İraq türkməni lideri: "Azərbaycan türkmənlərə sahib çıxmalıdır"

Fotonun müəllifi MARWAN IBRAHIM/AFP/Getty Images
Image caption Türkmən Cəbhəsi partiyasının lideri Erşat Salihi (ortada) Bakı və Ankaranı türkmənlərə sahib çıxmağa səsləyir.

İraqda türkmənlərin məskunlaşdığı bölgələrdə demoqrafik durumun dəyişdirilməsi təhlükəsi barədə danışan türkmən lideri deyib ki, Bakı türkmənlərə sahib çıxmalıdır.

BBC Azərbaycancaya danışan Türkmən Cəbhəsi partiyasının lideri ölkədə yaşayan 3 milyona yaxın etnik türkmənin varlığının təhlükə altında olduğunu deyib.

"Hər şeydən öncə Azərbaycan hökumətindən, hörmətli İlham Əliyevdən İraq türkmənlərinin başına gələn əhvalatların qınamasını istəyirəm", - Erşat Salihi Ərbildən telefonla bildirib.

Onun sözlərinə görə, Mosul şəhərinin alınması üzrə əməliyyatla bağlı türkmənlər daha çox təhlükələrlə üzləşirlər.

İraq qüvvələri ölkənin şimalındakı Mosul şəhərini özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın əlindən almaq üçün artıq 9 gündür ki, əməliyyata başlayıblar. Türkmənlərin də yaşadığı Mosula qarşı hücuma hazırlaşan qüvvələr arasında kürd, şiə və sünni dəstələri var.

"İlham Əliyev qınasın"

Erşat Salihi deyir ki, hərbi əməliyyatların kəskinləşməsi şəraitində sayı 3 milyona çatan türkmənlər "həm Daeş (İD), həm də kürdlər tərəfindən" təhlükə ilə üzləşirlər.

"Mosul və Təlafərdə türkmənlərin təhlükəsizliyi təmin olunmalıdır. Kərkükdəki türkmənlər kürdlər tərəfindən demoqrafik dəyişikliyə və Daeşin hücumlarına məruz qalırlar", - deyən Salihi bu kimi vəziyyətin türkmənlərin məskunlaşdığı bır sıra şəhər və kəndlərdə müşahidə edildiyini bildirir. - "Bunlar türkmənlərin varlığı üçün təhlükədir".

İraqlı siyasətçi belə vəziyətdə Türk dünyasından kömək umduğunu bildirib. Onun sözlərinə görə əsrin əvvəlində Türk ordusu ilə Bakıya gələn türkmən hərbçiləri Bakıda dəfn olunub. İndi isə Bakı və Ankara türkmənlərə sahib çıxmırlar.

"Mən türk dünyasının bir parçasıyamsa hərkəs mənə sahib çıxmalıdır!", o deyir.

"Azərbaycandan nə kimi kömək görmək istəyirsiniz?" sualına cavab verən Erşat Salihi ilk öncə mənəvi dəstək umduğunu bildirib.

"Hər şeydən öncə Azərbaycan hökumətindən, hörmətli İlham Əliyevdən İraq türkmənlərinin başına gələn əhvalatların qınamasını istəyirəm".

Fotonun müəllifi AFP
Image caption Türkmənlər əsasən ölkənin şimalında məskunlaşır.

Eyni zamanda türkmən lideri Qarabağ problemi olduğu halda, Azərbaycanın daha bir münaqişəyə cəlb olunmaq istəmədiyini başa düşdüyünü deyir.

"Azərbaycanın özünün başı dərddədir. Azərbaycan hökuməti və xalqı bizimlə bərabərdir. Yetər ki, mənəvi dəstəyini əsirgəməsin", - Erşat Salihi deyib.

"Bizim könüllülərimiz bundan bir sürə öncə gəldilər dedilər ki, biz hazırıq Qarabağa da getməyə. Onun üçün deyirəm. Biz dayanışma içində olmalıyıq. Azərbaycan bizim mənim də Azərbaycanın yanında olmağım lazımdır".

İraqlı siyasətçi xatırladır ki, Türkiyənin hazırda İraqın şimalında hərbi mövcudluğu İraq hökuməti tərəfindən mənfi qarşılanır. O İraq türkmənlərinin Türkiyənin hərbi müdaxiləsinə mənfi yanaşmadığını deyir.

İraq türkmənləri kimdir?

Hərçənd ki, Ankaranın mövqeyini dəstəkləyən türkmən lideri deyir ki, "burda 63 ölkədən qüvvələr olduğu" halda Türkiyənin də "Daeş və PKK ilə mübarizə üçün burda olmaq" haqqı var.

"Biz İraq hökumətinə təkrar deyirik ki, Türkiyəyə qarşı həssas olmamalıdır. Çünki Türkiyənin İraq torpaqlarında gözü yoxdur".

Bağdad hökumətləri tərəfindən dərc olunmuş müxtəlif rəqəmlər də daxil olmaqla, türkmən əhalisinin real sayı barədə razılaşdırılmış bir rəqəm yoxdur. 1957-ci ilə aid əhalini siyahıyaalmanın redaktə olunmuş variantı İraqdakı etnik qrupların demoqrafiyasına aid azsaylı mənbələrdən hesab olunur. Bu siyahıyaalmaya görə 567 min İraq türkməni İraqın 6,3 milyonluq əhalisinin 9 faizini təşkil edirdi.

Türkmənlər əsasən ölkənin şimalındakı bölgələrdə yaşayır.

Bu barədə daha geniş