Türkiyə, Mosulun azad edilməsində niyə iştirak etməyə çalışır?

Курды обстреливают Башику Fotonun müəllifi Getty Images
Image caption Türkiyə Başika uğrunda döyüşdə kürd dəstələrinə kömək etdiyini bildirir.

İraq hökumətinin etirazlarına baxmayaraq, Türkiyə Mosul şəhərinin "İslam Dövləti" terrorçu qrupundan azad edilməsində fəal rol oynamağa çalışır.

Türkiyənin baş naziri Binali Yıldırım bildirib ki, türk əsgərləri Başikada kürd peşmərgə qüvvələrinə "artilleriya atəşi" ilə kömək edirlər. Bundan sonra, oktyabrın 24-də İraq ordusu Türkiyənin Mosul əməliyyatında iştirakını rədd edib.

Başika Mosuldan 20 kilometr şimal-şərqdə yerləşən şəhərdir. Ankara və Bağdad bundan əvvəl də bu düşərgəyə görə mübahisə ediblər. Bağdad Türkiyədən əsgərlərini bu ərazidən çıxarmasını istəmişdi.

Son həftələrdə Türkiyənin hərbi əməliyyatda iştirak etməklə bağlı təkidi iki ölkə arasında münasibətlərin gərginləşməsinə yol açıb.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, "heç kəs Türkiyənin Mosul döyüşündə iştirakının qarşısını ala bilməz". İraqın Baş naziri Heydər Əl-Abadi isəTürkiyənin köməyindən imtina edərək bildirib ki,iraqlılar özləri vəziyyətin "öhdəsindən gələ bilərlər".

Ancaq, görünür, Türkiyənin təkidli təklifinin arxasında bir neçə səbəb dayanır.

Məzhəblərarası gərginlik qorxusu

Türkiyə məzhəb zəminində gərginliklə bağlı narahatlığını dilə gətirib. Türkiyənin baş naziri Yıldırım deyib ki, "İraqın məzhəb müharibəsinə sürükləndiyi vaxtda" Türkiyə sakitcə oturub tamaşa edə bilməz.

Sünni şəhəri olan Mosulda "məzhəb münaqişəsindən" çəkinən Türkiyə şiə üsyançılarının buradakı əməliyyatlarda iştirakına qarşı olduğunu ifadə edib.

Fotonun müəllifi AFP
Image caption Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, "heç kəs Türkiyənin Mosul döyüşündə iştirakının qarşısını ala bilməz".

Ankara əməliyyatlardan sonra şəhərin məzhəb və etnik tərkibinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Türkiyə prezidenti son çıxışında bildirib ki, İD-nin məğlub edilməsindən sonra Mosulda yalnız "sünni ərəblər, türkmənlər və sünni kürdlər olmalıdır".

Mosul və ətrafında həmçinin çox sayda etnik türk olan türkmanlar yaşayır. Türkiyə özünü bu etnik azlığın müdafiəçisi kimi görür.

Kürd üsyançılarının İraqda rolu

Türkiyə və İraq arasındakı sərhədin uzunluğu 330 kilometrdir. Ankara hökuməti iddia edir ki, hazırda qonşu ölkədə baş verənlər Türkiyənin milli təhlükəsizliyinə birbaşa təsir edə bilər.

Türkiyə İraqdakı Kürdistan regional hökumətinin komandanlığı altında olan kürd peşmərgə qüvvələrini dəstəkləsə də, qətiyyətlə Kürd Fəhlə Partiyasının (PKK) Mosul əməliyyatında iştirakına qarşıdır.

Türkiyə on ildən uzun müddət ərzində PKK ilə müharibə aparıb. PKK Türkiyənin kürd azlığının muxtariyyətini tələb edir.

Mosuldan 100 kilometr qərbdə yerləşən Sincar şəhərində oyunçulardan biri olan PKK da hərbi əməliyyatlarda iştirak etmək arzusunu ifadə edib.

ABŞ və Avropa Birliyi PKK-nı terrorçu təşkilat hesab etsə də, Türkiyə bu qrupun Mosul döyüşündə iştirak edəcəyi təqdirdə beynəlxalq legitimlik qazanacağından ehtiyat edir.

Türkiyənin hərbi iştirakı nəinki PKK-nın bu döyüşdə rol oynamasının qarşısını alardı, həm də Türkiyəyə bu qrupun İraqdakı mövcudluğuna ümumiyyətlə son qoymaq imkanı verərdi.

Tarixi məsələ

Türkiyə uzun zamandan bəri diplomatik və hərbi üsullara əl ataraq Yaxın Şərqdə əsas oyunçu olmağa can atır. Ancaq Mosul bu ölkə üçün tarixi əhəmiyyət daşıyır.

Mosul 400 ildən artıq müddət ərzində Osmanlı İmperiyasının tərkib hissəsi olub. Hətta 1923-cü ildə Türkiyənin müstəqillik qazanmasından sonra yeni yaradılmış parlamentin bəyan etdiyi Milli Paktda Mosul türk torpaqlarının bir hissəsi elan edilirdi.

Həmin dövrdə Mosul Britaniya işğalı altında idi. Britaniya Türkiyənin iddialarına son qoymaq üçün Millətlər Liqasında şəhərin statusunun yüksəldilməsinə nail oldu.

İlk dövrlərdə Britaniyanın iddialarına müqavimət göstərən Türkiyə yekunda, 1926-cı ildə Mosulun İraqa verilməsinə dair sazişi imzaladı.

O zamandan bəri zaman-zaman beynəlxalq siyasi mübahisələrdə Mosul məsələsi qaldırılıb. Yeni Osmanlılar hələ də Mosulun itirilməsini Atatürkün uğursuzluğu kimi görürlər.

Türkiyə hökuməti bu keçmiş Osmanlı şəhərinin İD-dən azad edilməsində rol oynaya bilsə, bunun daxili auditoriyaya da güclü təsiri olacaq.

Materialı BBC Monitoring hazırlayıb.

Bu barədə daha geniş