Ermənistan: "Qarabağın statusu xalqın rəyi vasitəsilə həll olunmalıdır"

Xankəndi (Stepanakert) Fotonun müəllifi Getty Images

Ermənistan parlament sədrinin müavini və XİN mətbuat katibi prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sözlərinə şərh verib.

Ermənistan parlament sədrinin müavini, hakim Ermənistan Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov, Azərbaycan prezidentinin "Rossiya seqodnya" agentliyinə müsahibəsində Dağlıq Qarabağın statusuna dair bəyanatını şərh edərək, Dağlıq Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsinin mümkün olmadığını deyib.

"Dağlıq Qarabağ xalqı 1988-ci ildən azad və müstəqil yaşamaq haqları üçün mübarizəyə başlayıb. Xatırlatmaq istərdim ki, danışıqlar prinsiplərindən biri öz müqəddəratını təyin etmək haqlarının gerçəkləşdirilməsidir.

Minsk Qrupu həmsədr ölkələrinin prezidentləri həmişə bəyan ediblər ki, ərazi bütövlüyü və dinc yolla tənzimləmə ilə yanaşı, üç prinsipdən biri də öz müqəddəratını təyin etmək hüququnun gerçəkləşdirilməsidir", - cənab Şarmazanov parlamentdə jurnalistlərə deyib.

Ermənistan XİN mətbuat katibi Tiqran Balayan isə prezident Əliyevin bəyanatını Qarabağ münaqişəsi üzrə "danışıqlar prosesinin təhrif edilməsi" adlandırıb.

Həmçinin oxuyun: İlham Əliyev - Dağlıq Qarabağ, silahlar və referendum barədə

"Məhz cənab Əliyevin iqtibas etdiyi ATƏT-in Minsk Qrupu həmsədr ölkə başçılarının bəyanatlarında birmənalı qeyd olunur ki, Dağlıq Qarabağın statusu Dağlıq Qarabağ xalqının məcburi qüvvəyə malik olan rəy bildirməsi vasitəsilə həll olunmalıdır", - Ermənistan XİN sözçüsünün bəyanatında deyilir.

"Bundan artıq kompromisə gedə bilmərik"

Fotonun müəllifi President.az
Image caption Prezident Əliyevlə müsahibəni "Rossiya seqodnya" BİA-nın direktoru Dmitri Kiselyov edib

Çərşənbə axşamı günü "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, "Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür".

Cənab Əliyev bildirib ki, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı yolu ilə məqbul kompromislər mümkündür.

"Münaqişənin həllini biz bu cür görürük. Bu, hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə səsləşir.

Lakin məsələnin həllini tapmamasının əsas səbəbi odur ki, Ermənistan 24 ildir, Minsk Qrupu yaranandan bəri, danışıqlar prosesindəki ən kiçik irəliləyişin də qarşısını müxtəlif yollarla alır. Bizim mövqeyimiz ondan ibarətdir ki, insanlar harada yaşayırdısa, orada yaşamalıdır", - prezident Əliyev deyib.

Azərbaycan prezidentinin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşmadan bu regionda inkişaf ola bilməz.

"Biz sülh istəyirik və mövqeyimiz kifayət qədər konstruktivdir, lakin biz öz torpaqlarımızı geri istəyirik. Ermənistan isə başqasının ərazilərini geri vermədən sülh istəyir. Fərq bundadır", - deyə cənab Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz.

"Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür.

Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik", - Azərbaycan prezidenti vurğulayıb.

1994-cü ildə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan əraziləri erməni silahlılarının əlinə keçib. BMT erməni silahlı qüvvələrinin geri çəkilmələrini tələb edib.

Həmin dövrdən bəri tez-tez atəşkəs pozulması halları baş verir və tərəflər münaqişənin həll edilməməsinə görə bir-birini ittiham edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş