Dağlıq Qarabağ münaqişəsi: Həmsədrlər Əliyev və Sarkisyan arasında görüş təşkil etməyə çalışırlar

Serj Sargsyan və İlham Əliyev İsveçrədə, 19 dekabr 2015 Fotonun müəllifi PETER KLAUNZER/GETTY
Image caption Serj Sargsyan və İlham Əliyev İsveçrədə, 19 dekabr 2015

ATƏT-in Minsk Qrupu həmsədrləri Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində müzakirəsini təşkil etməyə çalışırlar, lakin hələlik görüşün tarixi müəyyən edilməyib, Minsk Qrupunun amerikalı həmsədri James Warlick deyir.

"Prezidentlər hazır olsa, biz istənilən vaxt bu görüşü təşkil etməyə hazırıq", - Yerevanda mətbuat konfransı zamanı cənab Warlick bəyan edib.

Daha əvvəl agentliklər Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün Parisdə baş tutacağını bildirmişdi.

Lakin bölgəyə səfərin əsas məqsədi, cənab Warlick-in sözlərinə görə, atəşkəs rejiminə əməl edilməsi məsələsini müzakirə etmək olub.

"Biz şadıq ki, aprel hadisələrindən sonra atəşkəs rejiminə əməl edilir. Mənə məlumdur ki, çoxsaylı insan itkisi olmuşdu, və biz tərəflərlə həmin insidentlər və təmas xətti perimetri və Ermənistan-Azərbaycan sərhədi boyunca gərginlik haqqında söhbət etmək istəyirdik", - cənab Warlick deyib.

"Əsl vətənpərvər"

O əlavə edib ki, "nəyin bahasına başa gəldiyini dərk edərək", tərəflərin heç biri müharibə istəmir: "Biz apreldə bunun [Qarabağda 4 gün davam edən döyüşlər] hamı üçün nəyə başa gəldiyini gördük. Biz münaqişənin genişlənməsi və uzanmasını istəmirik".

Amerikalı diplomatın sözlərinə görə, prezidentlər Əliyev də, Sarkisyan da "əsl vətənpərvərdirlər", öz ölkələri və öz xalqlarına inanır və sevirlər.

"Onlar hər iki xalqa sülh və təhlükəsizlik şəraitində yaşamaq imkanı verən problemin həlli üzrə irəli sürülən təklifləri nəzərdən keçirmək üçün həmsədrlərlə işləməyə hazırdır", - Warlick bəyan edib.

Səfərin məqsədlərindən biri də Minsk Qrupu həmsədr ölkə başçılarının Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə Vyana və Sankt-Peterburq sammitlərində "əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələsində ardıcıl olaraq", fəaliyyətdə olan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin monitorinq missiyası tərkibinin genişləndirilməsi və bu razılaşmanın həyata keçirilməsi məsələləri ilə bağlı bəzi detallar üzərində işləməkdir.

"Və biz bu gün Ermənistan prezidenti Sarkisyanla bu müzakirəni davam edərik", - James Warlick deyib.

Yerevandan əvvəl həmsədrlər Bakıda və Dağlıq Qarabağda olublar.

Azərbaycan agentliklərinin məlumatına görə, Bakıda cənab Warlick ehtimal olunan Əliyev-Sarkisyan görüşünün əsas mövzularından biri də "işğal edilmiş ərazilərin qaytarılması" olduğunu bəyan etmişdi.

Amerikalı diplomat belə bir bəyanat etdiyini inkar etməsə də "ümumi kontekstdən heç nə" ayırmamağı tövsiyə etdi.

"Tənzimlənmənin bütün elementləri masa üzərinə gətirilməli və müzakirə olunmalıdır. Siz hər hansı bir məsələni ayırıb kontekstdən çıxara bilməzsiniz. Dağlıq Qarabağ ətrafı ərazilərin qaytarılması məsələsi müzakirə olunmalıdı, lakin Dağlıq Qarabağın statusu da səmimi müzakirə mövzusu olmalıdır. Başqa məsələlər də mövcuddur. Qaçqınlar və daxili köçkünlərin qaytarılması barəsində danışalı, beynəlxalq sülhməramlı qüvvələrə, onun səlahiyyətlərinə və dəhlizə dair səmimi araşdırma aparılmalıdır", - amerikalı həmsədr qeyd edib.