Gürcüstan MSK: seçkilərdə hakim partiya qalib gəlib

Gürcüstanda seçki Fotonun müəllifi ANADOLU AGENCY/ GETTY

Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin məlumatlara görə, hakim Gürcü Arzusu Partiyası 50 majoritar dairənin 49-da qalib gəlib.

Azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin mərkəzindəki məntəqələrdə keçirilmiş seçkinin də qalibi müəyyən olunub.

MSK-nın açıqladığı ilkin rəqəmlərə görə, Gürcü Arzusu Partiyasının namizədi Tamaz Naveriani seçicilərin 75.12 faizinin səsini toplayıb, onun müxalif Vahid Milli Hərəkatdan olan rəqibi Əhməd İmamquliyevin səs faizi isə 27. 85 faiz təşkil edib.

Əhməd İmamquliyev Gürcüstan mediasına verdiyi açıqlamasında Tamaz Naverianinin qələbəsinin legitim olmadığını deyib. Onun sözlərinə görə, hakimiyyət birinci turda olduğu kimi, bu dəfə də insanları qorxudub və nəticələri saxtalaşdırıb.

Seçkilərin gedişatında müxalifətdən olan namizədlər hakimiyyətin seçicilərə təzyiq etdiyini, dövlət orqanlarında çalışan insanlara öncədən işarələnmiş bülletenlərin verilməsi barədə məlumatlar verirdilər.

Gürcü Arzusu Partiyası yaydığı bəyanatda bunlarn həqiqəti əks etdirmədiyini və müxalif partiyanın ictimaiyyəti yanıltmaq cəhdi kimi qiymətləndirdiyini deyib.

Oktyabrın 8-də seçkilərin ilk turunda və oktyabrın 22-də keçirilmiş təkrar səsvermədə Əhməd İmamquliyev qalib olsa da, 50 faizlik həddi keçmədiyi üçün qələbəsi rəsmiləşməmişdi.

Oktyabrın 30-da Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilib. Azərbaycanlıların kompakt yaşadıqları Kvemo-Kartli regionunun Marneuli bələdiyyəsində hakim Gürcü Arzusu və müxalif Vahid Milli Hərəkatın namizədləri mübarizə aparıb.

Seçki "pozuntusu"

Mərkəzi Seçki Komissiyasının saat 20:00-a olan seçki aktivliyi 37.5 faiz olub.

Saat 17:00-da isə seçki aktivliyi 30.99 faiz təşkil edib və həmin vaxtadək MSK-ya 87 şikayət daxil olub, məlumatda deyilib.

Gürcüstanın Ədalətli seçkilər və Demokratiya üçün Beynəlxalq Cəmiyyət (İSFED) qeyri-hökümət təşkilatının məlumatına görə, ən çox seçki pozuntusu Marneulidə qeydə alınıb.

Marneulidəki 8 saylı məntəqədə səs vermiş vətəndaş yenidən məntəqəyə daxil olaraq, stolun üstündə çernel qabı və digər ləvazimatları Vahid Milli Hərəkatın nümayəndələrinin üstünə atıb, QHT bildirib.

Məlumata görə, 57 saylı seçki məntəqəsində qeydə alınmış müşahidəçilərdən biri seçici ilə kabinaya daxil olub və onun kimə səs verdiyini görüb, daha sonra bu barədə telefonla naməlum tərəfi məlumatlandırıb.

Həmçinin deyilir ki, 63 saylı seçki məntəqəsində komissiya üzvləri müşahidəçilərin çəkiliş aparmasına icazə verməyib və 2 saylı seçki məntəqəsində komissiya üzvlərindən biri öz vəzifə borcunu yerinə yetirməyib.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası yalnız Marneulidə 50-ci məntəqədə baş vermiş insidentə aydınlıq gətirib. Vahid Milli Hərəkatın nümayəndəsinin məlumatına görə, bu məntəqədə komissiya üzvü zərfləri açaraq hansı namizədə səs verdiyini öyrənir. Onun sözlərinə görə, MSK-ya məlumat verilib. MSK-nın mətbuat katibi Ana Mikeladze bu məlumatı təsdiqləməyib.

"Apardığımız araşdırma zamanı bu məsələ həllini tapmadı. Komissiya üzvü artıq səs verib çıxan vətəndaşa bülleteni zərfə qoymağı tapşırıb."

Mikeladze onu da əlavə edib ki, qanunu daha çox müxalifət partiyası pozub və bundan sonra onların nümayəndələri məntəqədən uzaqlaşdırılıb.

MSK başqa iddia edilən hallar barədə şərh verməyib.

Günorta saat 3-ə olan seçici fəallığı 25.3 faiz təşkil edib.

İkinci tur

Oktyabrın 8-də Marneulidəki seçki məntəqəsində hakim Gürcü Arzusu və Vahid Milli Hərəkat partiyalarının tərəfdarları arasında qarşıdurma baş verdiyindən MSK nəticələri ləğv edərək təkrar səsvermə təyin edib.

Həmin tarixdə keçirilmiş səsvermədə Gürcü Arzusu Partiyasının namizədi Tamaz Naveriani 43.41 faiz, onun rəqibi Vahid Milli Hərəkatın namizədi Əhməd İmamquliyev isə 47.91 faiz səs toplayıb. Namizədlərdən kimsə 50 faizlik həddi keçmədiyi üçün oktyabrın 22-də təkrar səsvermə təyin olunub. Bu zaman da qaliblər müəyyən olunmayıb.

Sabiq prezident Mixeil Saakaşvilinin həyat yoldaşı, ölkənin keçmiş birinci xanımı, Vahid Milli Hərəkatın üzvü Sanda Roelovs ikinci turda iştirakdan imtina edib. Azad demokratların lideri İrakli Alasaniya da eyni addımı atıb. Amma onların hər ikisinin adı seçki bülletenlərindədir.

Gürcüstan Mərkəzi Seçki Komissyasının məlumatına görə, təkrar seçkilər 2229 seçki məntəqəsində 50 majoritar dairədə keçirilir. İkinci turda səsvermə hüququ olan vətəndaşların sayı 2 milyon 478 min 42 nəfərdir. Həbsxanalarda isə 9 seçki məntəqəsi fəaliyyət göstərir.

İkinci turda iştirak edən ümumi namizədlərin sayı 100 nəfərdir. Hakim Gürcü Arzusu Partiyası 50 majoritar dairənin 49-da namizədini irəli sürüb. Müxalif Vahid Milli Hərəkatdan 45, Azad demokratlardan 1, Topadze-Sənayeçilərdən 1, 3 nəfər isə müstəqil namizəd kimi çıxış edir.

"Bəzi dairələrdə seçki kağızları erməni-gürcü, Azərbaycan-gürcü, erməni- gürcü- Azərbaycan dillərində çap olunub," Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

MSK-nın saat 12-yə olan məlumatına görə, seçici fəallığı 12.71 faizdir.

Gürcüstan parlamentində 150 millət vəkili təmsil olunur. Onlardan 77 nəfər proporsional-yəni partiya siyahısı ilə seçilir, 73 nəfər isə birmandatlı dairələrdə majoritar yolla təmsilçilik hüququ qazanır.

Əlaqəli mövzular

Bu barədə daha geniş