İraq: Türkiyə Mosul əməliyyatında yoxdur

Başikada İD-ə qarşı əməliyyatlar Fotonun müəllifi AFP
Image caption İraq Türkiyənin Mosul əməliyyatında iştirakını təsdiqləmir, Türkiyə isə əksini deyir

İraq Ordusu Türkiyənin Mosul əməliyyatında iştirak etməsinə dair iddiaları təsdiqləməyib.

İraq Ordusunun birgə hərəkət mərkəzinin sözçüsü deyib ki, əməliyyatlara heç bir türk qüvvəsi daxil olmayıb.

Türkiyə ötən gün bildirib ki, Başika düşərgəsindəki əsgərləri ilə Mosul əməliyyatında iştirak edən Peşmərgə qüvvələrinə dəstək verib və Mosul ətrafındakı özünü İslam Dövləti adlandıran qrupun (İD) hədəflərini top atəşinə tutub.

Baş nazir Binali Yıldırım Ədalət və İnkişaf partiyasının (AKP) Müşavirə və Qiymətləndirmə Yığıncağından sonra jurnalistlərin "yaxın günlərdə Mosul istiqamətli əməliyyat olub-olmayacağını" soruşarkən "Bu nədir? Edilən nədir? deyə cavab verib.

Peşmərgə: Başika mühasirədədir

İraq Kürdüstan Regional Rəhbərliyinə (IKBY) yaxın Rudaw xəbər agentliyi isə yazır ki, davam edən Mosul əməliyyatı çərçivəsində Peşmərgə qüvvələri Başika qəsəbəsini mühasirəyə alıb.

Peşmərgənin qəsəbəyə girməsi barədə əvvəllərdə də xəbərlər var idi, amma sonradan bu xəbərlər yalan çıxmışdı. Rudaw-a danışan Peşmərgə komandirləri deyib ki, Başikaya gedən bütün yollar nəzarət altındadır.

Başika qəsəbə İŞİD üçün əhəmiyyətli bir məntəqə hesab olunurdu.

Fotonun müəllifi AFP
Image caption Prezident Erdoğan Başikadakı bazanı "Türkiyənin milli təhlükəsizliyinin sığortası" adlandırır

Başika gərginliyi

İraq Ordusu ilə yanaşı, şiə könüllüləri və peşmərgə qüvvələri Mosula irəliləməyə çalışırlar. Ötən həftə başladılmış genişmiqyaslı əməliyyata ABŞ rəhbərliyindəki İD əleyhinə koalisiya hava dəstəyi verir.

Türkiyə Başikada təlimlər keçdiyi yerli sünni qüvvələrin də Mosul əməliyyatına daxil edilməsini tələb etsə də, indiyədək Türkiyənin dəstəklədiyi qüvvələr əməliyyatda rol oynamayıb.

Bağdad rəhbərliyi Türkiyənin Başika düşərgəsini tərk etməsini istəyir və bölgədə Türkiyənin hərbi varlığının beynəlxalq hüquqa zidd olduğunu deyir.

Türkiyə isə Başikaya Bağdadın dəvəti ilə gəldiyini xatırladır və baş nazir Heydər əl-Abadini məzhəbçi siyasət aparmaqda ittiham edir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Mosulun Türkiyənin milli təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etdiyini deyərək əlavə edib ki, "Başikadakı bazamız barədə heç kim danışmasın. O baza orada duracaq".

Bu barədə daha geniş