Gürcüstan seçkilərin ikinci raunduna hazırlaşır

Gürcüstan parlament seçkiləri Fotonun müəllifi VANO SHLAMOV/ Getty
Image caption Gürcüstan parlamentinə birmandatlı sistemlə 73, proporsional sistemlə isə 77 deputat seçilir

Gürcüstanın ən böyük müxalifət partiyası olan "Birləşmiş Milli Hərəkat" (BMH) təmsilçiləri daxili fikir ayrılıqlarına baxmayaraq, parlament seçkilərinin ikinci turunda iştirak etmək qərarına gəldiklərini elan ediblər.

İlkin məlumatlara görə ikinci tur 50 majoritar birmandatlı dairədə keçirilməlidir.

Yaradıcısı və lideri ölkənin keçmiş prezidenti Mixail Saakaşvili olan "Birləşmiş Milli Hərəkat" 2012-ci ilədək hakimiyyətdə olub. Partiya hesab edir ki, parlament seçkilərinin birinci turu hədə-qorxu şəraitində keçib və ədalətli olmayıb.

Ancaq iki həftəlik məsləhətləşmədən sonra BMH deputat mandatlarından imtina etməmək qərarına gəlib.

"Qeyri-bərabər şərtlərə, saxtalaşdırma və təzyiqlərə, ikinci turun da çox gərgin mübarizə şəraitində keçəcəyinə baxmayaraq, biz bu sınağı qəbul edirik: partiya ikinci turda təmsil olunacaq, parlamentə daxil olacaq və parlament fəaliyyətində iştirak edəcək," deyə BMH-ın proporsional siyahısında birinci olan deputat David Bakradze bildirib.

Həmçinin oxuyun: Gürcüstanda müxalifət nə üçün qalib gələ bilmədi?

Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası səslərin 48,67%-ni toplayaraq proporsional sistemdə qəti qələbə qazanıb.

Hakim partiyanın namizədləri bundan başqa 23 birmandatlı dairədə də qalibdirlər. Ancaq qalan 50-sində namizədlərin heç biri səslərin yarıdan çoxunu yığa bilmədiyinə görə ikinci turun keçiriləcəyi gözlənilir.

İkinci turun keçiriləcəyi birmandatlı dairələrin əksəriyyətində hakim partiyadan olan namizədlərin rəqibləri BMH-nin namizədləri olacaq.

MSK artıq bildirib ki, ikinci turun vaxtı birinci turun nəticələrinin tam yekunlaşdırılmasından sonra, ancaq noyabrın 2-dən gec olmayaraq təyin ediləcək.

Gürcüstan parlamentinə birmandatlı sistemlə 73, proporsional sistemlə isə 77 deputat seçilir. Sonuncular beş faizlik həddi keçən "seçki subyektlərinin", birlik və hərəkatların siyahılarından seçilir.

Fotonun müəllifi Anadolu Agency/ Getty
Image caption MSK bildirib ki, ikinci turun vaxtı birinci turun nəticələrinin tam yekunlaşdırılmasından sonra təyin ediləcək

MSK-nın ilkin məlumatına görə, hakim partiya və BMH-dən (o, səslərin 27%-dən bir qədər artığını toplaya bilib) başqa daha bir qrup 5 faizlik baryeri keçməyə nail olub. Bu, 5,01% səs yığmış "David Tarxan-Mouravi, Irma Inaşvili - Gürcüstan Vətənpərvərləri Alyansı, Birləşmiş müxalifət" seçki blokudur.

Seçki yarışının qalan 22 iştirakçısı, o cümlədən 2012-ci il seçkisində "Gürcü arzusu" koalisiyasının tərkibində qalib gəlmiş partiyalar mandatsız qalıblar.

Qaliblərdən başqa hər kəs birinci turun nəticələrindən narazı qalıb. Keçmiş prezident, hazırda Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili seçkiyə qədər BMH-nin qalib gələcəyini deyirdi. Oktyabrın 10-da o bildirib ki, partiyanın ikinci turda iştirak etməsində heç bir məna görmür.

"Əlbəttə, bu barədə qərarı hər bir namizəd fərdi qaydada verməlidir. Ancaq mən ikinci turda iştirak etməkdə məna görmürəm. Bunu etməklə ən kobud pozuntularla keçmiş seçkiləri faktiki olaraq legitimləşdirmiş oluruq," deyə Saakaşvili bildirib.

Buna baxmayaraq, BMH-nin bəzi liderləri açıq şəkildə ikinci turda mübarizədən imtina etmək fikrinə qarşı çıxıblar.

Ancaq ikinci turda iştirakdan imtina edənlər də olub. Keçmiş müdafiə naziri, "Azad demokratların" lideri Irakli Alasaniya müvəqqəti olaraq siyasəti tərk etdiyini bildirib.

Alasaniyanın partiyası proporsional sistemlə səslərin 4,63%-ni toplayıb və parlamentə keçə bilməyib.

Bəzi müxalifət partiyaları, o cümlədən BMH, seçkinin rəsmi nəticələrinə etimadsızlıq ifadə ediblər.

Fotonun müəllifi Kommersant Photo/ Getty
Image caption Müxalif "Birləşmiş Milli Hərəkat" partiyası seçkiqabağı kampaniya çərçivəsində Tbilsinin mərkəzində aksiya keçirib

David Tarxan-Mouravi bildirib ki, onun bloku parlament mandatlarından imtina etmir. O həmçinin "David Tarxan Mouravi, Irma Inaşvili - Gürcüstan Vətənpərvərləri Alyansı, Birləşmiş müxalifət" seçki blokunun "ikinci siyasi qüvvə" kimi BMH-ni yox, məhz özünü gördüyünü deyib.

Hakim partiya isə seçkilərin beynəlxalq müşahidəçilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndirildiyini vurğulayır.

"Gürcü arzusu"nun icraçı katibi Irakli Kobaxidze hesab edir ki, BMH seçkiləri udacağı barədə bəyanatlarının qurbanı olub. O deyir ki, partiyanın bunun üçün kifayət qədər resursu yoxdur.

"Onlar dəqiq bilirlər ki, ikinci turda bircə dairədə belə qalib gəlməyəcəklər. Ona görə də, onlar üçün qərar qəbul etmək çox çətin idi," deyə o, BMH-nin qərarına şərh verərkən bildirib.

Ancaq Kobaxidze seçki ərəfəsində də BMH-nin nəinki seçkilərdə qalib gəlməyəcəyini, hətta ölkənin siyasi həyatında mühüm amil kimi qalmayacağını iddia edirdi. O deyirdi ki, "bu, Gürcüstanda demokratiyanın qələbəsi olacaq".

Beynəlxalq əlaqələr üzrə mütəxəssis Georgi Qobronidze deyir ki, müşahidəçilər və cəmiyyətin əksər hissəsi seçkiləri legitim saydığına görə, BMH özünün ikinci turda iştirakdan imtina qərarını izah etməyə çətinlik çəkərdi.

"Bununla yanaşı, seçkilərin nəticələri əsas müxalifət partiyası üçün o qədər də acınacaqlı olmadı," o deyir. Hakim partiyanın proqnozlarına rəğmən, BMH nəinki siyasi oyundan çıxmayıb, hətta seçkinin nəticələri partiyaya dəstəyin artdığını göstərir.

"İndi onların liberal dəyərlər və qərbyönlü xarici siyasət kursunun tərəfdarı olan digər partiyaların seçicilərini də cəlb etmək üçün şansı yaranıb," deyə politoloq bildirib.

BMH ümid edir ki, ikinci turda onları təkcə öz tərəfdarları yox, həm də "bir partiyanın konstitusion çoxluğu əldə etməsindən doğan riskləri anlayanlar" dəstəkləyəcək.

Mütəxəssislər də belə risklərdən danışırlar. Konstitusiya üzrə ekspert Vaxuşti Menabde deyir ki, bu gün hakim partiyanın konstitusion çoxluğu, yəni 150 mandatdan 113-nü əldə etməsi ehtimalı çox böyükdür.

O qeyd edir ki, konstitusion çoxluğa malik olan hakim partiya "hakimiyyətin digər strukturlarında qarşısına çıxan maneələri neytrallaşdırmaq üçün konstitusiyanı dəyişdirmək fikrinə düşə bilər".

"Konstitusion çoxluq konstitusiyanın özündə dəyişiklik etmək imkanı verir. Bu isə artıq nəzarət edilməsi çox çətin olan siyasi qüvvə deməkdir. Xüsusən də bizim unitar dövlət olduğumuzu nəzərə almalıyıq. Yəni mərkəzi hakimiyyəti regional, yaxud yerli hökumətlər tarazlamır, çünki onlar zəifdir," ekspert deyir.

Menabde deyir ki, "ikinci problem parlamentin birpalatalı olmasıdır. Bu, fərqli palatalarda siyasi müxtəlifliyi istisna edir."

Onun sözlərinə görə, Gürcüstanda mövcud olan qarışıq seçki sistemi parlamentdə seçicilərin real əhvalını əks etdirmədiyinə görə artıq özü-özlüyündə problem mənbəyidir.

"Səslərin 49%-ni yığmış "Gürcü arzusu" parlamentə deputatlarının 75-80%-ni yerləşdirə bilər. Faktiki olaraq seçicinin səsi 1,5 dəfə artır. Əgər bizim ədalətli seçki sistemimiz olsaydı, "Gürcü arzusu" nəinki konstitusion çoxluğa nail olmazdı, heç hökuməti təklikdə qura da bilməzdi," deyə Menabde qeyd edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş