Çeçenistan "əxlaq polisi" toylarda "nalayiq davranışa" qarşı mübarizə aparacaq

Qroznıda toy Fotonun müəllifi MAXIM SHEMETOV/Reuters/Alamy
Image caption Yeni evlənənlər və onların qonaqlarına hökumət nəzarət edəcək.

Çeçenistanda toy mərasimlərinə nəzarət edəcək rəsmilər "nalayiq davranış" hallarının qarşısnı alacaqlar. Mediada həmin rəsmiləri artıq "əxlaq polisi" adlandırmağa başlayıblar.

Mədəniyyət naziri vəzifəsini icra edən Xoj-Baudi Daayev ictimai yerlərdə keçirilən mərasimlərə "xüsusi işçi qrupları"nın baş çəkəcəyini bildirib.

Onun sözlərinə görə, şənliklər vaxtı "milli ədət ənənələrə zidd geyim və yaxud da oyun hərəkətlərini" müşahidə edən rəsmilər mərasimi dayandıra bilər, Chechen İnfo agentliyi xəbər verir.

Ötən il toy mərasimlərində arzu olunmayan hərəkət və davranışların siyahısı dərc olunub.

Hazırda mədəniyyət nazirliyi "nəzarət altından çıxan" toylarda "qabaqlayıcı addımların" tətbiqini təklif edir.

Çeçenistan lideri Ramzan Kadırov tez-tez "Qərb mədəniyyət idxalını" tənqid edir.

Son qərar alkoqollu içkiləri, şənliklərdə atəş açmağı, qəfil və yersiz rəqsləri, habelə bəylə gəlinin tort kəsmək ənənəsini çeçen mədəniyyətinə yad elan edir.

İndiyədək məhdudiyyətlərə çağırışlar nəticə verməyib və hətta sosial mediada lağa qoyulub.

"Hakimiyyət ictimaiyyətə nəzarəti artırmaq istəyir. Bundan sonra dəfn mərasimlərinə nəzarət edəcəklər?", kavkaz-uzel saytına Qroznı sakini bildirib.

Lakin mədəniyyət nazirliyinin qərarı ilə razılaşanlar da var. Onlardan biri "ənənəvi toyların diskoya" çevrildiyini deyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş