Gürcüstanda azərbaycanlılar həbs olunub

Mitinq Fotonun müəllifi SEYMUR KAZIMOV
Image caption Qızılhacılı kəndininin seçki məntəqəsində baş verən insident ardınca müxalif Vahid Hərəkat partiyası Marneuli şəhərinin mərkəzində mitinq keçirib.

Rustavi şəhər məhkəməsi Gürcüstan vətəndaşı olan altı azərbaycanlı haqqında həbs qərarı çıxarıb.

Həmin şəxslər oktyabrın 8-də, parlament seçkiləri günü Marneuli rayonu Qızılhacılı kənd 48 saylı seçki məntəqəsində qarışıqlıq yaratmaqda təqsirləndirilirlər.

Hadisənin ilk günündə saxlanılan şəxslərin yeddi nəfər olduğu deyilsə də, sonradan rəsmi məlumatlar 6 nəfərin ittiham olunduğunu dedi.

Onlara qarşı "seçki komissiyalarının fəaliyyətinə müdaxilə və ictimai asayişi qoruyanlara və hökumət nümayəndələrinə zor tətbiq etmək" maddələri ilə ittiham irəli sürülüb.

Bu maddələrlə təqsirli bilinənlər 5 ilədək azadlıqdan məhrum edilir.

Gürcüstan DİN-nin məlumatına görə, Vahid Milli Hərəkat və Paata Burçuladze - Xalq üçün Dövlət blokunun tərəfdaşları seçki qutusunu qaçırmağa cəhd ediblər.

DİN-in digər açıqlamasına görə, aqressiv kütlə hadisə yerində asayişi bərpa edən polisə təzyiq göstərib, onlara daş atıb.

6 nəfər oktyabrın 12-də gecə saatlarında saxlanılıb.

Həbs olunan şəxslərin yaxınlarının verdiyi məlumata görə, gecə evə gələn xüsusi təyinatlılar onlara qarşı zor tətbiq edib, mebelləri sındırıblar.

Polis oktyabrın 8-də baş vermiş insident zamanı 5 nəfər əməkdaşının xəsarət aldığını deyir.

Hadisəyə münasibət bildirən müxalifət Vahid Milli Hərəkat Partiyası, "hökumət bu hərəkəti ilə insanları qorxutmaq istəyir" bəyanatı ilə çıxış edib.

Seçki məntəqəsindəki məlum hadisədən sonra Gürcüstan Mərkəzi Seçki Komissiyası həmin dairədə seçkinin nəticələrini ləğv edib.

Vahid Milli Hərəkatın namizədi Əhməd İmamquliyev 47,9 faiz, onun rəqibi Gürcü Arzusundan olan Tamaz Naveriani 43,4 faiz səs toplayıb.

Nəticələri ləğv olunmuş 48 saylı seçki məntəqəsində təkrar səsvermə oktyabrın 22-də keçiriləcək.

Ölkə üzrə ikinci tur isə oktyabrın 30-a planlaşdırılır.

Bu barədə daha geniş