Suriyada "Fərat Qalxanı" əməliyyatı: 96 vətəndaş ölüb

Suriyada türk əsgərləri Fotonun müəllifi EPA

Türkiyənin müttəfiqləri ilə birgə Suriyanın şimalında apardığı hücumları zamanı 100-ə yaxın sadə vətəndaş həlak olub, monitorinq qrupu bildirir.

Frans Press agentliyi yazır ki, Türkiyə rəsmilərindən bu barədə hələlik heç bir şərh almaq mümkün olmayıb, amma Ankara bundan əvvəl oxşar iddiaları rədd edib.

Türkiyə avqustun 24-dən bəri "Fərat qalxanı" adı altında özünü İslam Dövləti (İD) adlandıran qrupa və Türkiyənin "terrorçu" adlandırdığı kürd qiyamçılarına qarşı əməliyyat aparır.

Həmin dövrdən bəri Türkiyənin hava hücumları və top atəşləri nəticəsində 22 nəfəri uşaq olmaqla 96 sadə vətəndaş öldürülüb, Suriyada İnsan Haqları Monitorinqi təşkilatı bildirib.

Britaniyada mənzillənən nəzarətçi bildirib ki, qiyamçıların daxil olduğu həmlədə Türkiyənin verdiyi ağır silahlardan istifadə edilib - hava hücumlarının çoxu və artilleriya atəşləri Türkiyə torpağından atılıb.

"Əksəriyyəti kürdlər olan 92 nəfər İD-in nəzarət etdiyi ərazilərdə öldürülüb, qrupun rəhbəri Rami Abdel Rahman bildirib.

Onun sözlərinə görə, qalan 4 nəfər YPG (Xalqları Qoruma Birliyi) döyüşçülərinin üstünlük təşkil etdiyi kürd-ərəb koalisiyası - Suriya Demokratik Qüvvələrinin ərazisində öldürülüb.

Türkiyə YPG-ni və PYD-ni (Kürd Demokratik Birliyi partiyası) 1984-cü ildən bəri torpaq iddialarına görə müharibə aparan Kürdüstan İşçi Partiyası (PKK) ilə işbirliyində ittiham edir.

ABŞ və Avropa İttifaqı PKK-nı terrorçu təşkilat kimi tanıyıb.

Bu barədə daha geniş