Ermənistan: 17 il əvvəl parlamentə hücum vaxtı ölənlər anılıb

Abidə
Image caption Ermənistan Milli Məclisin həyətində qoyulan 27 oktyabr qurbanlarırının xatirə abidəsi

Ermənistan parlamenti 17 il əvvəl oktyabrın 27-də Milli Məclisə silahlı hücum zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

27 oktyabr 1999-cu il tarixində Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxularaq, parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı - güllələyib.

Silahlı dəstənin başçısı, keçmişdə jurnalist, sabiq Daşnaksutyun üzvü, 34 yaşlı Nairi Hunanyan 1988-1990-cı illərdə tələbələr hərəkatı fəalı, "Qarabağ hərəkatının" ilk çağlarında gənc fəalların tətil və nümayişlərinin iştirakçısı olub.

Şahidlərin dediyinə görə, silahlılar dövlət çevrilişi baş tutduğunu elan ediblər. Hunanyan, o zaman Ermənistanda ən nüfuzlu şəxs hesab edilən baş nazir Vazqen Sarkisyanın üzünə: "Bəsdir qanımızı içdiyiniz", - qışqırıb. Sarkisyan: "Hər şey sənin və övladlarının gələcəyi üçün edilir", - deyə cavab verib. Bundan sonra, şahidlərin ifadəsinə görə, Hunanyan atəş açıb.

Daha sonra istintaq və məhkəmə prosesində verdiyi ifadələrdən gətirilən sitatlara görə, Nairi Hunanyan "1988-ci ildən milli hərəkatın episentrində" olaraq, hərəkatın "təhrif edildiyi" və nəticədə "ölkəmizin, xalqımızın inkişafının dayanmasının" şahidi olduğunu bildiribmiş.

"Mən düşünürdüm ki, ölkəmin və xalqımın çiçəklənməsi naminə silah götürüb, parlamentin hökumətlə birgə iclasında təzyiq vasitəsilə baş naziri istefa verdirib siyasətdən getməyə məcbur etməklə, ölkədə azad siyasi atmosferın formalaşması üçün imkan yaradaram", - Hunanyan deyib.

Image caption Karen Demirçyanın oğlu, millət vəkili Stepan Demirçyan deyir ki, "hər şey edilib ki, bu cinayətin üstü açılmasın"

Parlamentdə olan deputat və hökumət üzvlərini (bəzi məlumatlara görə, jurnalistlərlə birlikdə 91 nəfəri) girov saxlayan silahlı dəstənin xalqa və müxalif partiyalara "ölkənin azadlığı uğrunda mübarizəyə qatılın!" çağırışı cavabsız qaldı. Prezident aparatının rəhbəri və prezident Robert Koçaryanla danışıqlardan sonra, dəstə ertəsi gün silahı yerə qoyub təslim oldu.

Yerevanda keçirilən məhkəmənin 2 dekabr 2003-cü il tarixli hökmü ilə, silahlı dəstənin üzvləri vətənə xəyanət, terrorizm və qətl törətməkdə ittiham olundular. Nairi Hunanyan başda olmaqla, dəstənin 6 üzvü ömürlük, daha bir üzvü -14 il müddətinə həbsə məhkum edildi.

Rəsmi versiyaya görə, Nairi Hunanyanın qardaşı həbsxanada dəli olub, dəstənin iki üzvü intihar edib, biri isə hələ istintaq zamanı 2010-cu ildə "qəfildən ölüb".

Parlamentə basqın zamanı həlak olanların yaxınları istintaq və məhkəmə prosesini "qərəzlilikdə" ittiham etdilər. Onlar prezident Robert Koçaryanı terror aktı sifarişçilərinin aşkar edilməməsində günahlandırdılar.

Yerli mediaya əsasən o zaman iki ildən də az müddət ərzində prezident olan Robert Koçaryan, baş nazir Vazqen Sarkisyan və parlament sədri Karen Demirçyanın qətlindən sonra Ermənistanda "yeganə görkəmli siyasi fiqura çevrilir".

Dörd ilə yaxın davam edən istintaq və məhkəmə prosesi ona [Koçaryana] dövlət aparatı, oliqarxiya və orduda öz mövqelərini möhkəmlətmək üçün vaxt verdi.

Bu ehtimallar bu günədək təsdiqini tapmayıb, - REGNUM agentliyinin təhlilində qeyd edilir. - O zaman "təsəvvür etmək belə olmazdı ki, Ermənistan parlamentində terror aktının yekunları əsasında ən azı 17 il ərzində Ermənistan siyasətində ən iri simalar Robert Koçaryan və onun Qarabağ müharibəsi üzrə silahdaşı Serj Sarkisyan olacaq".

1999-cu il 27 oktyabrda öldürülən parlament sədri Karen Demirçyanın oğlu, millət vəkili Stepan Demirçyana əsasən "hər şey edilib ki, bu cinayətin üstü açılmasın".

"Sadəcə cinayətin üstünü açmaq istəməyiblər. Bu, ilk növbədə cinayət törədildiyi dövrdə hakimiyyət başında olanlara aiddir", - 27 oktyabr qurbanlarının xatirə mərasimi zamanı jurnalistlərə Stepan Demirçyan deyib.

Ermənistan Milli Məclisinin sədri, hakim Ermənistan Respublikaçılar Partiyasının təmsilçisi Qalust Sahakyan 17 il əvvəl parlamentdə baş verən faciəni "Ermənistan dövləti və bütün erməni xalqı üçün ağır və dəhşətli sınaq" kimi səciyyələndirir.

Cinayətin "tam açılmadığının səbəbləri" ilə bağlı jurnalistlərin sualına cavab verən Sahakyan bütün iştirakçıların həbs olunduğunu bildirib.

"İnanmıram ki, belə bir hadisəni ermənilər törətmiş olsun", - deyə, cənab Sahakyan silahlı qrupa "xaricdən dəstək" verilməsinə dair ehtimalların da istisna edilmədiyinə işarə edib.