq Erdoğan üçün ideologiya daha vacibdir, nəinki Putin üçün. Ancaq, şübhəsiz ki, onlar bir-birinə bənzəyirlər. Bu, daha çox şəxsiyyətlərin tarixi formalaşdırdığı yox, tarixin şəxsiyyətləri doğurduğu haldır.

1990-cı illərdə Qərbdə beynəlxalq münasibətlərin demokratik, liberal nəzəriyyələri dəbdə idi. [Onlardan biri belə idi ki,], dövlətlər arasında ideoloji ziddiyyətlər aradan qalxanda iqtisadiyyat münasibətlərdə birinci yerə çıxacaq, dövlətlər arasında biznes isə bütün siyasi münaqişələri həll etməyə qadirdir. Ancaq, son bir neçə ildə siyasət tamamilə iqtisadiyyatdan üstündür. Mən Rusiya ilə Türkiyə arasındakı siyasi fikir ayrılıqlarının əldə olunmuş bütün iqtisadi razılaşmaları bir anın içində məhv etməyə qadir olması fikri ilə razıyam.

Yaxınlaşma hər iki tərəf üçün sərfəlidir. Əgər biz onu doğrudan da istəyiriksə, siyasi kompromisin yollarını axtarmalıyıq. Suriyada müxtəlif qüvvələri atəşkəsə gətirmək üçün onların üzərində ümumi təzyiq rıçaqları axtarmalıyıq. Ümumi siyasi xətlər axtarışı olmadan indiki irəliləmə də bundan əvvəlki kimi bizi heç yerə aparmayacaq.

Aleksandr Baranov: Ancaq, demək olar ki, belə siyasi fikir ayrılıqları ölkə daxilindəki siyasi sistemlərin uyğunsuzluğu ilə izah olunur. Məsələn, Qərbi Avropa və ABŞ arasında belə fikir ayrılıqları daha azdır. Ona görə, Rusiya və Türkiyə möhkəm ittifaq qurmaq üçün ümumi dəyərlərə sadiq olmalıdırlar?

Aleksandr Sotniçenko: Siz demokratik sülh nəzəriyyəsi tərəfdarı kimi danışırsınız. Ancaq, Avropa və ABŞ arasında ziddiyyətlərin olmaması daha çox onunla bağlıdır ki, Aİ özünün təhlükəsizliklə bağlı səlahiyyətlərini tamamilə ABŞ-a ötürüb. Avropa ölkələri ABŞ-ın kiçik tərəfdaşlarıdır. Ona görə ciddi siyasi ziddiyyətlər yoxdur. Rusiya və Türkiyə isə özünəməxsus maraqları olan iki müstəqil dövlətdir. Bizim liderlərimiz ümumi məqsədlərə nail olunması üçün ümumi fəaliyyətlər barədə razılığa gəlməyincə münaqişə davam edəcək və qarşılıqlı iqtisadi fəaliyyətə mane olacaq.

Yelena Suponina: İdeoloji baxışlar, ideallar və siyasi quruluşlardakı fərq münasibətlərin inkişafı üçün maneə deyil. Siz qeyd etdiniz ki, Türkiyə NATO alyansındakı tərəfdaşlarının fonunda ağ qarğa kimi görünür. NATO ilə münasibətlərdə daha az problem var. Belə ki, orada ordular, hərbi texnika və sairlə bağlı müəyyən standartlaşma var. Ancaq Türkiyənin əvvəllər can atdığı Aİ fonunda o, həqiqətən çox fərqli görünürdü. Ancaq bu, Türkiyə ilə Aİ ölkələri arasında münasibətlərin inkişafına mane olmur.

Türkiyədə uğursuz çevrilişdən sonra qiyamçıların taleyi ilə maraqlanan azdır. Qərbdə də buna göz yumurlar. Kim nə deyir-desin, bizim prezidentlərimiz ümumi dil tapsalar da, onlar arasında oxşarlıq olsa da, Rusiyada belə qəddar hərəkətlər baş vermir.

Münasibətlərimizi necə qoruyub saxlamalı? ...Yəqin ki, bu istiləşmə heç də hamının xoşuna gəlməyəcək və buna mane olmağa çalışacaqlar. Mən o fikirlə razıyam ki, Suriya münaqişəsi və başqa siyasi fikir ayrılıqları mina kimidir. Bu minanı zərərsiləşdirmək də olar, ancaq o ən nataraz vaxtda partlaya da bilər.

Aleksandr Baranov: Özü də, indi Rusiya Suriyada daimi hərbi baza açmağa hazırlaşır. Maraqlıdır, görəsən bu, türkiyəni narahat edirmi?

Yelena Suponina: Yəqin ki, Türkiyədə bütüm bunları nəzərə alırlar. Ancaq indi bu, Rusiya ilə münasibətlərin inkişafından vacib deyil. Rusiya da Türkiyənin hərəkətlərini bir növ görməzdən gəlir. Bu Erdoğana sərf edir. O, kürd milli hərəkatını zəiflətməyə çalışır, öz qoşunlaırnı irəlilədir. Müəyyən razılıq səviyyəsi var, ancaq bu çox incə oyundur və çox həssas regionda aparılır.

Aleksandr Baranov: Hər iki tərəfin bir-birinə təsir rıçaqları var: Rusiyanın yaxşı münasibətlərdə olduğu kürdlər, Türkiyənin əlində isə "Türk axını" var. Onlar asanlıqla bir-birinə ziyan vura bilərlər. Ona görə tərəflər ehtiyatlı olmağa çalışırlar.

Yelena Suponina: Ötən il vəziyyət çox təhlükəli idi. Real toqquşma təhlükəsi vardı. Bu baş vermədi, ancaq buna görə çox səy göstərildi.

Bu barədə daha geniş